Bilirəm ayrılıq izləyir bizi – Adil Mirseyid

Oxunma sayı:94

***
Bir dəli şeytan deyir
Sən də at şeirin daşını
Çıx get qara Afrikaya
Rembo kimi qat başını.

Öpülməmiş bir qız tap
Bir də köndələn daxma
Heç kimə məktub yazma
Güzgülərə də baxma

Nə din, nə dil, nə də Vətən
Hamısı çıxsın yadından
Amma bir gün uçan yerdə
Vursunlar qanadından

Qar eskizi

Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır

…Qara çörək
Bəyaz pendir
Qırmızı çaxır

Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır

gecə yağışı

bir gecə oyandım yağış səsinə
bilmədim hardayam kiməm nəçiyəm
göylərdən qovulmuş mələyəm bəlkə
bəlkə də bir sərxoş meyxanəçiyəm

necə inanırdım bəxt ulduzuma
mən sözün sehrinə bel bağlayırdım
gecələr yuxuma girərdi allah
mən ona sirr verib sirr saxlayardım

nə tüfəng asılıb divardan nə saz
bəlkə öz ömrümü uydurmuşam mən
bəlkə yüz il əvvəl oynamalıydım
bəlkə bu yuxudan gec durmuşam mən

nə bir at kişnəyir nə köpək hürür
divar saatı da susub qorxuda
yüz il öncə yağan yağışın səsi
bu gecə oyadıb məni yuxudan

göylərdən qovulmuş mələyəm bəlkə
bəlkə də bir sərxoş meyxanəçiyəm
bir gecə oyandım yağış səsinə
bilmədim hardayam kiməm nəçiyəm

***
quşları yemləyirdim
daş oldu ovcumda dən
mən bir kor şairinəm
ilahi tut əlimdən

dua oxuyacaqdım
söz çıxmadı dilimdən
mən bir lal şairinəm
ilahi tut əlimdən

qərib könlüm neyləsin
ayrı düşüb elindən
qürbətdə boğuluram
ilahi tut əlimdən

gecə qatar uzaq yol

şəhərin son evləri
uzaqda qalıb indi
qatarın fit səsindən
yaz gecəsi diksindi

boylanıb aya baxdım
qatar pəncərəsindən
amma işıq gəlmirdi
göydən ay hücrəsindən

hardasa çay axırdı
hardasa it hürürdü
gözlərim oyaq idi
ruhum yuxu görürdü

könül boşla oyunu
get ölümə hazır ol
mən fatalist adamam
gecə qatar uzaq yol

ay sonatası

ay gedir mor dağlar ulduzlar qalır
ay gedir fanilər yalqızlar qalır
ay gedir çin olur yarımçıq yuxum
ay gedir oynayır bədəndə ruhum
ay gedir hürküb diksinir atım
ay gedir qırılır qolum qanadım
ay gedir sönərmi sönməzmi bilməm
ay gedir dönərmi dönməzmi bilməm

ay gedir bir söz çıxmır dilimdən
ay gedir ürəyim düşür əlimdən

qızım Ayan üçün nar çiçəkləri

mayın ortasında nar çiçəkləyir
içimdə dekabr qar çiçəkləyir
gözlərimdə hüzn üzümdə kölgə
belə bir axşamda öləcəm bəlkə

ağrıdan qıvrılır ürəkdə umud
bir nar çiçəyi ver bir əlçim bulud
yaramı sarıdım bir şeir yazdım
gördüyüm yuxunu xeyirə yozdum

al məni qoynuna dəniz küləyi
bir nar çiçəyidi şair ürəyi
mən başı bəlalı türk şairiyəm
hələ həyatdayam hələ diriyəm

mən hələ nəğməmi bitirməmişəm
hələ cənnətimi itirməmişəm
göy qübbəsində bir mələk uçur
qürbət mövsümündə nar çiçək açır

eşq günahı

sənin gözlərində eşq günahı var
bilirəm ayrılıq izləyir bizi
haralardan əsdi bu qara rüzgar
sanki bir fəlakət gözləyir bizi

bir yol ayrıcında üz üzə durduq
qarşıda uçurum arxada boşluq
biz gül yarpağında bir yuva qurduq
sevda dediyimiz gözəl sərxoşluq

nə durmusan bir hava çal çal aşıq
ürəyimiz parçalanır axşamlar
olum ölüm arasında qalmışıq
səsimizə hay vermədi adamlar

bu nə dərddi umud yoxdu sabaha
yandırdılar mənim isti yuvamı
dur bir ruhani çal ölürəm daha
qiyamətə saxlamışam davamı


atilla ilhanin xatirəsinə

tam da mənə görə payız axşamı
tam da mənə görə yağışlı şəhər
məndən üz döndərib şair ilhamı
tam da mənə görə kafe caz kədər
 
içimdə bir çocuq ölüb elə bil
hər halda heç kimə düşmən deyiləm
bura nə parisdi nə də istanbul
heç mən də atilla ilhan deyiləm
 
belə havları sevərdi şair
isti rom içərdi soyuq parisdə
çəkib aparardı onu bir şeir
sərsəri bir şeir dumanda sisdə
 
divar saatında on iki əlli
mavi çərçivədə mücərrəd rəsm
belə bir axşamda ölərəm bəlli
atilla deyincə qırılır səsim

Tədqim etdi: Tural Adışirin

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.