19 çağdaş rus şairinin şeiri Azərbaycan dilinə çevrilərək kitablaşdırılıb

FƏZANIN CAZİBƏSİ
Çağdaş Quzey Arxangelsk poeziyası antologiyası Bakıda gün üzü gördü

Rus mədəniyyətinin günəşi, çağdaş rus dilinin əsasını qoymuş (dünya səviyyəli birinci rus alimi, ensiklopedist… şair…) Mixail Vasilyeviç Lomonosovun doğulduğu vilayətin 19 şairinin şeiri toplanmış antologiya, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Rusiya Yazıçlar Birliyi Arxangelsk regional şöbəsi və Arxangelskdəki Azərbaycan Diaspor Təşkilatı ilə əməkdaşlığı sayəsində, “Arxangelskdə Azərbaycan Mədəniyyəti Günləri” münasibəti ilə hazırlanıb.
“Elm və təhsil” NPM-də (Azərbaycan və rus dillərində) nəşr olunan 504 səhifəlik nəfis kitabda Yelena Kuzmina, Vasiliy Matonin, Valeri Çubarov, Valeri Şabalin, Aleksandr Loqinov, Vladimir Noqovitsin, İnqa Arteyeva, Pavel Zaxarin, Vladislav Popov, Olqa Korzova, Tatyana Polejaeva, İlya İkonnikov, Lyudmila Jukova, Angelina Prudnikova, Yelena Nikolixina, Tatyana Şerbinina, Oleq Borisov, Qalina Rudakova və Nadejda Knyazovanın şeirləri yer alıb.
Tərtibçisi Olqa Korzova (Arxangelsk), önsöz yazarı Yelena Qalimova (Arxangelsk), layihə rəhbəri və baş redaktoru Əkbər Qoşalı, redaktoru Afaq Şıxlı (Moskva) olan antologiyanın məsləhətçiləri millət vəkili, akademik Nizami Cəfərov, Arxangelskdəki Azərbaycan Diaspor Təşkilatının başçısı Tərlan Qasımov, rəyçiləri isə millət vəkili dos.dr. Qənirə Paşayeva, AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubun direktoru İbrahim İlyaslıdır.
Şeirləri Azərbaycan dilinə Afaq Şıxlı, Akəm Xaqan, Aybəniz Əliyar, Əhməd Orucov (Şəfəq), Əkbər Qoşalı, Elman Tovuz, Elşad Barat, Faiq Balabəyli, Həyat Şəmi, Hikmət Məlikzadə, Xan Rəsuloğlu, Xatirə Fərəcli, İradə Əlili, İlham Ələkbərov, İlham Qəhrəman, İlqar Türkoğlu, Lamiyə İsazadə, Məlahət Yusifqızı, Murat Ərturan, Nazilə Gültac, Nigar Rəhimova, Ramil Mərzili, Rəsmiyyə Sabir, Səbinə Babalı, Səhər Əhməd, Şahməmməd Dağlaroğlu, Şəfa Vəli, Talehə Əliyeva, Taleh Mansur, Təranə Turan (Rəhimli), Vüsal Oğuz, önsözü isə Nəcibə İlkin çevirib.

***

Qeyd edək ki, Arxangelsk vilayəti Rusiya Federasiyasının (RF) ən böyük vilayətlərindən olub, Federasiyanın quzey-batı bölgəsinin böyük elm, mədəniyyət mərkəzidir. Arxangelskdə RF Elmlər Akademiyasının Elmi Mərkəzi (2001), filiallarla birlikdə 10 ali məktəb, o cümlədən M.V.Lomonosov adına Quzey (Arktika) Federal Universiteti fəaliyyət göstərir.
Vilayətdə həmçinin 49 kitabxana, Ədəbiyyat (1999) Muzeyi mövcuddur. “Rus quzeyinin bədii mədəniyyəti” Dövlət Muzeylər Birliyi (1959), Vilayət Gənclər Teatrı (1975) və b. mədəniyyət, sənət ocaqları var. Memarlıq abidələri ilə zəngin olan Arxangelskdə M.V.Lomonosovun hələ 1832-ci ildə ucaldılmış heykəli, M.V.Lomonosov adına Dram Teatrı (1932) və böyük alimin adını əbədiləşdirən başqa müəssisələr özünəməxsus yer tutur. (Dünya səviyyəli birinci rus alimi, ensiklopedist, kimyaçı, fizik, astronom, cihaz nəzəriyyəçisi, coğrafiyaçı, geoloq, şair, rəssam, tarixçi… M.V.Lomonosov  (19.11.1711—15.04.1765) Arxangelsk vilayətinin Mişanin (indiki Lomonosov) kəndində doğulub. Sonradan onun adı ilə adlandırılan Moskva Universitetinin (indiki MQU – MDU) təsisi təklifini irəli sürüb. 2007-ci ildən bəri MDU-nun Bakıda da filialı fəaliyyət göstərir.)

Arxangelsk vilayəti ilə Azərbaycanı bağlayan tellər, abidə adlar vardır.

“Literaturnı Azerbaydjan” jurnalının 1961-1991-ci illərdə baş redaktoru olmuş, 2001-ci ildə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülmüş İvan Polikarpoviç Tretyakov (1922, Karqopol r.- Arxangelsk – 2008, Bakı), hələ sağlığında Arxangelsk vilayətinin (ümumən Rusiyanın) abidə insanlarından olmuş soydaşımız, uzun illər Arxangelskdə yerləşən Rusiya Atom Gəmiqayırma Mərkəzinin prezidenti vəzifəsində çalışmış, Rusiya Dövlət mükafatı laureatı, Rusiya Qəhrəmanı Davud Hüseyn oğlu Paşayev (19 iyul 1940–6 aprel 2010) Arxangelski bizə, bizi Arxangelsklilərə doğma qılan unudulmaz adlardır.

XX yüzilin 70-ci illərində Azərbaycanın Lənkəran-Astara bölgəsi Arxangelski meyvə-tərəvəzlə, Bakı və Abşeron isə kondsioner və soyuducularla təmin edib; 70-80-ci illərdə yüzlərlə azərbaycanlı tələbə-inşaat dəstələri tərkibində Arxangelskdə tikinti-quruculuq işləri ilə məşğul olub.

Bu antologiyanın gün üzü görməsi, soyuq Arxangelskin isti ürəkli şairlərini Azərbaycana tanıdacaq, Günəşli Azərbaycanın yazarları ilə yeni dostluq ilişkilərinin əsasını qoyacaqdır.

Antologiyanın Arxangelsk, Moskva və Bakıda təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.

***
Yelena QALİMOVAnın antologiyaya yazdığı önsözü kiçik ixtisarla oxuculara təqdim edirik:
MƏKAN VƏ ZAMANIN DURUMU

Oxuculara təqdim etdiyimiz bu şeir toplusu kimi bir kitabı tərtib etmək heç də asan iş deyil.
Ədəbi birliklər tez-tez belə toplular çap edir və bu kimi birliklərin sayı Arxangelskdə az deyil; lakin tanınmış yazarlar öz qələm dostları ilə eyni kitabda, cəmi bir neçə şeirlə təqdim olunmaqdan o qədər də məmnun olmur. Bəlkə, bu kitablar heç lazım da deyil..? – Bununla belə, tərtibatçıların səyi nəticəsində, zənnimcə, yaxşı alınmış bu toplu, belə kitabların labüdlüyünü təsdiq etməyə imkan verir.
Bu toplunu – Arxangelsk vilayəti çağdaş poeziyasının bələdçisi, bir növ, bu vilayətin hal-hazırda yaşayan və ədəbi həyatda fəal iştirak edən şairlərinin antologiyası hesab etmək olar. Oxucu Quzey Arxangelskin bugünkü parlaq və rəngarəng, öz müxtəlif çalarları ilə gözoxşayan poetik palitrası ilə tanış olmaq imkanı əldə edir.
Arxangelskdə və vilayətin bir çox ellərində Rusiya Yazıçılar Birliyinin Arxangelsk bölməsi tərəfindən keçirilən ədəbi festivallar, poetik marafonlar, şeir gecələri poeziyasevərlərdə ədəbiyyata tələbatın olmasının təsdiqidir. Bu kollektiv toplunun da böyük maraqla qarşılanacağına, Arxangelsk vilayətinin “poetik xəritəsi” üzrə səyahətə yardımçı olacağına ümid edirik.
Bir çoxları üçün çağdaş quzey şairləri ilə tanışlıq elə bu kitabdan başlayacaq və təqdim olunan on doqquz şairdən hansılarsa onlarda mütləq, özəl ilgi doğuracaq, yaradıcılıqlarını daha yaxından öyrənmək istəyi yaranacaqdır.
Bizim şairlər çox fərqlidir, hər biri başqa cür maraqlıdır. Hər birinin öz bədii dünyası var ki, bu dünyaya oxucu da daxil ola bilir…
Yelena Kuzmina poeziyası böyük ruh yüksəkliyi, poetik detalların qüsursuz dəqiqliklə cilalanması, özünəməxsus sözoynatma, bəzən gözlənilməz fərdi intonasiyalarla xarakterizə olunur. Onun hər bir şeiri, hətta, yığcam olsa belə, bir povestlə müqayisə olunacaq dərəcədədir.
Məsələn, “Vəfasız qadın” şeirini oxuyarkən oxucunun gözləri qarşısında, ölkənin faciəli tarixi fonunda savaş illərinin ağır sınaqları canlanır…
…Bu şeirdəki, zəif çiyinlərə salınan şinel… (qadın sadəcə öz zəifliyindən bu uzun ayrılığa dözə bilməyib, yəni alçaq və xain deyil) – çox maraqlı bir detaldır. Qorumaq, hifz etmək… Əsgər sanki bu günahın üstünü örtür və bağışlayır…
İnsana ən vacib olan bağışlamaq bacarığının necə çətin başa gəldiyini şair dəqiq və canlı olaraq sözlə belə ifadə edir:
Necə uzanmışdı burdan Berlinə,
eləcə, geriyə qayıtdı yollar.

Və ya:
Əsgər şinelini götürüb ələ
örtdün “etibarsız” çiyinlərimi

Bəli, daxili qəhrəmanlıq döyüş rəşadətindən heç də az bacarıq tələb etmir. Yelena Kuzminanın qəhrəmanı isə bunun hər ikisinə nail olur..!

Vasili Matoninin fəlsəfi lirikası üçün səmimi bir xəyalpərəstlik səciyyəvidir. Təbii və adi gerçəkliklər onun şeirlərində gərginliyin və dolğunluğun təsdiqinə çevrilir, şair öz düşüncələrində bu gerçəkliklərdən yararlanır. Onun şeirlərinin süjeti məhz göz önündə olan zahirdən daha dərin mahiyyətli batilə doğru cərəyan üzərində qurulur…
Vasili Matonin dünyası mənadan yoğrulub, onunla doludur və o, “soyumuş qara çay üzərində” sadəcə payızın nəfəsini duymur, necə ki, “payız düşüncələri əsir” və görür ki, “üfüqlərin işıltısına bürünərək” buludlar üzərindən “çin olmayan yuxular” üzür. Onun poeziyasında insanlar, torpaq, səma, dəniz, evlər, ağaclar – hamısı bir-birilə bağlıdır, qırılmaz bağlılıq içində – birlikdə mövcuddur:

Bürüyür damları çəhrayı tüstü,
göylərə ucalıb gedir ağaclar;
Yüksəlir, yüksəlir buluda kimi,
səmanın nə qərib dərinliyi var..!

Olanlar-qalanlar qarışır belə,
məişət çarmıxa çəkir bizləri…
Günəşi gözləyə bilənlər üçün
yox olub gedəcək qar dənizləri

Valeri Çubarın poeziyası tematik və emosional genişliyi ilə yanaşı, vətəndaş duyğularının tərənnümü, çağdaş həyatın ən kəskin problemlərinə poetik müraciəti ilə fərqlənir. Onun sətirlərində “kəhrəba sükutda” Sankt-Peterburq adalarında tələsmədən gəzinti təsviri əks edilib, bu gəzintilər zamanı sevimli şəhərin bütün gözəlliklərini dəyərləndirmək, güclü, həm də kövrək, qüdrətli, eyni zamanda, zərif təbiətin möcüzələrini dərk etmək mümkündür.
Şairi çox şeylər rahatsız edir. Bu dünyada çox şey ona yaxın və əzizdir. Bu haqda Valeri Çubar həm obrazlı sətirlərində, həm jurnalist sözü ilə və ya aforistik səpkidə, silsilə şeirlərini tamamlayan qısa şeirində yazır:

Günlər bir-birinin ardınca qaçır…
onların bu yüngül qaçışında
mənim hərəkətlərim,
boşalmış qarda batan kimi,
durğunlaşır daha da…
Yuxulayan zaman –
yayğınlaşır
uzaqlardan gələcək bir xəbər də…
Və bir zaman yüngül olan kiçik xaç da
ağırlaşır durduğu yerdə

Valeri Şabalinin poeziyasında bu günkü əhvalatların nümayişi ilə keçmiş olayların xatirəsi qələmə alınır (“Uşaqlıq illəri qayıdar geri, Yaddaşın siminə toxunsan bir an”), onun gənclik həyatı, keçdiyi yollar, qəlbinə əziz insanlar təsvir olunur. Şabalin tez-tez insan taleyinə həsr olunmuş poetik ruhlu qısa hekayələr, eskizlər yaradır (“Obeliskdə”, “Domovina”, “Araq”, “Sakit xiyabanda”). Onun poeziyasında ana xətt – ağac simvoludur. ( – Şairin sevdiyi şam ağacları “hər şeyi duyur”), onlar “meşə səltənəti”nin kökləri ilə təmasda olur (“Şam köksüz yaşaya bilməyən kimi / Mən də vətənsiz yaşaya bilmərəm”).
Valeri Şabalin üçün təşvişsiz yaşaya bilməyin dəyəri illər ötdükcə artır, o, sadəcə, “sərin quzey guşəsi”ndə həyat sürmək istəyir:

Şəfəqləri əks edən
kəhrəba rəngli şamlar…
Nəğmə oxuyur sanki
xəfif-xəfif səslənib

Doğma torpaq Aleksandr Loqinov yaradıcılığının əsas meyarıdır; onun lirikasının ana mövzusu isə – vətənə, torpağa, yaranışa bağlı olan lirik qəhrəmandır. Doğma torpaq onun əsərlərində bir neçə şaxəyə ayrılır: “ata yurdu”, “doğma məskən”, “sonsuz Rusiya çölləri”, “müqəddəs Rus torpağı” və “Yer kürəsi”… Şair sanki nəzərlərilə onu dolanıb gəzir və kiçikliyinə, qorumasızlığına heyfslənir. Loqinov lirikasında zamanın harayından, diqtəsindən “mamırlı bataqlıqlar”da gizlənmək, göllərin üzərini “müdrik bir kitab kimi” oxumaq arzusu, əsrin tələblərinə üsyankarcasına cavab vermək istəyi ilə uzlaşır. Bu səbəbdən, onun lirikasında yollar, sürətli hərəkətlər, qaçışlar və uçuşlar mövcuddur. Hərəkət şairin təxəyyülündə katastrofik də ola bilər, azğın da, ən qorxulu yuxudakı kimi nəzarətsiz bir hərəkət də… (Loqinov bunu qatarın dəmir yolu olmayan yerdə şütüməsinə bənzədir)… Eyni zamanda, azad, sərbəst və qalib… (o, bunu səma obrazı kimi, uçuş kimi təsvir edir)… Aleksandr Loqinovun poetik dünyasında Vətən özü də – “köçəri Rusiya”dır, Rusiya – qanadlı quş – yer üzərindən yüksəklərdə vüqarla və qürurla pərvaz edir.
Loqinov lirikası duyğuludur, əzəmətlidir, böyük enerji ilə yüklənmişdir; o, insanı hərəkətə, ən çox da daxili hərəkətə səsləyir, baxmayaraq ki, bu hərəkətlər zahirən daha aydın görünür – savaşlar, döyüşlər, basqınlar…
Loqinovun lirik qəhrəmanı – “sübhün kimsəsiz əsgəri” təkcə müəllifin öz “mən”i deyil, o, rus xalqının ümumiləşdirilmiş surətidir – çağdaş insanların, ulu babaların, gələcək nəsillərin, hər şeydən öncə – öz səsi ilə çağdaşlarını hər zaman mürgülü yuxulardan silkələyərək rus torpaqlarını qorumağa səsləmiş, səsləyən və səsləyəcək bütün rus şairlərinin obrazıdır..!

Şair Vladimir Noqovitsinin şeirlərində savaşdan söhbət gedərsə bu savaş – Böyük Vətən müharibəsidir. Bu savaş haqqında xatirə həmişə canlıdır, Noqovitsin üçün həlak olanların kədəri olduqca kəskindir, bu da təəccüblü deyil: müəllif uzun illərdir ki, gənc axtarış dəstəsinin üzvü kimi savaşın keçdiyi yerlərdə axtarışdadır. Ona görə də Mqa (Leninqrad vilayətində çay – red.) yaxınlığında həlak olmuş “bığ yeri yenicə tərləmiş” əsgər haqqında yazarkən, elə təəssürat yaranır ki, müəllif döyüşçünü tanıyır, onunla bir yerdə döyüşub. Bu səbəbdən, Rusiyanın özundə və ya “Qızıl Ordu”nun azad etdiyi ölkələrdə döyüşçü əsgərin xatirəsinə xələl gətirən söhbətlərin yaranması, döyüş yerlərinə müqəddəs bir yer kimi yanaşılmaması ona çox ağır gəlir. Döyüşən nəslin amallarına sadiq qalan Noqovitsin, dözə bilmir ki, bir zaman Leninqradın müdafiə xətti olan yerdə indi zibillik yaranıb, burda həlak olan əsgərlərin qalıqları zibilə, üfunətə qarışıb, Nevanın sol qıyısındakı aralıq isə köşklərin, yeni-yeni evlərin içində itib-batıb. Bu üzdən şair, çağdaş yaddaşsız manqurtlardan fərqli olaraq, həlak olan qəhrəmanlarla həmrəylik nümayiş etdirib, özünü onların həmyaşıdı hiss edir, onların zamanında döyüş meydanlarında olmaq istəyir…

Naryan-Mardan olan İnqa Arteyeva da keçmişin xatirəsinə sayğı ilə yanaşır. Onun fikrincə, bu günkü həyatı yaddaş təyin edir, bu yaddaş olmasaydı – Yer kürəsi dağılardı: “Yaddaş yaşadıqca – bu torpaq da var”, “Nəsillər arasında bağlar qopmayınca”…
Döyüşçü ulu babasına həsr olunmuş şeirində yazır ki, indiki nəsil həlak olanların məzarına ildə bir dəfə qərənfil gətirməklə yetinməməli, bayram ehtiraslarına gün¬ləri xərcləmədən / yaşayıb yaratmalı / onların arzuladığı gözəl dünyaya can atmalıdır.
İnqa Arteyeva, eləcə də, quzey torpaqlarının, tun¬dra¬nın gözəlliklərini vəsf edir:

Burda izlərin üstə
illərin nəfəsi var.
Burada yoxdu zaman,
ancaq zaman səsi var.
Bu qışlaqda qış özü
astagəldi,
söyləmişdi Pyoşa…
Və Günəşin şəfəqləri
quştək pərvaz etmişdi

Adi vərdiş etdiyimiz şeylərdə müəllif böyük bir möcüzə kəşf edir: nenlərin ornamentində sehrli arzular öz həllini tapır, tundra gölləri iki cazibədar gözə bənzəyir, qütbün dalğalarında “gəmilər ada kimi” üzür. Buna baxmayaraq, şairənin şeirlərində kədər hissləri nəzərə çarpır, tənhalıq motivləri görünür, anlaşılmazlığa düçar olma məqamları əks etdirilir. Mənim zənnimcə, bu İnqa Arteyevanın romantik qəlbindən gəlir, onun lirik qəhrəmanı hər an ideal arayır.
Nyandomda yaşayan Pavel Zaxaryin də bir çox məqamlarda romantikdir. Bu, hətta onun yarızarafat-yarıciddi sətirlərində də özünü biruzə verir:

Ürəkdə bir işıq qorunan zaman,
dolanda başına ali fikirlər,
Sanki heç şikayət olmur həyatdan –
baxırsan, qayğılar keçib gedirlər.

Onlar cürətlənib sənə toxunmur,
onlara düşməyə yer də tapılmır:
Hər tərəf rahatlıq, hər tərəf hüzur,
göylərdən ilahi lətafət yağır

Zaxaryinin poeziyasının əsas meyarı sadə, çətin və çox dəyərli doğma quzey məskəninin yaşamıdır. Məhz bu yaşam: öz çiyinlərində bütün qayğıları, çətinlikləri daşıyan, lakin sınmayan “dəyərli və dözümlü” adamlar, yetişmiş zəmilər, çəmənlər, saray kimi qürurlu daxmalar, köhnə kənd kilsəsi, kəndli güzəranı, soba, inək, azad nəfəs almaq üçün hava- müəllif üçün müqəddəsdir.

Arxangelsk sakini Vladislav Popov Pinej məktəbinə müəllim işləməyə getmişdir. Şəhər həyatını kənd güzəranına dəyişən Popov başqa bir aləm kəşf edir, təbiət sirlərini estetik məcrada qavrayır. Geç çiçəkləyən çobanyastığı, yuxusuz talvar, qara hisdən boğazı göynəyən soba, payız torpağı müəllifi dinc qoymur:

Gözləri asılı qalıb səmadan,
sinəsi aramla köks ötürmədə…
Susduqda daha da yaxın olacaq,
daha anlaşılan, doğma və sadə…

Az qalıb, sökülür dan yeri artıq,
muncuq kimi düşür gözlərindən yaş.
Yatan təbiəti oyadır sanki,
don vurmuş arpanı dimdikləyən quş

Vladislav Popovun yaradıcı dünyasının lirik qəhrəmanı və onun sevgilisi arzu kimi, xatirə kimi gözümüzün önündə canlanır, müəllif incəliklərə fikir verir “qar üzərində zənciri izlər”, “gözəl köynək” və bunları əhatə edən təbiət, bütün xırda elementlər qaynar həyatın yekdilliyini təşkil edir.

Olqa Korzova da taleyini kəndlə bağlamışdır – doğma Kenoreçye kəndi ilə. Doğma yurdun səsi onun üçün müxtəlif yerlərdən, şəhərlərdən, ölkələrdən daha üstündür. Bütün baş verənlər onun gözləri qarşısında cərəyan edir, onu rahatsızlığa götürür, kədərləndirir. Bir var, uzaqdan kəndin dağılmasına, dəyərlərin yox olmasına ta¬maşa edəsən, bir də, bu dağıntıların içində olasan, öz çarəsizliyini duyasan. Bəli, hər bir kənd adamının öz tale payı var. Nə vaxt bu pay asan olub ki?! Kənddə qalıb yaradan şairlərin isə bu kədərdən savayı öz missiyası da var – Rusiyada bu bir ənənədir…
Öz istedadına görə Olqa Korzova lirik şairdir. O, başqa bir zamanda yaşasaydı, onun şeirlərində duyğusal əlamətlər hökm sürərdi, indi də onun poeziyasında məhəbbət motivləri üstünlük təşkil edir, ancaq məqam və durum ona başqa sətirlər yazdırırr, başqa intonasiya diqtə edir. Belə çıxır ki, mövzularında əks olunan nəticələr şairin nəslinin təcrübəsini göstərir. “Fəlakət qoxusu”, “Taxt-tacımın yarısını bir köhlənə dəyişmərəm”, “Kimsəsiz yerdə” şeirləri laqeyd olmayan heç bir oxucunu rahat qoya bilməz. Olqa Korzova ilə bərabər, onunla səs-səsə belə deyərdilər:

Əyilib onları qucaqlayacam,
onları birbəbir sığallayacam.
Ayrılmarıq, ayrılmarıq – kökümüz birdi.
Bu yalançı dövran məni
doğma rus çölündən uzaqlara apardı.
Sən mənimləsən, mənim, azadlığım, hey!
Gün batır buludların arasında
şirin-şirin uyuyur ucsuz-bucaqsız tarla,
qadın qollarında yatan körpətək

Tatyana Polejayevanın da oxucuları, pərəstişkarları az deyildir. O, günəşüzlü bir adamdır, bu da onun şeirlərində öz əksini tapır. Onun sətirləri işıqlı, otların ətri ilə ilhamlanmış, səmadan mavi rəng almış şeirlərdir. Ona yer də, duman da doğmadır, o, öz qan yaddaşı ilə əcdadlarana bağlıdır, onların qüdrətini hiss edir:

Məst edirdi nəğmə ilə, rəqs ilə,
gizləyib başını otlar içində.
Qu quşu tək sayırdı
bir-bir tənha günləri,
bayquş kimi sevirdi gecələri…
Od içinə, su içinə qovurdu,
məhv etmədən yandırırdı, boğurdu

O, sehrli bir quzey gecəsinin ətəyində ərimək istəyir. Tatyana Polejayevanın lirik qəhrəmanı zərifdir, özündə rus qadınının keşmişdən bu günədək gəlib çatmış milli özəlliklərini tam şəkildə əks etdirir. Müəllif özünü rus həyatının tərkib hissəsi hesab edir. Bu, onun xalq yaradıcılığı ilə bağlı sətirlərində daha çox nəzərə çarpır. Əlbəttə, onun qəhrəmanı bizim çağdaşımızdır, indiki həyat tərzi onun şeirlərində tanınır.
Tatyana Polejayevaya əbədi mövzular daha yaxındır:

Çöllər boyu yolum uzaq,
ətəyimi yuyur şehlər.
Cığır boyu qurub tuzaq
zəngçiçəyi, göy güləvər.

Yığdığım güldəstə deyil,
eşq sətrindən göy çələnglər…
Bu yayın nişanları xoş –
zəngçiçəyi, göy güləvər.

Qurudacam, bir qış günü,
canlanacaq xatirələr…
İsti yayı andıracaq
zəngçiçəyi, göy güləvər

İlya İkonnikovu isə öz “kiçik vətəni”nin və doğma ölkəsinin həyatı rahatsız edir. Onun poeziyası kəskin problem, faciəli pafos üzərində qurulub. Həmişə olduğu kimi İlya İkonnikov öz enerjisini maneələri qət etməyə sərf edir, çox şey həyatda onun xoşuna gəlmir, şair Rusiyanın özünün, quzeyinin bu acınacaqlı durumuna heyifslənir. Onun şeirlərində ölkəni dağıdanlara ünvanlanmış sətirlər çoxdur. Buna baxmayaraq, şairin misralarında optimist notlar da nəzərə çarpır.
Onun doğma diyarına olan sevgisi bütün dərdlərə, çətinliklərə sinə gərməyə səsləyir; ruhdan düşmədən “bulağın gözünü tutan” bütün çirki və palçığı təmizləməyə, onu yenidən canlandırıb insanlara təmiz, dumduru su verməyə, gah dualarla, gah da rus nəğmələri ilə uçaqları göy üzünə qaldırmağa çağırır. Çünki, “Rusiyada göysüz yaşamaq olmaz”, deyir. İnsanlara öz sözünü çatdırmaq arzusu ilə yaşayır şair.
Bəzən gələcəyə inam itsə də, şair, aviator, vətəndaş İlya İkonnikov heç zaman məğlub olmayacaq və geri çəkilməyəcək.
Şairin özünü və oxucularını ruhlandıran bu sözləri inam doğurur:

Məndə rus ruhu da, inam da var –
dayanıb-duracam, qırılmayacam.

Lyudmila Jukovanın lirikası rus torpağına güclü məhəbbət hissi ilə seçilən, ifadəli assosiasiyaların, bəzən gözlənilməz, amma həmişə dəqiq, dərin fikir və hisslər, özünəməxsus obrazlı sistemlə yaddaqalan model təşkil edir. Onun poeziyası düşünməyə vadar edir, belə şeirləri çətin ki, bir dəfəyə anlamaq, dərk etmək olar, lakin şeir dalğasına köklənən oxucu Lyudmila Jukovanın şeirlərində adi şeyləri yeni səpkidə görə bilir. Bu şeirlərdə “Yasəmən yağışı çisəkləyir”, “Pərdələrdə gizlənən qadın üzü” kimi çalarlar çoxdur. Kitabda verilmiş əsərlər keçən əsrin 90-cı illərini əks etdirir:

Qəfildən dəyişdi qadın və şeir…
silindi bər-bəzək, soldu pərdələr…
Bizim lənətlənmiş günahımızı
ləl-cəvahir kimi çaldı özgələr.

O vaxtlar mürəbbə ətri gələrdi
mətbəxdə qızların üst-başlarından.
Dostluq bağları da qırılmaz idi…
nəsildən-nəsilə dəyişir insan…

Qara qapılardan keçib boşluğa
uğur qazanmağa qarışır başı.
Bəzən uca səslə, bəzənsə yavaş
ya gülüş duyulur, ya da göz yaşı

O dövrün insanları, şairimiz də daxil olmaqla, çətin bir seçim qarşısında qalmışdı – soydaşlarını əzib keçərək qazanc dalınca qaçmaq və ya xaricə üz tutmaq… Və şair də öz seçimini edir, əslində heç seçim etmək də lazım gəlmir. “İrsi etibar” qalib gəlir – necə ki, ürək öz döyüntüləri ilə haray çəkir, eləcə də onun misraları…

…Bu bağlılıq, vətən ilə qırılmayan ilişkilər məcbur edir ki, tarixin ən çətin məqamlarında yenə keçmişə nəzər salasan:
Nənələr sandıqlardan çıxarıb
rus köynəyi verirdi bizə –
Onları geyib
toxum səpməyə gedək
deyə,
axmaqların ardınca yox

Lyudmila Jukovanın şeirlərində tarixi motivlər mövcuddur, o, keçmiş olayların çağdaş dövrdə necə baş verdiyini görə bilir. Onun bədii zamanı keçmişi və gələcəyi əks etdirir. Əbədilik motivinə qulluq edən ünsürlər biruzə verir.
Angelina Prudnikovanın da əsərlərində tarix önəmli yer tutur. Çox vaxt bu şəxsi tarixdir, uşaqlıq illəri, əziz insanların obrazları; atasının, nənəsinin-hansıların ki, taleləri ölkənin tarixi ilə baglıdır. Hərdən Prudnikovanın şeirində keçmişi çağdaş həyata calayan – müqəddəs nəvalı, pak sulu bulaq, hamam divarında kəhrəbanın göz yaşı kimi şəkillənir… Keçmişin xəyalı, bəzən lirik qəhrəman xalq nəğmələrini dinləyərkən, bəzən də köhnə bir qayıq görərkən canlanır.

Angelina Prudnikovanın lirik qəhrəmanı şəhər sakinindən fərqli olaraq təbiətin sağlam nəfəsli “ovqat”ına –suyuna, havasına möhtac olur. Tək bir payız yarpağı belə müəllif üçün təbiətlə bağlılıq zənciridir, balaca gölməçə isə dünyaya pəncərədir:
Bax, balaca gölməçə –
nə dəryadır, nə dəniz.
Onun haqqında şeir
kimə olacaq əziz?..
Bir bardaqlıq suyu var,
balaca deyil, ancaq..!
Orda ulduzla dolu
kainat əks olacaq

Prudnikovanın şeirlərində insan-təbiət tandemi dramatik ilişkidədir, arada uçurum mövcuddur, lirik qəhrəman çalışsa da, təbiətlə bütövləşə bilmir.
Əbəs deyil ki, onun sətirlərində çəməndə otların əha¬təsində, çobanyastığının qucağında təbiətlə qovuşmaq istəyən lirik qəhrəman, dünyanın içində – göy üzü, ot, külək, dumanın içində… – təbiətlə birlik arayır, quşların səsindən qulaqları tutulur.

Yelena Nikolixinanın lirikasında əsas – bir şəxsin iç dünyasına müraciətdir, daha doğrusu, burada bir insanın dünyagörüşü əks olunur. Bəs şair bu dünyanı necə görür? Necə onu dəyişir? Poeziya özü, onun təbiəti, insan həyatının qəribəliyi, çətinliyi Nikolixinanın poeziyasını təşkil edir.
Bu sirli poeziyadır, lakin bir müddət sonra oxucu bu kosmik guşəyə daxil olur, onun etdiyi kəşflər başqalarını da sevindirir. Müəllif, doğrudan da, bəşəri yeni bir rakursda görür. Fevral müəllif üçün canlı bir vücuddur: qulaqları sallanmış, qoca it kimi heç kəsin olmayan… Damın üstündəki izlər sanki bu şəhərin bəlasına düçar olan insan ürəyinin kardioqramına bənzəyir.
Nikolixina sözlə davranmağı bacarır. Onun şeirlərində söz yeni-yeni çalarlara düşür, obraz yaranır: “Biz yenə “bizə” keçdik”, “Şəxsi cəbhəmdə ikinci cəbhə açdım”…

Kiçik pəncərələrdən
köhnə, ağır divarların –
bu divarlar ardındkı
gur şəhərin
nəfəsini duyur
səma

Yelena Nikolixina üçün yaradıcılıq anlaşılmaz iztirablar, işıqla zülmətin arasında yaşamaqdır. Tənhalıq müəllif üçün şəxsidir… Amma yenə də:

Yox, insan tənha deyil.
Tənha o yarpaqdı ki,
budaqdan
boşluğa düşür.
Mən onu çağırsam belə…
İstəyirsən boruda çalan ol,
istəyirsən boru təmizləyən.
Hər şey tüstü və səsdir ancaq
Və lakin… insan heç tənha deyil.
Axı boşluqlar boyu
səsi və tüstüsü var…
Və yarpaq xatirəsi var

Tatyana Şerbininanın poeziyası uşaq qəlbi kimi sadə və açıqdır, həm kövrək, həm qorumasızdır… Əlbəttə, rəşadət və cürət lazımdır ki, qəlbini gizlətmədən oxucuya açasan. Etibarlı oxucu da bu səmimiyyətə minnətdarlıqla cavab verir.
Onun poeziyasının mövzu diapazonu genişdir: o da, demək olar ki, quzeydə yaşayan bütün şairlər kimi yazır; kənd həyatından uşaqlığının ən işıqlı xatirələri kimi bəhs edir:

Hündür-hündür otlaqlarda
şəfəqin və şehin qığılcımlarında
qalın və yuxulu qum otlarında
əsmər yay gizlənir.
Yaşıl bürkülərin zərrələrində
cırcıramanın cingiltili mahnılarında
Kürən dayçalar kimi qaçır
mənim dəcəl uşaqlığım

Müəllif yaşadığı illərdə ən vacib çağları qeyd edir, əgər göy üzü elə bil qızılı rənglə örtülüb, aşkar çay parlayır, astaca atlar tonqala yaxınlaşırsa – bax, bütün bunlar varsa, başqa bir səadət kimə gərəkdir.?!
Şerbinina öz həyat ocağından, elektron dünyasına gedən uşaqlardan, hərbi xidmətə cəlb edilən oğlanlardan yazır.
Bu,
indi ipə-sapa yatmayan yeniyetmələr,
Rusiyanın ümidi və gələcəyi,
qüruru və vüqarı olacaq..!

Çağdaş şəhərin həyatı da sətirlərə hopur, çağdaş insan düşüncələri, iztirabları şeirə dönür, baxmayaraq ki, lirik qəhrəman əzablar çəkib, lakin inamını, arzusunu əsla itirməyib.
Taleyin zərbələrinə sinə gərmək, inamla yaşamaq, Brest qalası kimi təslim olmamaq müəllif üçün zəruridir. Şerbinina üçün atılmış sahil… sağ-sol… göy üzünə qal¬xır və o, qədim mahnı kimi uzundur… – Uzun şalbanlar, bozarmış torpaq, doğma kəndin kölgəsi mənəvi dəyər daşıyır. Lirik qəhrəmanın dözümü və etirazı şairanə səpkidə əks olunur, onun üçün rus dilində, ancaq xalis rus sözləri gerçəkdir, mənası unudulan sözləri başqalarına da çatdırır…

Oleq Borisov təkcə şair deyil, həm də publisist, jurnalist, nasirdir. Buna görə də onun şeirlərində pub¬lisistik əlamətlər nəzərə çarpır. (“Mən Rusiyadan ya¬zıram”, “Köhnə evin içində”), lakin bundan savayı, Borisov həm də lirik şairdir. Təbiidir ki, çağdaş şairlər eyni mövzulara üz tutur. Belə mövzulardan biri də kəndlərin sakinsiz qalmasıdır – məhz bu barədə yazır Borisov, başqalarına bənzəmədən, təqlid etmədən, öz təşbehləri ilə, öz sözləri ilə… Bu sətirlərdə ən yaddaqalan ünsür – yerlə göyün birləşmə məqamıdır. Sonuncu damın üstündə olan at fiquru “səmanın ulduzlu hovuzundan su içir”, “tərk edilmiş su quyusuna “kədərli ulduz” boylanır”, elə bil bu ünsürlər yeri, göyü birləşdirir. Yadda qalan obrazlardan biri də “Rusiyanın nəhayətsiz yolları”dır, bu yollarda müəllif “rus taleyinin müxtəlifliyi”ni görür: yerə düşən yarpaq, “incə buz kimi zərif meşə sükutu”, “bahar günəşi qışla vidalaşıb çarx kimi süzür”, soyuq külək “dovşan izlərində gizlənir”…
Hər bir şair kimi, Oleq Borisov da məhəbbətdən, onun sehrindən, qadın gözəlliyindən bəhs edir.

Aydın gələcək açıb qapılarını,
işıqlı mahnılar bürüyüb aləmi.

Çay sahilində yerləşən kənd haqqında yazan Borisov “axşam işıqlar soyuq olur”, “bacalardan tüstü çıxır”, deyə inamla açıqlayır…

Qalina Rudakova sanki şair estafetini qəbul edərək, öz ana torpağının harayından yazır: nə qədər həyat çətin olsa da, “vətənə bağlanan köklər üzülməzdir”…
Keçmişə müdaxilə, doğma məskənin tərənnümü, xatirələr, çağdaş həyat lövhələri bir salnaməyə çevrilir. Bu salnamədə doğma insanların portreti də var; ən birinci söz ilə çəkilmiş şəkillər diqqəti cəlb edir. Oxucu bir qoca qadının səsini eşidir, nənənin nəvəsinə oxuduğu mahnını, ananın mülayim səsini dinləyir. Xalq dili şairə doğma və yaxındır, ona görə o, öz dilini zənginləşdirir, lirik monoloqlarda xalq dilinin ən incə çalarlarını işlədir. Qalina Rudakova dialektə diqqət yetirdiyi kimi, çağdaş sözlərdən də məharətlə istifadə edir:

Söz – o, həm vərəqdir, həm də quşdur,
o, ovçusunu arayan şikardır

və yaz

Söz məlhəm də olar, çala da bilər
söz ilə donmaq var… söz ilə yanmaq

Qalina Rudakovanın şeirinin ahəngliliyi və vurğu çalarları ilə zəngin söz ehtiyatı onun geniş mövzu diapazonundan xəbər verir, hansı ki, lirik qadın qəhrəmanın həm zəngin daxili aləmini, həm də elə də asan olmayan, lakin özünəməxsus gözəlliyə malik çağdaş həyatı əks etdirir.
Nadejda Knyazeva poetik dünyasının mərkəzində dolğun bir həyat durur – öz gözəlliyi, mənası, müxtəlifliyi və zənginliyi, əlbəttə ki, həm də çətinliyi, itkiləri, ağrı-acıları ilə birgə… Onun lirik qadın qəhrəmanı bütün yaşananları özünəməxsus müdrikliklə, dəyanətlə qəbul etmək qabiliyyətinə malikdir. Knyazeva poeziyasında günlərin, anların, olayların həyatiliyinə və həyəcanına olan özəl inam, oxucuya ən adi halların da dəyərini anlamağa imkan verir. Beləcə, qonşudakı qoca qarının qarla örtülmüş həyətdə göyərçinləri öz əlilə yedizdirməsi səhnəsi belə, müəllifin səyilə əfsanəli, nəsihətli anlam daşıyır:

Necə parlayırdı gözündə işıq..!
Və dedim: Nə var ki, gizlədiləsi?!.
Qadının yanına gedib, ovucla,
sevgi paylamağı öyrənsəm, bəsim..!

Çölə çiyələk toplamağa getdiyi səhnə isə qəribə tərzdə uşaqlıq illərinə qaytarır bizi:

Deyirsən ovcunda çiyələk deyil,
tutmusan uşaqlıq illərini sən…
Sanki can dərmanı dolur səbətə,
dayanıb durursan nəfəs dərmədən.
Ruhun işıqlanır, təravətlənir

Bu kitaba daxil olan müəlliflərin çoxu kimi, Nadejda Knyazeva da tozağacılar diyarının tərəfini saxlayır, burada hər şey var: üşüyən dan yeri də, xəfif yovşan ətri də, durna qaqqıltıları da… Və bunlar ildən-ilə daha doğma, daha əziz, daha dəyərli olur. …Ürəkləri isidən bu işıq – sanki şairi yaradıcılığa səsləyir.
…Kitabda yer alan şairlər hərəsi özlüyündə bir ayrı cür maraqlıdır, hərəsinin öz səsi var…

Arxangel antolojisi

Oxunma sayı: 646

Leave a Reply