Ana səhifə YENİLİKLƏR “YAZARLARIN YAZMADIQLARI”

“YAZARLARIN YAZMADIQLARI”

Müəllif: Bizim Yazı
572 baxış

“YAZARLARIN YAZMADIQLARI”

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri gün üzü görüb. Bu, “Vektor” Nəşrlər Evi ilə əməkdaşlıq ortamında hazırlanmış “Yazarların yazmadıqları” kitabıdır (Bakı, “VEKTOR” – 2019; 132 səhifə).

Kitab DGTYB Məclisinin üzvü, “Gənclər mükafatı” laureatı Şəfa Vəli və ADAU-nun doktorantı İlham Ələkbərlinin tərtibçiliyi, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və Binəqədi rayon, 28 may qəsəbə orta məktəbinin dil-ədəbiyyat müəllimi Sərdar Şirvanın redak­toruğu ilə hazırlanıb. Nəşrin rəyçiləri isə prof.dr. Elçin İsgən­dər­zadə, Əli Kərim adına Poeziya Klubunun direktoru İbrahim İl­yaslı və AMEA NİZAMİ adına Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi Gülnar Səmadır.

“Yazarların yazmadıqları”nda ən yeni nəsil Azərbaycan yazar­larının ( -Anar Gülümsoy, Çinarə Ömray, El­məd­din Nicat, Elşən Əzim, Faiq Hüseynbəyli, Fuad Cəfərli, Habil Rzanur, Rauf Qərib Alagöz, Şahanə Müşfiq, Şəmil Sadiq, Ulucay Akif, Vəfa Mürsəlqızı, Vüsal Oğuz və başqalarının – çoxu gənc olmaqla, toplam 33 yazarın) rastlaşdığı, başına gələn yaxud iştirakçısı olduğu maraqlı hadisələr yer alıb. Bu nəşr bir növ, 1979-cu ildə Kamran Dadaşovun tərtibçiliyi ilə gün üzü görən “Azərbaycan yazı­çı­larının həyatından dəqiqələr” kitabının varisi sayıla bilər.

Gələcəkdə nəşrin növbəti cildlərinin hazırlanması da nəzərdə tutulub.

***

Tərtibçilərin nəşrə yazdığı önsözü oxuculara təqdim edirik:

Tərtibçisi olduğumuz “Yazarların yazmadıqları” toplusu DGTYB-nin növbəti maraqlı layihələrindən biridir və bunun günümüz Azərbaycan ədəbiyyatında bir ilk olduğunu qürurla vurğulayırıq. Layihəni Kamran Dadaşovun tərtibçiliyi ilə 1979 -cu ildə (bu kitabda hekayəsi keçən yazarların bir ço­xunun hələ doğulmadığı ildə) işıq üzü görən “Azərbaycan ya­zı­çı­larının həyatından dəqiqələr” kitabının mənəvi varisi say­maq olar.

Oxucuların tək bir misrasına, bir hekayəsinə görə sevdiyi, hətta, özünə kumir hesab etdiyi qələm adamlarının həyatının pərdəarxası çox zaman elə qırmızı pərdənin arxasında da  qalır; amma, həyat elə həyatdır… Baş verən, yaşanan nə varsa, hamısı, Astrid Lindgrenin ünlü qəhrəmanının sözləri ilə desək, “adi yaşam hadisəsidir”. Örnəyi, “axır gedib bir yar sevdi, adı Dünyadı, Dünya”, yaxud “Dindən əvvəl sevgi özü din idi” kimi misraları oxuduqca  insan bir anda dörd fəsli yaşaya bilir… Di gəl, bu misraların müəllifinin tədbirə gecikdiyi bir vaxtda başına gələnlər onun ikicə misrasının əlində “əsir-yesir” olan oxucuya necə təsir edəcək? Bax, bu, maraqlı məqamdır…

Yəni, bu kitabı oxucular birmənalı qarşılamaya bilər; ki­misi maraqla oxuyar, masaüstü kitabına çevirər; kimisi gülər; kimisi də, sadəcə, bir dəfə oxuyub kitab rəfinə qoyar və bir daha açmaz… Bu da “adi yaşam hadisəsidir”…

Biz yalnız bir şeyə əminik: oxucular kitabda adıkeçən hər bir müəllifin, özəlliklə də, gənc yazarların səmimiliyinə şübhə et­məyəcək. Oxucular biləcək ki, bu ruh adamları da hardasa yanıla bilir, onların da yumor hissi var, ən əsası da, onlar çıxılmaz an­larda problemlərin üzünə gülməyi bacarır.

Ədəbiyyat həyatı bədii vasitələrlə ifadə etmək rolundan çı­xış edir; lakin, onun özü də nə iləsə ifadə olunmalıdır axı… Bir baxışla, bir jestlə, bəzən bir kiçik hərəkətlə… Ədəbiyyatın ya­ran­dığı hər yer həyatdır, dolayısı ilə həyatın hər bir gu­şəsində ədəbiyyat yaranır. Elə bu kitab kimi… İnsan hə­yatının bir günü, bir sevinci, bir təbəssümü, bəzən də bir faciəsi ədəbiyyat de­yilmi?!

Bu gün əlimizdə-ovcumuzda yığıb-yığışdırmağa çalış­dı­ğı­mız xatirələrimiz, nimdaş yaşanmışlarla həmahəng həmi­şəyaşıl anı­la­rımız qalıb. Hər birimiz ədəbiyyat naminə yaşayır, yaşam naminə ədəbiyyat yaradırkən sol yanımızdan keçib gedən yol­çunu sa­lam­lamaq da, vida etmək də bəzən yaddan çıxır… Bax, o yolçu bizi var edən hisslərimizdir-bizimdir!

Bir də ümid var ovcumuzda… Nə vaxtsa elə bu kitabda yer alan gənclər üçün tərtib etdiyimiz kitab həyat tarixçələrinin bir parçası olacaq… (Əlbəttə, yalnız bu ümidlə yetinmək istəmirik.)

DGTYB-nin növbəti maraqlı və qeyri-adi layihələrində görüşmək ümidilə, sayın oxucular!

Kitablı günlər köməyiniz olsun!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.