Dəmirçioğlu, Akif Səməd – Həmid Ormanlıdan iki yazı

Oxunma sayı:198

PİRİN ÜZÜNƏ GÜLSÜN, DƏMİRÇİOĞLU

Türkün çox dastanları var: Bilqamısından tutmuş, Dədə Qorquduna, Manasına, Koroğlusuna qədər… Hər bir dastanın da öz yaraşığı, öz qəhrəmanı, öz batmanı, öz gözəlliyi. Bu günümüzdə də elə kişilər yaşayır, gəlib-gedirlər ki, bir dastan yaradırlar. Belə dastanlardan birini rəssam, heykəltəraş, şair, sufi ömrü yaşamış bir ustad – öz ömrü, yaradıcılğı, şəxsiyyəti ilə bağlayıb bizə əmanət qoydu. Bu dastanın adı Dəmirçioğlu dastanıdır. Pirin üzünə gülsün, Dəmirçioğlu, dastan yaradan Kişi!
Saz-söz xiridarı olan, əhli-ürfan kişilərin xudmani bir məclisində var-gəl eləyən aşıq həqiqətdən oxuyurdu:

Sən haqsansa geri dön,
Meh ol, naləmdə gəl, gəz.
Durul göz yaşım kimi,
Şeh ol laləmdə gəl, gəz.
Mən hardayam, sən harda?
Yoxu axtarma varda,
Mən yoxam oralarda,
Ol bu aləmdə gəl, gəz.
Nədi, adam deyilən?
Adam döyən-döyülən.
Mən adam ha döyüləm,
Ruham, haləmdə gəl gəz.

Bu şeiri eşidənlərdən müəllifin ya Qaracaoğlan, ya Dədə Yunus, ya Dadaloğlu ola biləcəyini deyənlər olur. Ancaq yox, bu şeirlər ilkdir ki, Məmməd Dəmirçioğlu deyib. Dəmirçioğlunun poeziya dili belə möcüzədir, belə qənirsiz, belə gözəldir Belə baxanda da Dəmirçoğlunun gözəl olmayan nəyi var ki?
Dəmirçioğlunu tanımaq üçün ən azından o da vacibdir ki, Nəqşibəndilikdən məlumatlı olasan, Astanbəylidə meyxanaya, Qaymaqlıda qım-qımıya həsrətcəsinə qulaq verəsən. Hələ Kəmərlini demirəm… Dəmirçoğlunun özünə mürşid bildiyi Ağamalı Sadiq Əfəndinin həyat və yaradıcılığına bələdçiliyin olmalı, azca da olsa, sirli gəlib, sirli gedən Akif Səmədi biləsən.


Məmməd Dəmirçioğlunun poeziyasından danışarkən onu yetişdirən mühiti, ədəbi-ruhani iqlimi dəqiq təyin etməlisən. Ən azından bilməlisən ki, bu haradan gəlir. Axı, hər dağa belə qar yağmır, hər gülüstan belə gül bitirə bilmir, hər bağban belə bağ becərə bilmir. Bir də bəzən də elə bilirsən ki, sanki Dəmirçoğlu şair qələminin yerinə rəssam fırçasını götürüb. Siz bir təsvirə baxın…

Evinizin pəncərəsi bağçaya,
Pəncərə tək açılıbdı bağ çaya.
Məni sorsan, çıx bağçaya, bax çaya
Çayda batan çilik-çilik ay mənəm.
Yuyub getdi o dağların daşını,
Görəmmədim gözlərimin yaşını.
Bağçanızın ayağını, başını
Yarpız-yarpız öpüb gedən çay mənəm.
Qərib gecə ayrılığa yoldu, bax,
Qara-qara saçlarını yoldu bax,
Pəncərədən durna səsi doldu, bax,
Köçüb gedən qatarını say – mənəm.

Dəmirçioğlunun şeirlərini oxuduqca fikirləşirsən ki, bu şeirləri doğrudanmı müasir azərbaycanlı yazıb? Bax elə bu məqamda Dəmirçioğlu kimi heyrət doğuran duru və diri kişiləri yetirən gözəlim İncə Dərəsinə salavat düşür.
Dəmirçioğlu halal adamdı. Halal yaşamaq insanın nurunu və kamalını artırır. Onun halallığındandır ki, şeirlərindən hikmət doğulur, eşq hasil olur. Bir ulu karvan köçünə Düzülüb gələn eşqəm, eşq. Mövlanələr nəfəsindən Süzülüb gələn eşqəm, eşq. Sufilərə görə, onların ruhunu ifadə etməkdə insan dili zəifdir. Odur ki, onlar ruhun ifadə dilini şeirdə, musiqidə (əsasən sazda və neydə) və sənətdə tapırlar. Bu mənada, Dəmirçioğlunun bir arada həm şeir yazmağının, həm saz çalmağının, həm rəssamlığının, həm də heykəltaraşlığının ona hansı ehtiyacdan, haradan gəldiyi də hamımıza aydın olur.
Dəmirçioğlu haqdan, həqiqətdən, eşqdən, ilahi cazibədən könlünə enənləri yazır. Hansı ki, bunlardan qaçmaq istidən, soyuqdan, gecədən, gündüzdən qaçmaq kimidir. Haqqa qovuşmaq yolunda bu mövzuların şairə nə dərəcədə doğmalığı mürşüdlərimizin baş tacı olan Həllac Mansurun şəhərə çıxaraq haray çəkdiyi bir cümləni yadımıza salır: “Məni Allahın əlindən alın”.
Kimə suyam, kimə odam,
Kimə doğma, kimə yadam.
Ay halal söz, halal adam,
Sən hardasan, oram Qiblə.

Dəmirçioğluna görə, Tanrıya gedən yolda ən qısa, ən əsas məqam məhəbbət və onun son mərhələsi olan eşqdir. Dəmirçioğluna görə, eşq mərhələsinə yüksələn insan hər şeyi unudub yalnız Tanrını, haqqı arayır.
Göydən o yana uçdu,
Uçurduğum son nəfəs.
Göyün bu üzü bəlli,
O üzündə nə var bəs?

Sanki Tanrı alqışına uğramışdı Dəmirçoğlu. İpək səsi, yosma yerişi, üzünün suyu, antropaloji cizgiləri, haqdan dolu boxçası ilə… Özündən başqa heç kəsə bənzəmirdi. İçimizdən, çölümüzdən agah idi.
Dəmirçioğlu gözümüzdən uzaq olanda da könlümüzə yaxın olub. Gün kimi, ay kimi aydın adam idi. Saz-söz məclislərinin yaraşığı idi, dost məclislərimizin mərkəzində dayanırdı. Sözü şəkərlə kəsilərdi. El-obayla iç-içə yaşadı, el-obayla bütövləşdi. O, eldən güc aldığı kimi el-oba da onun adını tapınaq bilirdi, işığına isinirdi…
Ulu Tanrı mərhəmətini Ondan heç vaxt heç nədə əskik etməmişdi. Ocağına Daşqın kimi oğul qisməti verib. Başına pərvanə qızlar yetirib. Ömür-gün yoldaşı Zemfira xanım sanki Ayişə, Fatimə soyundandır. Kərəminə Şükürün Kərəmi çoxuydu Dəmirçoğluna.
Dəmirçoğlu təxəllüsünü Ona Ağamalı Sadiq Əfəndi yaraşdırmışdı. Bu təxəllüs Ona həm yaraşır həm Onu kökdə saxlayırdı. Dəmirçoğlu təxəllüsünü çoxları götürə bilər. Ancaq hər adda istisi gəlmir, işığı düşmür bu təxəllüsün… Gərəkdir ki, Tanrıdan rüsxətin ola. Bu gün nəvəsi Məmməd Məmməd Dəmirçioğlunun adını elə Tanrının rüsxəti, özünün də qeyrəti, ərdəmliyi ilə şərəflə daşıyır, yaşadır.
Bir ozan ömrü yaşadı Dəmirçioğlu. Qoy, Sirat körpüsündən Tanrı keçidini versin. Həsrətini yaşayırıq, həsrəti də doğmadır, həsrəti varlığından doğma oldu, həsrətində dəyərini daha dəqiq hiss edirik. Ona olan sevgimizin ucalığı da həsrətinin boyu qədərdir. Gözəlim İncə dərəsinin milli-mənəvi, ruhani iqlimində öz yeri var idi. Yalnız özünə məxsus yeri. Sanki Tanrı Onu bizim haqdan şirəli nəqşibəndiyyə torpaqlarına balaca mənada da olsa Mövlanalıq üçün göndərmişdi. Tanrı bunun üçün Ona bütün keyfiyyətləri səxavətlə vermişdi.
Təskinliyimiz bizi ayıran zamanın əslində bizi qovuşdurmasıdır. Bilirik qabaqda bizi gözləyəcək. Biz görüşəcəyik. Mütləq görüşəcəyik. Bizə deyiləsi sözü olmalıydı. Ulu Tanrı uğuruna çıxsın. Ulu Tanrı da sahibliyini göstərsin inşallah. Pirin üzünə gülsün Məmməd Dəmirçoğlu!

BÜTÖVLƏŞMİŞ TÜRK ŞAİRİ

Zirvədən enmədin, vətən,
Kədərə sinmədin, vətən
Sən gördün, dinmədin, vətən,
Səndə məni öldürdülər.

Deyən – kövrək səsli, şirin ləhcəli, incə ruhlu, pərişan könüllü, ağırtaxtalı, bütövləşmiş türk kişisi Akif Səməd yaşasaydı 55 yaşı tamam olacaqdı. Düz on il bundan öncə bu gidi dünyanın qapısını birdəfəlik çırpıb getdi Akif Səməd. Keçmişdən gəlmişdi, Adəm babamızın yadigarı idi.

Çox da yollar buz qarıymış,
Fələklər bizə yarıymış,
Bircə qarış yol varıymış
Adəmdən Akif Səmədə.

Bu dünyaya sözü olmadı, ürəkdən getdi, ürəynən getdi Akif Səməd. Getdi, getdi gələcəyə. Gələcəkdə gözləyəcək bizi. İndi oğul istəyirəm varsın o gələcəyə. Varsın da sofu suların salamını çatdırsın Akif Səmədə. Bir də aralı Təbrizin, yaralı Şuşanın… müjdəsini versin Ona.

Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi?
Kimə söyləyim dərdimi?
Şuşaya gedə bilmirəm.

Sağlığında özü gedə bilmədi Şuşaya, ruhu gedər, inşallah. O ruhu ki, artıq ona əbədilik verdi. O ruhu ki, artıq onu ram etmək mümkün deyil. O ruhu ki, bir göz qırpımında İncəni, Şuşanı, Borçalını, Təbrizi, Göyçəni, Dərbəndi, Kərkükü, Saxanı… dolaşmağa qadirdir. Ölümünü bilə-bilə yaşadı. Bir də göstərdi ki, “öləndə son dəfə gülmək necolur”. Çox yaşamağı yox, yaşamağı üstün bildi. Bəlkə elə bu səbəbdən də birinci boylandı qırxıncı qapıya. “Ölüm ömürdə bir olar” deyib ölənə kimi heç ölmədən gəldi, uca haqqın yolunda Nəsimi taleyinə də hazır oldu.

Nəsimi olmadım,
Nəsibim olmadı…


Onun haqqında söz demək çox çətindir. Cahilin dəlilik adlandıracağı, aqilin həsəd aparacağı bir ömür yaşadı. Fikrində zərgər idi. Ütülü geyinib, ütülü salamlar verib, qoruq-qaytaq daxilində ziyalılıq eləmədi. Azmı görmüşük su görəndə balıq, dağ görəndə keçi olanları. Haşa, min haşa indiki üzündən, heç kəsə irişmədi, qırışmadı, əyilmədi. Ona gör də əyilməz oldu, ucalaşdı, xocalaşdı Akif Səməd. Biləmmədik ozandımı, ocaqdımı, pirdimi?


Türkü sevdi, insanı sevdi. O, türkü sevmək məktəbiydi. “Nə mutlu türkəm deyənə” misrası sanki boyuna biçilmişdi. Akifi bilmək üçün Mövlananı, Yunusu, Füzulini, Dadloğlunu, Xətaini, Ələsgəri, Vaqifi, Vurğunu bilmək vacibdir. Akif onlardan yol almışdı. Akifi bilmək üçün ürəyindən keçirməlisən. Keçirsən biləcəksən böyük türkün sadəliyini və bu sadəliyin əzəmətli sufi qeyrətini.


Akif ruh adamıydı. O, möhtəşəm türk ruhunun varılmamış qatlarına vara bildi. Onun gizli kodlarını açdı. Sonra da şeirlərində bizə çatdırdı. O şeirlərində ki, türk olmasan, onları duymazsan, duymasan qavramazsan. O şeirlərində ki, onlar insanı paklaşdıra və ucalda bilir. Akifin elə şeirləri var ki, onlara hələ də vaqif ola bilmirik. Ancaq oxuduqca ruhun dincəlir, könlün rahatlıq tapır.

Kəskin mübahisələri kəsən dəmir məntiqi var idi. Yəqin ki, hamının yadında olar. Adı özündən qorxulu türkün ərgənəkon bayramı məhərrəmliklə üst-üstə düşəndə mollaların səməniyə qara bağlayaraq bayramsız keçinmək təklifinə Akif Səməd aşağıdakı şəkildə məntiqli və susdurucu cavab vermişdi: “Mən dindar deyiləm, dini hisslərə hörmət edən adamam. Xahiş və tələb edirəm, onlar da mənim bayramıma hörmət etsinlər. Yaşıl səmənimə qara bağlamaq fikrinə düşməsinlər. Onsuz da bacarmazlar. Dünya yaşıllaşır. Yer, göy, çöl, çəmən. Sizdə o qədər qara hardandı ki?”

Akif Səmədin fəhminin, mütaliəsinin, səmimiyyətinin, halallığının gücü ilə çatdığı nöqtələr vardı ki, hələm-hələm heç bir “mənəm” deyən nə şair çata bilib, nə siyasətçi. Heç kəs müasirimiz olan heç bir şairin Akif Səmədin halallığı ilə, qeyrətli vətəndaş mövqeyi ilə, millət sevgisi ilə, vətən sevgisi ilə müqayisədə üstünlüyündən danışa bilməz. Qarabağa da, hakimiyyətə də yol halallıqdan keçir deyirdi Akif Səməd. Etirazı olan varmı? Ölkədə cərəyan edən bütün hadisələrə anındaca açıq münasibətini sərgiləyirdi. Vətəni canından çox sevirdi. Təbrizdən, Şuşadan, Dərbənddən, Tiflisdən… Narahat getdi. Ancaq bizə – türk gəncliyinə umudlanırdı. Hərbi xidmətdə olanda mənə ünvanladığı məktubunda yazırdı: “Həmid bəy! İnan yaradanın birliyinə, mən özümdən (“mənəm-mənəm deyən Xuruşşov nəslindən”) də, bizim nəsildən də (qarğışa gəlmiş durğunluq və keçid dövrü nəsli) sonra gələn sizin nəsli (azadlıq, müstəqillik dövrü) çox sevirəm və umudluyam. Bizlər bacardığımızı etdik. Sizlər istədiyinizi edəcəksiniz. Nəsillər qarşı-qarşıya durmamalı, bir-birinin dayağı və davamı olmalıdırlar. Həmid, sənin qopub gəldiyin Borçalı da Azərbaycandır. Durduğun sərhəddən beş addım o yandakı Dəmirqapı Dərbənd də, yaralı Qarabağ da, aralı Təbriz də sizi gözləyir. Bu gün dünyanın diqqət mərkəzinə dönən Kərkük də. “Harda Kərkük gəlir yadıma, boğazlanan bir türk gəlir yadıma”. Və unutmayaq ki, bu böyüklükdə Azərbaycan çox böyük türk dünyasının ATA yurdudur. Baba yurd Doğu Türküstan da, Ana yurdu Türkiyə də, bala yurd Kıbrıs da sizlərə bel bağlayıb, Sizlərə güvənib ayağa qalxıb ayaqdadır. Tanrı bu yolda yar və yardımcı olsun. Əmin Akif SƏMƏD”.

Bir də Akif Səmədin mənə bir sözü qaldı. Bu gün mən həmin sözü mürşidin müridinə olan son tapşırığı kimi qəbul edirəm. Mütləq edəcəm. Ruhun şad olsun mürşidim, başın sağ olsun, millətim!

Həmid ORMANLI

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.