Qarabağ həsrətli sənətçi haqqında hekayə Özbəkistanda yayınlanıb

Oxunma sayı:172

Əkbər Qoşalının yazdığı “Həsrətoğlu (və ya Uçan tabut)” hekayəsi qardaş Özbə­kistanın nüfuzlu “Kitab Dünyası” qəzetində çap edilib. Hekayəni özbək­cəyə istedadlı özbək gənc yazarı Rəhmət Babacan çevirib.

Çoxtirajlı özbək qəzetində çap edilmiş və qəzetin sosial media hesablarında yayınlanmış hekayədə Qarabağdan məcburi köçkün bir soydaşımızın duyğu, düşüncəsi, fikir və hərəkətləri təsvir edilir. Cavan ömrünün eniş-yoxuşlarında özünəməxsus xarakterik özəlliklər qazanmış sənətçi soydaşımız keşməkeşli həyatının sonuna gəlincə, oxucu daha dramatik ovqata köklənir: paytaxt Bakının “Qaçqınlar qəbristanlığı”nda qəbir qazanlar, tabutun ora gətirilmədiyini, sanki hamının bir-birindən xəbərsiz bağlı olduğu vahid iradə sayəsində paytaxtdan uzaqlara – üzü Qa­rabağa yol adlığını fərq edir… Müəyyən vaxtdan sonra isə… ölən sənətçi özü öz tabutunu daşıyır sanki… sanki tabut qanad açır… Beləliklə, öz adı “unudulmuş”, yeni tanışlarının sadəcə “Həs­rətoğlu” deyə çağırdığı məcburi köçkün sənətçi, doğulduğu və uzun illər həsrətini çəkməkdən dərd tapdığı el-obaya qovuşmağa “gedir”… Hekayə bu sözlərlə bitir: “…Tabutdan xeyli arxada bir fəryad yüksəlirdi: “Tanrım, canını aldığın bir bəndən özü özü­nü Qarabağa aparır, onun yolunu özün aç, qəbrini özün qaz, bizi də özün bağışla”…”

Bu yarıyuxu, yarıgerçək ovqatlı hekayədə, acı həsrət və böyük istəyin toqquşması, üz-üzə gəlməsi, belə demək mümkünsə, universallaşması təzahür edir, bədii cəhətdən təcalla tapır.

Onu da eyək ki, 2001-ci ilin dekabrından bəri davamlı gün üzü görən “Kitab Dünyası” qəzetinin yönü “mənəvi-maarif, ədəbi-bədii, ictimai-siyası qəzet” olaraq təyin edilib. Özbəkistan  dövlət başçısı Şövkət Mirziyayevin “Kitabsız gələcək yoxdur” sözünü özünə şüar seçən qəzet, (şüarından və adından da göründüyü kimi) kitab təbliğatına, ümumən ədəbiyyat və sənətə geniş yer verir. Qəzetin baş redaktoru tanınmış özbək ədibi Xasiyyət Rüstəmdir.

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.