Bu adı yadda saxlayın: Xəqani KƏDƏR

Oxunma sayı:5204


(Xəqani Pənah oğlu Zeynalabdinov) – 1993-cü ildə Kəlbəcərdən Goranboyun Qaraçinar kəndinə məcburi köçkün olaraq gəlmiş ailədə dünyaya göz açıb. 1999-cu ildən doğmaları ilə birgə Şəmkirin Yuxarı Çaykənd kəndinə daşınıb. 2001-ci ildə Yuxarı Çaykənd orta məktəbinə daxil olub və 2011-ci ildə məktəbi bitirib. Ən çox sevdiyi fənn Ədəbiyyat olub; hələ şagirdkən şeirlər yazmağa başlayıb. Əsasən ozan-aşıq təfəkkürlü heca şeirləri yazır. Şeirlərində yurd həsrəti aparıcı xətt təşkil edir. Gənc şairin özünə KƏDƏR təxəllüsü götürməsi də, təsadüfi deyil...

YETİŞDİRİB

Başqa cür gəlibdir bu payız, bu il,

Bu payız, hər şeyi kəm yetişdirib.

Təkcə ürəyimin məhsulu boldu,

Ürəyim bolluca qəm yetişdirib.

Elə saralmışam, elə solmuşam,

Həsrətə, möhnətə düçar olmuşam,

Elə kövrəlmişəm, elə dolmuşam,

Gözüm ağlamağa nəm yetişdirib.

Neyləyim almıram kamı dünyadan,

Bezmişəm bu qəddar, cani dünyadan,

Xəqani, köçməyə fani dünyadan,

Bu dövran yaxşıca çəm yetişdirib.

DÜNYA

Yığdıqca dərdini yığdın üstümə,

Yaman yuxa gördün üzümü, dünya.

Qoymadın çatmağa, arzu-istəyə,

Bağladın yolumu-izimi, dünya.

Dinəndə başımı qəminlə qatdın,

Gözümün yaşından dərya yaratdın;

Hicran tonqalını sinəmdə çatdın,

Üfürdün odumu-közümü, dünya.

Hey qəmə bürüdün, qəhərə saldın,

Şərbətə çağırdın, zəhərə saldın;

Axırda dediyin təhərə saldın,

Gətirdin yerlərə dizimi, dünya.

Fikir Xəqanini yandırıb-yaxıb,

Ürəyim şam kimi əriyib, axıb;

Bir günə qoymusan, özüm də baxıb,

tanıya bilmirəm özümü, dünya.

QAYIDIM

Vaxtsız əcəl, bir anlığa ömür ver,

Gedim o dağları gəzim, qayıdım.

Ala gözlü bulaqlarda yuyunum,

Şehli bənövşəni üzüm, qayıdım.

Zirvələrin yağışına baxım mən,

Şimşək olub, qayasına çaxım mən;

Tərtər kimi sızıldayıb axım mən,

Vətən daşlarından süzüm, qayıdım.

Xəqani, yanırsan Vətən odunda,

Gör kimlər dayanıb Babək yurdunda!?

Şanlı tariximə mən öz adımda,

Silinməz bir imza yazım, qayıdım..!

SEVGİ

Danışma sevgidən yamandı-yaman,

İnsanı odlara atandı sevgi.

Silinməz varlıqdı bir ömür boyu,

Uyub, ürəklərdə yatandı sevgi.

Bəzən qəlbi açıb gülə döndərir,

Bəzən göz yaşını selə döndərir;

Bəzən də yandırıb külə döndərir,

Sevinci həsrətə qatandı sevgi.

Silinmir ürəkdən xatirələri,

Unutmaq olarmı sevən illəri? –

Bəzən həyatınnan alıb nələri,

Yaxşını yamana satandı sevgi.

Küsüb inciyirsən dolaşsa gendən,

Yandırır qəlbini sevdiyin gündən.

Xəqani, asılı deyil ki səndən,

Gizlicə qəlbində bitəndi sevgi.!

AY ZALIM

Sən gedəndən göyüm-göyüm göynüyür,

Ürəyimdə göynərtim var, ay zalım.

Çatmasam da, sevincinə ömürlük,

Həsrətində niyyətim var, ay zalım.

Yoxluğundan bezikmişəm, aman, oyy,

Qəlbim olub bir inləyən kaman, oyy..!

Yaman dərddi, yaman dərddi, yaman, oyy,

Bu kor baxta nifrətim var, ay zalım.

Xəqanini yaman günə qoyma, gəl,

Bağrım başın möhnətinlə oyma, gəl,

Belə vaxtsız ayrılığa qıyma, gəl,

Gözlərinlə ülfətim var, ay zalım.

YATIR

Mənim qucağımda doğma həsrətim,

Sənin qucağında özgələr yatır.

Mənim gözlərimdə dərdim, möhnətim,

Sənin gözlərində mürgülər yatır.

Sənin yatağında eşqin həvəsi,

Mənim yatağımda eşqimin nəsi…

Sənin yatağında körpə nəfəsi,

Mənim yatağımda bürkülər yatır.

Bax, belə yaşarıq, gülüm, bax, belə,

Qovrulur ağzımda dilim, bax, belə…

Sübhəcən gözümdə ölüm, bax, belə,

Mənə heyrətini görk elər… yatır.

Xəqani dərdilə solur hər gecə,

Xəyallar qoynuna alır hər gecə;

Kövrəlir, döyrükür, dolur hər gecə,

Bir ağlar-sızlayar, bir gülər… yatır…

AY NƏNƏ

O nurlu çöhrəndən qəm-kədər yağır,

Gözlərin bulud tək dolub, ay nənə.

Doğma ocağından bu ahıl yaşda,

Səni kim çöllərə salıb, ay nənə?

Düşmüsən nahaqdan bu qeylü-qala,

Qaçıb ayaqyalın çıxmısan yola;

Sığmaz yerə-göyə bu dərd, bu bəla,

Yer-göy də dərdindən solub, ay nənə.

Qazanın asılı, külün ocaqda,

Gəvən qurğu üstə, ipin boyaqda,

Ayranın nəhrədə, yunun daraqda,

Çörəyin təndirdə qalıb, ay nənə.

Neynədi Allaha yazıq, fağır el?

Yağı fitnəsindən oldu yağır el;

Səninlə birlikdə neçə ağır el,

Yurdundan didərgin olub, ay nənə.

Görəndə gözündə bu qəm-qübarı,

Artır Xəqaninin naleyi-zarı;

Yaman qərib olur, qərib məzarı,

Gedəcən qərib də… ölüb, ay nənə.

AY ALLAH

Gözümdə boranlı qışa çevrilib,

Bu güllü-çiçəkli yazım, ay Allah.

Taqətim tükənib, səbrim tükənib,

Qalmayıb həsrətə dözüm, ay Allah.

Yetib kədəriylə oynayır hər gün,

Sıxıb darda məni çeynəyir hər gün;

İnləyir, sızlayır, göynəyir hər gün,

O könül deyilən sazım, ay Allah.

Düzlərdə qalmışam düz həyatımnan,

Bu yanan-yaxılan köz həyatımnan;

Sən, söylə gəl, özüm, öz həyatımnan

nə qədər inciyim, bezim, ay Allah?

Yandım pərvanətək şəmin əlindən,

Gözüm cana doyub nəmin əlindən;

Gəl, al Xəqanini qəmin əlindən,

Sənə qurban olum, özüm, ay Allah.

ÖMRÜMÜN

Kədərin, möhnətin, qəmin əlində,

Verdim bir ilin də bada ömrümün.

Yanmamış bir günü olmadı, Allah,

alova ömrümün, oda ömrümün…

Günlər bir-birindən qəhərli keçdi,

Mənə qəm bitirdi, bəhərli keçdi;

Qismətim ağzıma zəhərli keçdi,

Dili həsrət oldu dada ömrümün.

Fələk yaranandan baxıb göz əydi,

Təqsiri, günahı bilmədi, nəydi?

Toxundu, daşlardan-daşlara dəydi,

Hey gəzdi başında qada ömrümün.

Xəqani, qəlbimi qırıb yaşadım,

Hər anı həsrətnən hörüb, yaşadım.

Ölümü gözümlə görüb yaşadım,

Düşdükcə dərdləri yada ömrümün…

BİR GÜN

Nə yaman gülürsən qəmli  günümə?

Səni bu gülüşün yıxacaq bir gün.

Kimsən olmayacaq dərdi böləsən,

Göz yaşın qəlbinə axacaq bir gün.

Səni zulumlara salacaq yarın,

Ahu-zar olacaq hər ilk baharın;

Bu dönük peymanın, dönük ilqarın,

Unutma, qarşına çıxacaq bir gün..!

Neçə daş ürəyi dağladan fələk,

Bağlanmaz qapılar bağladan fələk,

Məni dara çəkib ağladan fələk,

Səni də yandırıb-yaxacaq bir gün.

Ürəyin darıxıb bələng olacan,

Hər an saralacan, hər an solacan;

Yetib kövrələcən, yetib dolacan,

Qəm-kədər qəlbini sıxacaq bir gün.

Mənimtək kədərdən talan gününə,

Nigaran, narahat qalan gününə…

Şöhrətdən peşiman olan gününə,

Xəqani uzaqdan baxacaq bir gün…

SEVƏSƏN MƏNİ

Kaş qulaq asaydım sözünə sənin,

Mənim nəyim var ki, sevəsən məni..?

Kaş heç “sev” deməzdim, üzünə sənin,

Mənim nəyim var ki, sevəsən məni..?

Mənim çil-çıraqlı bir məkanım yox,

Dəmdə xumarlanan fərli canım yox;

Mənim şöhrətim yox, mənim şanım yox,

Mənim nəyim var ki, sevəsən məni..?

Məndə nə var axı gərəkdən özgə,

Halal duzdan özgə, çörəkdən özgə..?

Bir saf məhəbbətdən, ürəkdən özgə,

Mənim nəyim var ki sevəsən məni..?

Mənim nə bəzəyim nə də bərim var,

Mənim nə qızılım, nə də zərim var;

Get mənim dərdim var, mənim sərim var,

Mənim nəyim var ki, sevəsən məni..?            

Var yoxsa, məhəbbət sayılmır axı,

Köçüb hər ürəkdə duyulmur axı;

Məhəbbət insanı doyurmur axı,

Mənim nəyim var ki, sevəsən məni..?

Yox mənim gövhərim, yox mənim ləlim,

Bir sınan qələmdi, bir əsən əlim;

Sevmə Xəqanini, sevmə, gözəlim,

Mənim nəyim var ki, sevəsən məni.!?

TANIMADINMI?

Ay məni görəndə yad kimi baxan,

Heç məni üzümdən tanımadınmı?

Bu odlu-alovlu baxışlarımdan,

Bu qəmli gözümdən tanımadınmı?

Gəl, ayrıl bircə yol sevinc dəmindən,

Gör bir nələr çəkdim yar sitəmindən..?

Tutarım qalmayıb dərdi-qəmindən,

Bu bitən dözümdən tanımadınmı?

Eşqindən saralan o çəmən mənəm,

Qəmdən şirə çəkib, hey əmən mənəm;

Sən o sən deyilsən, mən həmən mənəm,

Sən məni özümdən tanımadınmı..?

Həmən Xəqaniyəm, həmən, ay zalım,

Sənin üstündədi tamam xəyalım;

Dərdindən yanıram, yamandı halım,

Odumdan-közümdən tanımadınmı?

ARZULAR

Siz necə gözəlsiz, necə şirinsiz,

Yığılıb könlümə dolan arzular.

Məcnuna döndərib Leyli sayağı,

Məni səhralara salan arzular.

Yandınız qəlbimdə amandan, ündən,

Taleyim sizinlə dolandı gendən;

Vüsala çatmamış hey günü-gündən,

Saralan arzular, solan arzular…

Bu qan yaş axıdan gözə neyniyim,

Sinəmdə alışan közə neyniyim?

Yetişə bilmədim sizə, neyniyim,

Ay mənim gözümdə qalan arzular…

Xəqaniyəm, oldum daha gərəksiz,

Bir ömür yaşadım peşman, ürəksiz;

Sevincsiz, istəksiz, eşqsiz, fərəhsiz,

Vallah talan oldum, talan, arzular..!

QAYITMA GERİ

Təzə öyrənirəm sənsizliyimə,

Qayıtma, nə olar, qayıtma geri.

Birtəhər ovudur xəyalın məni,

Qayıtma, nə olar, qayıtma geri.

Sən görən çiçəkli yazım qalmayıb,

Kül oldum, yanmağa közüm qalmayıb;

Daha ürəyimdə dözüm qalmayıb,

Qayıtma, nə olar, qayıtma geri.

Qayıtsan, özünü dana bilərsən,

Neçə qəm-qüssəni ana bilərsən;

Qayıtsan, alışıb yana bilərsən,

Qayıtma, nə olar, qayıtma geri.

Bu sevda yolları boranlı qarsa,

Arzunun, istəyin qulağı karsa,

Hamının bu eşqə qəzəbi varsa,

Qayıtma, nə olar, qayıtma geri.

Bu əzab yükünü götür birtəhər,

Bir sevgi pöhrəsi bitir, birtəhər;

İtir Xəqanini, itir, birtəhər,

Qayıtma, nə olar, qayıtma geri…

GEDİR

At dərdi, çəkmə, qəlbim!

Talanan səndən gedir.

Beşcə günlük həyat var,

Nə yüzdən, mindən gedir.

Dözginən darda əsmə,

Bacar səbrini kəsmə.

Gələcəyə tələsmə,

Ömürdən-gündən gedir.

Yersiz atılma oda,

Xəqanini sal yada;

Şər düşünmə dünyada,

İmandan-dindən gedir.

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.