QARABULUDUN AĞBULUD ŞEİRLƏRİ BAKIDA KİTABLAŞDIRILDI…

Bu, “Ağlım Şəkidə qalib” deyən qardaş ölkə şairinin Türkiyə dışında çıxan ilk kitabıdır

Qardaş Türkiyənin Fəthiyə şəhərində yaşayıb-yaradan şair-publisist Coşğun QARABULUDun “Hardan haraya…” adlı kitabı Azərbaycanda işıq üzü görüb.
Fəlsəfi düşüncələrə, sətiraltı incə yumora köklənən şeirlərdən ibarət “Hardan haraya” kitabı yazarın Azərbaycan oxucuları ilə ilk görüşüdür. Kitab Şəkidən millət vəkili seçilmiş fəlsəfə doktoru Cavanşir FEYZİYEVin dəstəyi ilə “XAN” Nəşrlər Evində, nəfis şəkildə gün üzü görüb.
Şair Nazilə GÜLTACın Azərbaycancaya uyğunlaşdırıb tərtib etdiyi kitabın redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər QOŞALIdır.

***
Coşğun QARABULUD (Coşkun KARABULUT)1956-cı ildə Qarsın Sarıqamış elində doğulub. Ana tərəfi əslən Şəkidəndir; onillər öncə ulu babası, ailəsi ilə Şəkidən Sarıqamışa köçüb, orada yurd salıb.
Şair 1980-ci ildə Hacəttəpə Universitetinin Sosiologiya bölümünü bitirib. Mersin, Adana, Fəthiyə və Quşadasında müxtəlif banklarda çalışıb, müdir olub.
2005-2014-cü illərdə Ölü Dəniz Bələdiyyəsi “Sənət Evi”nə başçılıq edib.
C.Qarabulud bu kitabadək daha 10 dəfə kitab sevinci yaşayıb.
Azərbaycanı özünün ikinci vətəni bilən şair hal-hazırda Fəthiyədə yaşayıb-yaradır; Şəkini görmək ən böyük diləklərindədir…
Millət Vəkili dr. Cavanşir FEYZİYEVin kitaba yazdığı “ÖnSöz”ü oxucularla paylaşırıq:C.F.

FƏTHİYYƏDƏN ŞƏKİYƏ BOYLANAN HƏSRƏT

Azərbaycan-Türkiyə! – Könül körpüləri ilə bir-birinə qucaq açan iki qardaş ölkənin insanları həm cismən həm də ruhən bir-birinə çox bağlıdır. Bir millətin iki dövləti olaraq düşüncə tərzimiz və qəlbimiz eyni döyünməkdədir. Milli qürur hissi, vətəninə, elinə bağlılıq gözəgörünməz hisslərdir, lakin onu duymaq və görmək üçün insanın könül dünyasına, söz mülkünə baş vurmaq yetərlidir. Şifahi xalq ədəbiyyatından tutmuş, yazılı qaynaqlara qədər uzun bir yol keçmiş şeir-sənət abidələrimiz bizim bir-birimizə nə qədər doğma olduğumuzu özgü şəkildə göstərməkdədir.
Zaman-zaman Qafqazlardan, Azərbaycandan qardaş Türkiyəyə köçüb gedən insanların sayı yüz minlərlə ölçülür.
Onlardan biri də uzun on illikər öncə Şəkidən Sarıqamışa yol alan, orda məskunlaşan həmvə-tənlərimizin davamçılarından biri – hazırda Fəthiyədə yaşayıb-yaradan şair-publisist Coşğun Qarabulud bəydir. Eşidən də ki, Coşğun bəyin ata-babaları əslən Azərbaycandan, üstəlik də, doğma Şəkidəndir, onun yaradıcılığına marağım daha da artdı.
Mirzə Fətəli Axundov, Bəxtiyar Vahabzadə kimi görkəmli yazıçı və şairlər yetirən Şəki torpağı öz söz-sənət adamları ilə hər zaman seçilib.
Şair-publisist Nazilə Gültacın uyğunlaşdırmasında “Hardan-haraya…” şeirlər kitabı məni çəkib çox uzaqlara apardı. Mən Fəthiyədən Şəkiyə, Azərbaycana boylanan bir Ürəyin səsini, döyün-tüsünü eşitdim, o ürəyin özünü gördüm…
İlk diqqətimi çəkən Coşğun bəyin şeirlərində yaşama və yaşanmışlara pozitiv yanaşma tərzi oldu. Şəkili qanının onun damarlarında axdığını şeirlərindəki incə, sətiraltı yumor hissindən duydum. Həm şeirləri, həm ədəbiyyatşünaslıq yazıları ilə fəal mövqe tutan bir ədiblə üz-üzə dayandığımı anladım.
Ümumiyyətlə, bədii söz həmişə zamanla insan arasında birləşdirici mövqe rolunu daşıyıb. Yazar bəzən zamanın axarına qoşulur, bəzən də axına qarşı üzərək, yeni bir tendensiya, bəlkə ahəng yaradır… Sözə, ədəbiyyata yeni nəfəs, yeni söz gətirir yazar. O, söz meydanında mübarizə aparır, gedişatla barışmır.
Şeirləri ilə tanış olduqca, hiss etdim ki, Coşğun Qarabulud da bu qəbildən olan şairlərdəndir. Mübariz ruhlu şair ictimai münasibətlərdəki əyər-əksiyə qarşı etiraz edir, ağrılı notlarla oxucuya üz tutur, ictimai düşüncəni laqeydlikdə qınayır. İnsan hisslərinin melodiyasını zümzümə edən şair, şeirlərində sanki bir simfoniya bəstələyib.
Şairin şeirləri yığcam və axıcıdır. Gərəksiz söz yığınından çəkinən şair, 2-3 misralıq şeirlərində belə, böyük mətləblərə toxuna bilir:

Mənim vəsiyyətim –
Hər şeyi zamana buraxıram..!

Bu, iki misralıq “Vəsiyyət” şeirindəki dərin fəlsəfi anlam, adamı özünə qaytarır. “Hər şeyi zamana buraxıram” deyən şair, əslində hər şeyi insanın vicdanına buraxmış olur…
Coşğun Qarabulud “şeir” və “mən” (bəlkə, “şeirdəki mən, məndəki şeir”…) prinsipi ilə yaşayır. Hər şeirin doğuluşunu özünün “doğuluş”u sayır. Şeiri bir çiçək bilir; toprpaqdan – yəni şair “mən”indən qidalanan çiçək..! Və deyir ki, nə olar çiçəyi tapdalamayın, qoparmayın, yoxsa, canım yanar…
İnsanlığı, həyatı, təbiəti ürəkdən sevən şairin şeirlərində həyat acıları, insan ruhunun əzəməti, bütövlükdə, insanlıq özü… incə cizgilərlə verilib. Şeirlər düşündürür; oxucu deyək ki, nəzər-diqqətdən uzaq qalan əşyaların halına belə, biganə qala bilmir:

Ununu ələyib,
ələyi asmışdım divardan.
İllər boyu alışdığından
cəhd edib boş-boşuna
bəzən düşür yerindən.
Nə bilsin unun bitdiyini..?
Hərdən mən də,
içində un varmış kimi
ələyirəm yalandan
könlü xoş olsun, – deyə…)))
(“TƏQAÜDÇÜ ƏLƏK”)

Sanki şair əşyaların tozunu deyil, nazını görür… dərdini, sevincini anlayır… İçi-çölü buz kimi soyuq adamlardan qəlbinə yığdığı soyuqluğun da əriməsini istəmir, qarı zirvədə saxlamaq istəyir. Axı, dağ qarsız cılız görünər…

Qardan adamlara xidmətimin bədəli,
yığıb saxladığım qardır bir yığın
bu illər ərzində.
Elə ki, bir rüzgar gördü,
qar fırtınaları əsər içimdə.
Göz gözü görməz.
Ayazlı gecələrdə donub qalıram,
Günəşdən də qorxuram,
əridər yığdıqlarımı…

Belə görünür ki, şair bir xətt cızıb özünə. Bu xətt onun yaşam trayektoriyasıdır. Əslində bu xətt heç də düz xətt deyil. …Bəli, qədər savaşında xəttimiz cızılıb…
Coşğun bəy ölümdən qoxmur, öldükdən sonra geridə onsuz qalanların acılarına üzülür, rahatsız olur:

Deyək ki öldük. –
Olsun,
hər kəs ölür.
Amma baxışmalar nə olacaq?
Dup-dup ürək döyüntüsü,
“səni sevirəm!” demələr,
sonra hey gözləmələr,
darıxmalar nə olacaq?..
(“DEYƏK Kİ, ÖLDÜK”)

Dünyada ədalət axtarır şair. Ədaləti yenə də insanda arayır, ürək ağrısı keçirir, onun kölgəsini özündən ədalətli sayır:

Dünyada ən ədalətli
insanın kölgəsidi,
Zəncidə də,
ağ insanda da
həmişə qaradı.

Ömrün payızında zamanı sarı yaprağa bənzədir. – Hətta, sonu acı ilə bitən eşqin əzabını, ağrısını da nikbinliklə qarşılayır, şair:

Bir nağıl başlamışdıq
səninlə,

Birdən göydən üç alma düşdü.
Üçü də başıma düşdü.

Şairin şeirlərindəki bəzi yanaşmalar adamı heyrətləndirir, diksindirir, hətta:

HƏYAT – bir yumurta kimidir –
ya quş olub uçacağıq
ya da bizdən
qayğanaq bişirəcəklər…
(“YOL AYRICI”)

Ələgəlməyən xoşbəxtliklərin, təbiət gözəlliklərinin ancaq insanla dəyərli olmasından, bütöv-ləşməsindən, insan varlığının çox qiymətli olmasından bəhs edir şeirlərində Coşğun bəy. Və deyir ki, “gedənlər getdi, gələnlər qalsın barı”…
Yaşının müdriklik çağında olan, ürəyində Şəki sevgisi, bütöv Azərbaycan həsrəti gəzdirən şairin bu şeirlər kitabı haqqında çox söz yazmaq olar. Məncə, ən böyük qiyməti oxucu verəcək.
İnanıram ki, fəlsəfi düşüncələrə, fikrin ən alt qatlarına səyahət edən şairin “Hardan-haraya” kitabı, Azərbaycan şeirsevərlərinin diqqətini çəkəcək.

Sonda,

Ağlım Şəkidə qalıb,
getsəm, deyirəm bir gün,
Qollarını həsrətlə açıb,
sarılan olarmı mənə?..

deyən şairə üzümü tutub deyirəm:
– Gözəl Şəki toprağının dəyərli insanları Sizi bağrına basıb, sarılacaq! Siz, gəlin. Xoş gəlirsiz!
Bu kitab o gözəl günün müjdəçisi olsun..!

Coşğun Qarabulud bəyə yeni yaradıcılıq uğurları, möhkəm can sağlığı diləyirəm!

(Kitabı bu ünvandan (da) oxumaq yaxud yükləmək olar –

http://kitabxana.net/?oper=readBook&id=2834)foto2foto

Oxunma sayı: 587

Leave a Reply