İşıq saçlım…

Kayrat Duysenov Parman –

şair, bəstəçi, tərcüməçi, esseist, jurnalist və ictimai xadim.

O, 7 yanvar 1964-cü ildə Qazaxıstanın Güney bölgəsində, Kazıqurt elinin Kokibel kəndində doğulub. Şeirləri bir çox dünya ədəbi antolojilərində dərc edilib. Doğma qazax dilində şeir kitabları gün üzü görüb. Qazaxıstanda Dünya Millətləri Yazarlar Birliyinin qurucusu və prezidenti, Qazaxıstan Respublikası Jurnalistlər Birliyinin, Uluslararası Yazıçılar Birliyinin, İtaliyada Dünya Şeir Birliyi və Belçikada IWA BOGDANI Uluslararası Yazıçılar Birliyinin üzvüdür. 2016-cı ildə humanitar elmlər üzrə professor seçilib və BMT-nin medalı ilə təltif edilib, həmçinin Sülh Missiyası elçisi olub. Dr. Kayrat Duysenov Ümumdünya Yazıçılar Birliyinin “Dünya Ədəbi və Mədəni Əməkdaşlığına xidmətlərinə görə” gümüş medalı ilə təltif edilib. 27 noyabr 2017-ci ildə Uluslararası Yazıçılar Birliyinin “İVA BOQDANİ” ödülünə layiq görülüb. Ədibin şeirlərinin bir çoxu ingilis, italyan, ispan, ərəb, vyetnam, çin dillərinə çevrilib.

AH, QƏLƏM

Yazıram və axtarıram

Kainatın hər qarışında nəyisə.

Bəlkə də qələmimlə mürəkkəb korlayıram,

Hikmətim içdən “yox” deyir;

Səhərdən axşama qədər çəkdiyim zəhmətin haqqı

ödənməyəcək, bilirəm.

Arı kimi işləsəm də.

Düşünürəm, görən tənbəl olmalıyam?

İçimdəki mən “yox” deyir.

Bəli, bir vaxt

İşimizə dəyər verdi hökümət,

Nə yazdıqsa aldı qiymət,

İstədiyimiz tək qazanmasaq da,

Azdan, çoxdan gördük diqqət.

Daha sevinə bilmirik

Hər şey yoxa çıxdı deyə.

Mənim peşəm qəzetçilik,

Məqalələr yazırdım.

Bütün həvəsimlə qəlbən çalışıb

Gün-güzaran qurmağa da hazırdım.

Elə ki, müstəqil olduq,

Daha əvvəlki kimi güclü yaza bilmədim.

Amma yenə də yazmaq

Bir xəstəlik kimidir,

Yazmadan qala bilmirəm.

Maaşsız olanda belə

Qələmi əlimdən ala bilmirəm.

Mən alqı-satqı bilmirəm,

Başqa işdə təcrübəm yox.

Hələ də yol gedirəm

arzuların dalınca.

Ah, qələmim!

Mənimçün Allahın bəxşişisən,

Var-dövlət gətirməsən də,

Yenə mənə müqəddəssən.

Geyimim köhnəlsə də, günlərlə ac qalsam da,

Yenə sənlə olacağam əbədi.

Çünki səni Allah mənə

Qürurum kimi göndərib.

O KASA SƏNİ GÖZLƏYİR

Sanıram ki, gələcəksən,

Ən çox gözlədiyim qonağım kimi.

Sən gələn yollara baxdım

Uzun zaman,

Amma sən tənbəlsən yaman

vaxtında gələ bilməzsən.

Elə sandım ki, kimsə qapını döydü indi,

Səni gözləməkdən ruhum tükəndi,

Yuxusuz qalmaqdan rəngim də solub.

Dan yeri söküləndə az qalırdı bayılım.

Neyləyim, səni daha çox gözləyə bilmirəm,

Axı mənə yaxınsan,

Uzun illər əvvəl ölən anam kimi,

Ah! O bir də kasada çay içməyəcək, heyif!

Çiçək naxışları ilə bəzədilmiş kasada.

Və indi də sənin üçün hazır qoyduğum kasa,

Boş otaqda sükütla səni gözləyir masada.

QIZIM

Brilyantım!

Ömrümə yay aydınlığı qatanım,

Məsumluğun məni heyrətdə qoydu.

Səni tərk etdim, qızım, 

başqa seçimim yox deyə,

Ya da ki, Tanrının yazısı buydu.

Sən mənim mükafatım, ay kimi şəfəqlim,

İşıq saçlımsan.

Səni elə sevirəm, qəlbimdə axtarıram,

Görəndə əhvalım elə yüksəlir,

Nə sıxıntım varsa, bitdi sanıram.

Qızım!

Səni görəndə elə sakitləşirəm,

Sanıram bəyaz, zərif pambıq tək yumşalıram,

Sən mənim günəşimsən, aydınladan, isidən.

Dünən gecə gəlib gülümsəyəndə,

Saçımı oxşayıb: “Ata” deyəndə,

Ruhum təzələndi, gücləndi qəlbim,

Boynuma sarılıb bütün gücünlə,

Sevincinlə məni xoşbəxt edəndə

Sandım  ki, mənimdi dünyanın varı,

Tanrıya şükür, sən atmadın atanı barı.

Bəli, bu yuxu idi, mənim arzuladığım,

Qəlbim həyəcanlıdı, nə sıxıntıdan keçdim.

Əhvalım melanxolik…

İndi fikrim qarışıq, yeganə bir təsəllim:

Qızım üçün başlayan mənsizlik gerçək.

Məni anasından artıq anlasın deyə,

Həyatın ciddiyyətindən və şanslarından keçəcək.

Azərbaycan dilinə Təranə Turan Rəhimli çevirdi

Oxunma sayı: 365

Leave a Reply