Ələmdar Cabbarlı. Yeni Şeirlər

Oxunma sayı:224

Ələmdar CABBARLI

***

Niyə bizdən üz döndərib –
Bəxt niyə bizi görmür?..
Fikrim sənin yanındadı –
Fikrim ev üz görmür.

Yolunda qalan gözümü,
Sıxan kimi sel tutur.
Dərdin səndən vəfalıdı –
Hər gün gəlib əl tutur.

Həsrət öldürdü məni,
Ay zalım, bir haya çıx.
Göz yaşım elə axır –
Tut ucundan, göyə çıx.

***

Bizi qovuşduran o ilk görüş də,
Yersiz inadın da yadımdan çıxıb.
Yoxluğun canımı elə dondurub –
İstin də, odun da yadımdan çıxıb.

Bilmirəm gerçəkdin, yoxsa xəyaldın
Sən məni nə təhər əlimdən aldın?!
Bilmirəm zəhərdin, bilmirəm baldın –
Tamın da, dadın da yadımdan çıxıb.

Tanıtma özünü rastına çıxsam,
Əl atıb qaldırma – qəm məni yıxsa.
Adını qızıma verərdim yoxsa –
Hayıf ki, adın da yadımdan çıxıb…

***

Nə ümid verirsən, nə də təsəlli
Nə də yapışmağa ətək qoyursan.
İçim sızıldayır bir ömür boyu –
Sinəmin altına pətək qoyursan.

Gəlib ürcah oldum sən dilbilməzə,
Mətləb anlamaza, qədirbilməzə.
Məni göndərirsən gedər-gəlməzə,
Amma ki, yoluma çörək qoyursan…

Nə gəlib çıxmadın, nə tək qoymadın,
Boy atsın bir arzu, dilək – qoymadın!
Ay zalım, sən məndə ürək qoymadın –
Bəs niyə şəklimə ürək qoyursan?..

***

Dedilər…
toyun olacaq,
Deyib qırdılar dizimi.
Üzünə örpək bağlama
Günah örtəcək üzünü.

Əl çəkmədin inadından
Gör gedib kimlərə uydun.
Özünü dağın başına –
Qanını qaşığa qoydun.

Aramıza kimlər girdi,
Bilsəydim qanın içərdim.
Bəxtimdə ağ gün tapsaydım –
Sənə gəlinlik biçərdim.

Başladığım bu oyuna
Hələ nöqtə qoymayacam.
Məni də çağır toyuna
Gəlib bir az oynayacam.

Əlindən tuta bilmərəm –
Kənardan, gendən oynayım.
Nazınla çox oynamışam –
Bir az da sənnən oynayım…

***

Neynək, gözləyərik yenə
Demisən sabah gələcəm.
Baxma inanmıram sənə,
Mən səndən qabaq gələcəm.

Bəzən-düzən, çıx bu yola
Sən heç kəsi sayma, gəl.
Axırı nə ola-ola
Məni darda qoyma – gəl!

Gün qaralsın, düşsün kölgə,
Mən gələcəm – sən də gəl.
Mən ölsəm gəlmədim bəlkə –
Amma sən ölsən də gəl!

Təqdim etdi: Tural Adışirin

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.