“Yazıram ki, unutmayım kim olduğumu!”

Oxunma sayı:1497

ADİLƏ NƏZƏR,
filologiya üzrə fəlsəfə doktoru

Dünya Gənc Türk Yazarlar Birliyinin yeni nəşri olan “MƏNİM RƏFİQİM APREL” adlı şeirlər toplusu ilə tanış oldum. Bu, şairin öz duyğular toplusu olmaqla yanaşı, onun dünyagörüşü və yazıldığı dövrün sosial, mədəni və siyasi yaşamı haqqında bir bilgi kitabçasıdır. – Daha dəqiq desək, şairlər – dövrünün nəbzi, şeirlər isə güzgüsüdür. Elə buna görə də, “ədəbiyyat ən doğru tarixdir” deyirlər.
Əgər şeirləri bir içim suya bənzətsək, o zaman kitab su içdiyimiz qabdır… Suyu içdikdən sonra qabını qırmadığımız kimi, şeirləri oxuyandan sonra da kitabın dəyərini vermək gərəkdir. Natalya xanım Xarlampyevanın “Mənim rəfiqim aprel” adlı şeirlər toplusunu oxuduqca şairin könül bağçasına ən gözəl duyğu ortağı oldum. Şair nə qədər “Mən atəşəm! Məni anlamağa çalışmayın! Mənim ruhum alovun tüstüsü kimidir…” desə də, mən yenə də onu anlamağa çalışdım və anladığımı düşünürəm.
Poeziyanın tarix boyu bəzən siyasətlə iç-içə, bəzən siyasətin qarşısında, bəzən də öz məcrasında lirik duyğu axarında davam etdiyi bir həqiqətdir. Natalya xanımın şeirlərində soykökünə bağlılıq, türklüyü səciyyələndirən özəlliklər zamanın və məkanın sərt sınırlarını qırıb keçir.

Mən də ulu türkün bir parçasıyam –
Kökləri dərindən-dərin,
Qızılı bayrağında boz qurd,
Kül Tigin dövrünün varisi.
Hansı uğursuzluğun əliylə
Quzeyə üz tutdu babam.
Quzeydə məskən saldı…
Səhralarda qumların sehr dolu pıçıltısı,
Aralın parlaq suyu,
Düzlərin sarı üfüqü,
Qızıl dəvələrin qəmli gözləri
uzaqlarda qaldı…
Mən də ulu türkün bir parçasıyam –
Canımda, qanımda duyuram bunu.
Hikmətini duyuram daşüstü yazıların,
Elmlərin qüdrətini
Yaddaşıma yazıram mən.
Yazıram ki, unutmayım kim olduğumu!

Yalnız bir şeir deyil, kitabdakı şeirlərin oxu şairin yaşadığı milli hisslərin təzahürü olaraq tarixi, mədəni, sosial və siyasi bir mətn kimi oxucuya təqdim olunur.
Natalya xanımın şeirlərində elə apriori fikirlər var ki, oxucu onları qeyd-şərtsiz qəbul edir, bəlkə də buna görə ki, o, fikirlərində çox vaxt ədəbi-tarixi inanclarımıza əsaslanaraq oxucunu ovsunlaya bilir. Qızına nəsihət olaraq yazdığı “Ana dilinə inan” şeirində oxuyuruq:

Hər hansı bir dildə danışmaq öyrən:
Danış böyük Puşkin yazdığı dildə.
Bacarsan Şekspirin dilində danış.
Sən anlat özünü hər hansı dildə.
…Eşqə, xoşbəxtliyə və həqiqətə,
Saxa dilinə inan!
Həyatda öz yoluna
Ana dilin ilə var!

Oxucu ən azad günündə belə bu misralara həbs ola bilər. Şairin “Şaman qadının türküsü”nü ixtisarla da oxuduqda bir haray təsiri bağışlayır. O haray ki, dağınıq düşüncəli, qarışıq niyyətli, gələcəyi olmayanlara tapınmış, boş maraqlara uyub milli kimliyini unudan yeni nəsil gənclərini doğru yola dəvət edir. Onları – “aralıq dünyanın sakinlərini”aydın, tərtəmiz göyüzündən keçirərək işıqlı ruhların arxasınca Tanrı dərgahına – haqq yoluna səsləyir.
Natalya Xarlampyevanın şeirləri ilk anda oxucuya, şəxsə aid ovqatdan doğan duyğuların poetik təqdimatı təsiri bağışlaya bilər, amma dərindən düşünəndə görürsən ki, o şeirlərin çoxu bir türk qızının qəlbindən və zəkasından süzülüb gələn və əslində sərt həyat həqiqətlərini əks etdirən mistik xarakter daşıyır. Şairin şeirləri mənəvi-əxlaqi dəyərlərinə görə də dəyərlidir, çünki mövzuların məziyyəti antibəşəri əməllərə qarşı qoyulur. Onun dünya evi insanların yaşadığı, indiki – savaşlarla dolu dünya evi ilə təzad təşkil edir. Onun dünya evi Günəş işığı ilə doludur.
“Mənim rəfiqim aprel” kitabındakı şeirlərin bir bölümünə müxtəlif qatlardan xali, deklarativ fikirlər hakimdir. Bəzən yaşadığı məkanın qələbəlikləri şair üçün sükunətdir. Şair özü ilə danışa bilməyəndə sükuta qərq olur, belə sükut isə şair üçün iztirabdır. Onun bu iztirabdan ərk yeri olan “Asya Xatun”a alqışı oxucunu duyğulandırmaya bilməz:

Ah, Asiya – ulu nənəm!
…Sən qorudun xalqımı –
biz səndən heç bir zaman ögeylik hiss etmədik –
bərəkətli ətəklərin bəslədi uzun müddət,
bəslədi ana kimi;
Qıraqları isti, soyuq,
geniş düzənlər vardı.
Tənha yerlər vardı…
Alqışlarım sənədir, böyük ana,
alqışlar!
…nəfəsimin saf qalmağına yardımçı olan
Gömrük,
İnanc və
Yol vardır…

Şairin toxunduğu məsələlərin mərkəzində həmişə millət, soykök faktoru əsas yer tutur. Milli duyğuların fonunda Natalya xanım üsyançıdır, Natalya xanım əzabkeşdir. Bəlkə də buna görə onun hər misrası türk oxucusunun yaşamına qatılan anlamdır.
Zamanın ədalətsiz qamçısı bircə yurddaşına dəysə belə, şair o ağrını ciyərində hiss edir. O ağrının sevincini isə Natalya xanım belə təsvir edir:

…Xalqımın keçmişi ilə bağlı,
Atalarımızı inkar edənləri,
Haram qatılmış qanları kim tanıyır? deyə –
xəyallar qururam, sual verirəm.
Vətəni sevən, neynək, canını yolda qoyur,
Bu elə bir nəşə, elə bir sevgi ki,
bu nəşəyə, bu sevgiyə
türklərin bir parçası deyilir…

Bu şeir sanki şairin misra-misra Tanrıya qıldığı… necə deyərlər, taqətsizlik duasıdır. Bu duayla qədim türklərin varisi Natalya Xarlampyeva yamandan yaxşıya, ayrılıqdan vüsala keçə-keçə qocalır. Onun özünün də qeyd etdiyi kimi, həyatda yüksək mövqe arzusuyla yaşamadı, milli birlik, türklük idealları ilə yaşadı. O, yaşadığı bütün ömründə özünü tanıdı, kimliyini tanıdı, soyunu, kökünü tanıdı, mən də bir oxucu və qələm dostu olaraq onun qəlbini tanıdım – “Mənim rəfiqim aprel” mənim rəfiqim oldu…

BAKI, 21.08.2018

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.