Ana səhifə YENİLİKLƏR “YUĞ” festivalda dörd tamaşa ilə iştirak edəcək

“YUĞ” festivalda dörd tamaşa ilə iştirak edəcək

Müəllif: Bizim Yazı
848 baxış

Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Teatr Xadimləri İttifaqının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi ustad rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olun “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalında dörd tamaşa ilə iştirak edəcək.

Festivalın açılışı YUĞ Teatrında baş tutacaq. Belə ki, mart ayının 1-ində saat 14.00-da YUĞ Dövlət Teatrının səhnəsində (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında) festivalın açılış mərasimi keçiriləcək. Açılışdan sonra A.B.Kasaresin “Qəbir qazma üsulu” əsəri əsasında Gümrah Ömərin quruluş verdiyi tamaşada Əməkdar artistlər Sonaxanım Mikayılova, Vidadi Həsənov, aktyorlar Oqtay Mehtiyev və Mətanət Abbaslı çıxış edirlər. “Mənəviyyatlı insan qarşısına çıxan hər hansı bir problemi cinayət yolu ilə həll etməyə cəhd göstərirsə, o məhvə məhkumdur” ideyasını aktuallaşdıran tamaşanın məzmunu belədir: İki gənc bir-birini sevir, bir yerdə yaşayır, ailə qurur və öz işlərini qurmağa çalışırlar. İstəyirlər ki, arzuladıları bu iş gözdən-könüldən uzaq olan bir yerdə qurulsun. Orada yaşasınlar, orada iş qursunlar, bütün həyatlarını ora ilə bağlasınlar. Nəhayət, belə bir yerə rast gəlirlər. Ev alırlar, kafe açmaq üçün ideal bir yer seçirlər, lakin maddi çətinliklə üzləşirlər. Və bu zaman xeyirxah bir cənabla tanış olurlar. Bu cənab onu da işə qoşacaqları təqdirdə gənclərə əlmuzdu pul verməyə razılaşır.
Beləliklə, kafeni açırlar, işləyirlər, amma təəssüflər olsun ki, kafeyə müştəri gəlmir. Anlayırlar ki, üst-üstə yığılmış bu qədər borcu heç vaxt qaytara bilməyəcəklər. Günü-gündən üstlərinə borc yığılır, amma şəhərdən gələn təklifləri rədd edirlər, şəhərə qayıtmaq istəmirlər. Çünki onlar gənc idilər, çılğın idilər, bir-birilərini sevirdilər.

Beləcə, bir gün çantası pulla dolu olan mələk qismində bir Qadın onları sınağa çəkmək məqsədi ilə qarşılarına çıxır. Onlar bu qadını qətlə yetirərək, cinayət törədirlər. Bu cinayətdən yeni cinayətlər doğur. Gənclər isə günahlarını yumaq üçün heç bir addım atmırlar. Məlum olur ki, üst-üstə yığılan bu cinayətlər onların sağlam ailələrinə zərbə vurur və fiziki həyatlarının məhvinə gətirib çıxarırır”.

Elə həmin gün saat 18.00-da festival iştrirakçıları YUĞ Teatrının daha bir tamaşasını izləyə biləcəklər. Saat 18.00-da nümayiş olunacaq tamaşanın “Metamorfoza” tamaşasının quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. S.Haqverdiyevanın əsərləri əsasında hazırlanan səhnə əsərində Zümrüd Qasımova, Oqtay Mehtiyev və Elgün Həmidov çıxış edirlər. Üç naməlum şəxs düşdükləri şəraitdə islah olmaq üçün “özlərini kənardan görməyi” oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün uşaqlaşırlar.  

Festivalın ikinci günü də YUĞ Teatrının tamaşaları oynanılacaq. Belə ki, mart ayının 2-də saat 14.00 – V.Klimin “Medeya teatrı” pyesi əsasında Mikayıl Mikayılovun hazırladığı “Medeya. Sekvensiya – 01” –tamaşası nümayiş olunacaq. Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edirlər. Apokrifik etiraf janrında hazırlanan tamaşanın quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır. Aktyorun zamanla münasibətləri haqqında poetik pritça olan tamaşanın məzmunu belədir: ömrü boyu Medeyanı oynamaq arzusunda olan yaşlı aktrisa, teatrın iş günü olmayan vaxtında, boş teatrda öz arzusunu gerçəkləşdirmək cəhdində bulunur. Tamaşa Medeyanı oynamağa cəhd eləyən iki aktrisa arasında  olan dialoq üzərində qurulub: biri – uşaqlarını öldürməmişdən öncə, o biri – öldürdükdən sonra. Yuğ Teatrının festivala təqdim etdiyi sonuncu tamaşa 2 mart saat 18.00-da oynanılacaq “Quş dili” tamaşasıdır. Təranə Vahidin əsəri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan tamaşada Qasım Nağı, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva, Elgün Həmidov və İlahə Məmmədzadə çıxış edir. Səhnə əsərinin quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Tamaşada cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrail gəlir. Əzrailin gəlişi həmişə hadisədir. Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz – külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir. Səhnə əsərində qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən. Aşkar sınağın mükafatı isə gizli gələr həmişə. Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisi ilə sınanacaq. Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var”.  

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.