Ana səhifə BAŞ YAZI Səni mənə gətirmir, yolundan incimişəm…

Səni mənə gətirmir, yolundan incimişəm…

Müəllif: Bizim Yazı
1. 135 baxış

KÖNÜL ELDARQIZI (SƏFƏROVA)
1982-ci ildə avqust ayının 17-də Beyləqan şəhərində doğulub. Hələ orta məktəb illərindən ədəbiyyata ilgisi olan Könül Eldarqızı elə məktəb illərindən də lirik şeirlər yazmağa başlayıb, bədii yaradıcılığını davam etdirib. Beyləqan rayonundakı “Araz” ədəbi birliyinin üzvü olaraq o, 2014-cü ildə nəşr olunmuş eyni adlı almanaxda şerləri ilə çıxış edib. Rayon tədbirlərində yaxından və fəal iştirak edib, şerləri dövri nəşrlərdə dərc olunub. 2010-cu ildə “Könülün könül səsi” adlı ilk şeirlər kitabı işıq üzü görüb.

OCAĞINDAN KÜSMÜŞƏM,
KÜLÜNDƏN İNCİMİŞƏM

Ruhumun dincliyini bir baxışla alanım,
Səni mənə gətirmir, yolundan incimişəm.
Qədəminə iz olum, su tək axım, calanım,
Kuləklərlə öpüşən telindən incimişəm.

Gecə, gündüz çağırır səni, dilim, demişdin,
Dünyamsan, söyləmişdin, obam-elim demişdin,
Neçə gülün içində, mənə gülüm demişdin,
Yad çiçəkdən yapışan əlindən incimişəm.

Unut dedim könlümə, ürək qınadı məni,
Qırdı qol qanadımı, qəlbin inadı mənim;
Elə yandırdı-yaxdı sevdanın odu məni,
Ocağından küsmüşəm, külündən incimişəm

BAŞINA MƏN DOLANIM

Sabahımsan, axşamımsan,
yar, başına mən dolanım.
Pərvanəyəm, sən şamımsan,
dur, başına mən dolanım.

Dinlə, agah olsun sənə,
bağlanıram gündən günə;
İnan, sənsiz dünya mənə
dar, başına mən dolanım.

Mənim qibləm, ibadətim,
baş tacımsan, dəyanətim;
Ölənəcən sədaqətim
var, başına mən dolanım!

Kənar düşsün bizdən qada,
eşqimizi vermə bada;
Qıyma olum el-obada
xar, başına mən dolanım.

Ox olmusan, kaman mənəm,
sən bir dağsan, duman mənəm,
Səndən insaf uman mənəm,
ver, başına mən dolanım.

Sən olmusan sohbət-sözüm,
hicranına cətin dözüm,
Ağlamaqdan oldu gözüm
kor, başına mən dolanım.

Qəlbin sevir etmə inat,
ayılığın daşını at…
İkimizə sən toy-busat
qur, başına mən dolanım.

SİZDƏN BİZİM EVƏCƏN

Sizdən bizim evəcən təzə cığır düşəydi…
İzimiz o cığırda görüşüb öpüşəydi.
Aydınca səhərlərə cıxaydıq biz səninlə,
Düşüb ömrün arxına axaydıq biz səninlə.
Sizdən bizim evəcən təzə cığır düşəydi…
İlmələrə dönəydik, yanaşı toxunaydıq.
Həp-həzin bir nəğməyə,
lap bir kövrək misraya
dönüb biz oxunaydıq.
Sizdən bizim evəcən təzə cığır düşəydi…
Elə yozulaydı ki, gördüyümüz yuxular
çevrilib çin olaydı.
Xəyallar gerçək olub,
həsrət düşəydi bizdən
min ağac gen olaydı.
Qəfil arzu-diləklər gerçəyə çevriləydi,
Yerlə yeksan olaydı, lap dünya dağılaydı,
lap dünya devriləydi.
Təki bircə sən, zalım,
tək sən mənim olaydın.
Bəxtimə yazılaydın, ömrümə ömür qatıb,
ömrüm-günüm olaydın.
Sizdən bizim evəcən təzə cığır düşəydi…
kaş ki, qoşa düşəydik biz oyunda zər kimi
Birimiz acı olub, birimiz şirin olub,
təki qoşa olaydıq gülüşlə qəhər kimi.
Ya səma, ya da bulud, yada ki, quş olaydıq.
Biz bu ömür yolunda iki yoldaş olaydıq.
Sizdən bizim evəcən təzə cığır düşəydi…
Ömrümüz bir-birinə qaynayıb qarışaydı.
Vüsala yetişəydik…
Göydə ulduzlarımız ömürlük barışaydı.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.