Şəki folklor mühitində aşıq sənətinin inkişafı (1960-90-cı illər)

Oxunma sayı:1756

Tural ADIŞİRİN (ŞƏKİ)
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

Molla Cümə və Şəki aşıqları

XX yüzildə Şəkidə aşıq sənəti təkcə Molla Cümə sənəti ilə sınırlı qalmır. Yüzilliyin əvvəllərində bu el nəğməkarının yaradıcılığı ədəbi mühiti nə qədər zənginləşdirsə də, Şəki aşıq mühitinin araşdırılması bu gün öz tədqiqatçısını gözləyir. Çünki bu ərazidə 20-ci illərdən sonra Molla Cümə sənəti üzərində köklənən Doduda Aşıq Paşa, Baş Göynükdə Aşıq Camal, Aşıq Əhmədiyyə, Aşıq Nəcəf, Aşıq İsmayıl, Aşıq Azad, Baş Layısqıda Aşıq Sirac, Aşıq Hacıbala, Aşıq Nəzir, Aşıq Məmməd, Aşıq Əhməd, Aşağı Layısqıda Aşıq Əhməd, Daşbulaqda Aşıq Şamil, Biləcikdə Aşıq Musa, Şində Aşıq Güləhməd, Şabalıdda Aşıq Əhməd, Cəfərəbadda Aşıq Müğüm, Kiçik Dəhnədən Aşıq Həbillah, Aşıq Zeynal,Böyük Dəhnədən Aşıq Musabala, Şəki şəhərində Aşıq Sakit kimi saz-söz sənətini sevib yaşadanlar ömür sürmüşlər. Bəlli olduğu kimi, şifahi söz sənətinin digər sahələri kimi aşıq ədəbiyyatı da XX yüzilin 20-ci illərindən sonra sistemli şəkildə inkişaf etməyə başlamış, bu sahə ilə bağlı bir sıra geniş miqyaslı tədbirlər keçirilmişdir. “Şəki fəhləsi”qəzetinin 1930-cu illər buraxılışları Şəkidə aşıq sənətinin inkişafının öyrənilməsi baxımından böyük maraq doğurur. “Nuxa işçisi” qəzetinin saylarının araşdırılması göstərir ki, bu illərdə Şəkidə və onun ətraf kəndlərində aşıq sənəti inkişaf etmiş, bu ərazilərdə məşhur el aşıqları yaşayıb- yaratmışlar. 1938-cu ilin mart ayında Bakı şəhərində keçirilən Azərbaycan aşıqlarının II qurultayında digər bölgələrlə yanaşı nuxalı aşıqlar da iştirak etmişlər. Bu fikri təsdiqləyən ədəbiyyat azmanı, professor Yaşar Qarayev XX yüzildə çox doğru olaraq yazır ki, “…Şəkidə və kəndlərində aşıq ənənəsi əslində çox güclü olmuş, burada ilkin sovet vaxtı da canlı aşıq mühitləri fəaliyyət göstərmiş, onların rəsmi yığıncaqda seçilən nümayəndə heyəti Azərbaycan aşıqlarının ikinci qurultayında iştirak etmişdir.”
Ancaq təəssüf ki, folklorşünas alimlərin tədqiqatlarında Nuxa aşıqlarının fəaliyyətinə yer verilməmişdir. Məsələnin bu tərəfi ilə bağlı, görkəmli musiqişünas, folklorşünas alim, A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji İnstitutunun Etnokulturologiya Kafedrasının professoru, həmyerlimiz Faiq Çələbi çox doğru olaraq yazır: “XX yüzilin II yarısında, aşıqşünaslığın fəallaşdığı bir dövrdə tədqiqatçıların gözü Şəki tərəfə baxmadı, sonra isə suallar qarşısında aciz qalan alimlərin pərdəarxası söhbətləri başlandı. Yəni Şəki muğama və qəzələ aşiq, aşıq sənətinə isə biganə olan tacirlər və zadəganlar diyarı kimi qələmə verildi”. Aşıq ədəbiyyatını tədqiq edən alimlərin qələmi “Şəkidə aşıq mühiti” ifadəsini qəbul etmədiyi üçün, bu maraqlı və acı taleli mövzu tədqiqdən kənarda qaldı. “Nuxa işçisi” qəzeti 1938-ci il 10 və 12 yanvar saylarında Azərbaycan aşıqlarının II Qurultayında Şəki aşıqlarının iştirakı ilə bağlı Nuxa Şəhər Sovetində keçiriləcək müşavirədə iştirak edəcək aşıqların və yazıçıların adlarını açıqlayan bildiriş dərc etmişdi. 1938-ci il yanvar ayının 13-də gündüz saat 12-də Nuxa Şəhər Sovetində Nuxa rayonu aşıqlarının Nuxa sovet yazıçıları ilə birlikdə müşavirəsi çağırılmışdır. Qəzetin 10 mart 1938-ci il tarixli sayında Məmmədiyyə Süleymanlının “Nuxa aşıqlarının konfrensiyası”adlı məqaləsi həmin ilin mart ayının 4-də partiya maarifi evində Azərbaycan aşıqlarının respublika qurultayına hazırlıq münasibəti ilə Nuxanın bütün aşıqlarının sovet yazıçıları, ədəbiyyat müəllimləri ilə birlikdə keçirilən konfransı ilə bağlı bizdə dolğun təsəvvür yaradır. Konfransda Abdulla Faruqun məruzəsindən sonra aşıqların və ziyalıların çıxışları dinlənilmiş, çıxışlarda vurğulanmışdır ki, “rayonumuzda aşıqlar çoxdur, lakin onlarla heç bir əməli iş aparılmır. İstər rayon incəsənət işləri müvəkkili, istər Nuxa sovet yazıçıları, istərsə də ədəbiyyat müəllimləri aşıqların yaradıcılıqlarının artmasına, onların siyasi və texniki biliklərinin yüksəlməsinə yaxından fikir vermirlər. Ona görədir ki, bəzi aşıqlar hələ də savadsızdırlar”. “Nuxa işçisi” qəzetinin redaksiyasının əməkdaşı, əslən Oxud kəndindən olan Camal Qədirli daha sərt mövqedən çıxış edərək Nuxada aşıq sənətinin inkişafına olan laqeyd münasibətdə keçmiş şəhər rəhbərliyini günahlandırmışdır. O demişdir: “Vaxtilə Şəhər Partiya Komitəsində əyləşmiş xalq düşmənləri Cuvarlinski, Soltanov və keçmiş Şəhər Soveti sədri incəsənət işlərində pozğunçuluq yaratmışlar. Xüsusilə, aşıqlara qarşı əhv edilməz bürokrat münasibət bəsləmişlərdir. Onlar aşıqların tez-tez müşavirələrini çağırmamış, onlarla geniş iş aparmağa qətiyyən əhəmiyyət verməmişlərdir. Hələ Cüvarlinskinin məsləkdaşı, ifşa olunmuş düşmən Ələşrəf İsmayılov həmişə aşıqları ruhdan salmış, onları incitmişdir. Bu həyasız adam: “Əsərlərinizi çap etdirəcəyəm”- deyərək aşıqlarımızın yazılarını toplamış və onları öz evinə yığıb saxlamışdır”. Məqalənin sonundan II Aşıqlar Qurultayına seçilmiş nuxalı nümayəndələrlə bağlı oxuyuruq: “Çıxışlardan sonra Azərbaycan aşıqlarının respublika qurultayına seçkilər başlanmış, bu qurultaya Aşıq Şamil, Layısqılı Əhməd, Aşıq Paşa, Şabalıdlı Əhməd, Aşıq Müğüm yoldaşlar bir səslə deleqat seçilmişlərdir”.
Verilmiş qeydlərin qısa şərhindən gördüyümüz kimi, XX yüzilin birinci yarısında bu gün monoqrafik aspektdə tədqiq edilməsi vacib olan Şəki aşıq sənəti haqqında da məlumatlar yox deyildir və bu məlumatlar sanki tədqiqatçıya istiqamət verir. Əsrin ikinci yarısında Şəkidə aşıq sənəti daha geniş inkişaf etmiş, Molla Cümə varisləri olan Aşıq Əhmədiyyə, Aşıq Hacıbala, Aşıq İsmayıl, Aşıq Əhməd, Aşıq Musa , Aşıq Məmməd, Aşıq Sirac, Aşıq Sakit və digər aşıqlar yetişib fəaliyyət göstərmişlər ki, onların hər birinin həyat və fəaliyyəti haqqında aşağıda məlumat verəcəyik.
XIX yüziln ikinci yarısı və XX yüzilin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatının qüdrətli nümayəndəsi Molla Cümə haqqında çox yazılıb. Folklorşünas alimlərimizdən Paşa Əfəndiyev, Məhərrəm Qasımlı, Sədnik Paşayev, Qara Namazov, Qiyas Vəkilov və başqaları aşığın ömür və yaradıcılıq yolu ilə bağlı maraqlı, həmçinin mübahisəli fikirlər söyləmişlər. Hətta aşığın bu gün əlimizdə olan şəklinin necə tapılması ilə bağlı Molla Cümə tədqiqatçıları şair- aşığın tərcümeyi- halını yazarkən ədəbi və elmi ictimaiyyətə heç bir məlumat verməmişlər. Aşığın şəkli ilə bağlı məlumatı Cüməşünaslığa ilk dəfə “Şəki fəhləsi” qəzetinin redaksiyasına uzun illər rəhbərlik etmiş, mübariz jurnalist Məhyəddin Abbasov ( Paşazadə) vermişdir. Bu nadir tapıntı ilə bağlı onun “ Nuxa fəhləsi” qəzetinin 1967-ci il 5 may tarixli sayında dərc olunmuş “Qiymətli tapıntı” adlı məqaləsindən oxuyuruq: “…Keçən il (1966-cı il nəzərdə tutulur.) “Qafqaz”, “ Fəhlə- kəndli birliyi”, “Paris Kommunası” kolxozlarının üzvləri, müəllimlər aşıq Molla Cümənin qəbri üstündə xatirə lövhəsi və onun büstünü qoymaq təklifini irəli sürdülər. Bu təşəbbüs bəyənildi. Büstün və xatirə lövhəsinin hazırlanması üçün respublika bədii fonduna müəyyən vəsait keçirildi. Bədii fondda işləyən həmyerlimiz, gənc heykəltəraş Albert Mustafayev büstü hazırlamağı öhdəsinə götürdü. Aşığın şəkli tapılsaydı, heykəli daha real və əslinə uyğun hazırlamaq mümkün olardı. Axtarış başlandı. Ola bilməz ki, Nuxa- Zaqatala zonasında Molla Cümə kimi məşhur aşığın şəkli olmasın. Nuxa Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi Qəni Hüseynov və baş baytar həkim Əsgər Əsgərov Balakənə getdilər. Belə xəbər eşitmişdilər ki, balakənli Qazaq İsmayılın atası Molla Cümə ilə dost olmuşdur. Bəlkə aşığın şəkli onda ola?. Orada şəkil tapılmadı. Lakin dedilər ki, Zaqatala İstehsalat İdarəsinin baş baytar həkimi Əziz Abdullayev bu haqda daha dürüst məlumat verə bilər. “Kəşfiyyatçılar” Zaqatalaya gəldilər… Əziz onları evə dəvət etdi və xeyirxah niyyətlə dedi:
-Bu işə kömək etməyə hazıram. Mənim arvadımın atası qaxlı Cəlal Məmmədov aşıq Molla Cümə ilə qardaş kimi yaxın dost olub. Qızı atasının şəklini yadigar saxlayıb.
Sonra Əziz çağırdı:
-Ay arvad, o sandıqdakı şəkilləri bura ver!
Sandıq küncündə, qaranlıqda qalan şəkil bir azdan işığa çıxdı. Masa üstünə qoyuldu. On bir nəfərin birlikdə olan şəkli 1912- ci ildə Axtıda ( Dağıstan) mədən suyu ilə müalicəyə gedəndə çəkilmişdir. Əziz Molla Cümənin on bir nəfərdən hansı olduğunu göstərdi.
Q. Hüseynov və Ə. Əsgərov Nuxaya gəldilər. Şəkli yoxlayıb dürüstləşdirmək lazım idi. Baş Layısqı kəndində Molla Cümənin qızı Reyhan yaşayır. Kollektiv şəkildə atasını göstərməyi ondan xahiş etdilər. Reyhan xanım başında uzun papaq, çuxasında döş saatı və belində xəncəri olan şəkli göstərdi. Aşağı Göynük və Baş Layısqı kəndlərinin qoca sakinləri də şəklə baxan kimi Molla Cüməni tanıdılar. Daha heç bir şübhə yeri qalmadı”.
Aşığın tərcümeyi-halından yazan tədqiqatçılar onun ata babası Molla Orucu nəslin kökündə dayanan bir ağsaqqal kimi xatırlasalar da, onun aşıq olması ilə bağlı oxuculara heç bir məlumat verməmişlər. Şəki folklorunun toplanılmasında əvəzsiz xidmətləri olan Hikmət Əbdülhəlimovun bu vacib elmi məsələ ilə bağlı aşağıdakı qeydləri böyük maraq doğurur. O yazır: “…Şəki rayonunun Baş Layısqı kəndinin sakini, 1921-ci il təvəllüdlü Aşıq Məmməd Babayevin dilindən Molla Cümənin nəvəsi Mövlüd Əzizovun qələmə aldığı “ Burslu qızı” şeiri onun müəllifi-Molla Cümənin ata babası Molla Orucun yaradıcılığına işıq saldı. XVIII-XIX yüzillərdə yaşayıb yaratmış aşıq Molla Orucun bizə gəlib çatan ilk sənət müjdəsi onun yaradıcılığına dair araşdırmalar aparılması lüzumunu ortaya qoymaqla həm də “ot kökü üstə bitər” atalar sözünün yüzdə-yüz faiz təsdiqi kimi Molla Cümənin doğma və münbit zəmində meydana çıxdığını göstərməkdədir”. Aşığın 1920-ci ildə öldürülməsi ilə də verilən məlumatlar, söylənilən rəvayətlər bir-birini tamamlamır. Molla Cümənin həyatı ilə bağlı məlumat toplamaq məqsədilə Qumux kəndində olarkən ünvan soruşduqda nəvəsi Mövlud Əzizovun ailəsini nişan verdilər. Aşığın nəticəsi Habil Əzizovdan aldığımız məlumatlar Molla Cümənin elmi tərcümeyi-halına maraqlı, yeni əlavə kimi dəyərləndirilə bilər. Molla Cümənin öldürülməsilə bağlı folklorşünas, professor Paşa Əfəndiyevin tərtibi ilə “Molla Cümə: Əsərləri” (2006) adlı kitabdakı məlumatları olduğu kimi oxucuların nəzərinə çatdırırıq: “1961-ci ildə Şəkidə ekspedisiyada olarkən internat məktəbin dil və ədəbiyyat müəllimi Cahangir Qazıyevlə tanış olduq.O,bir neçə il idi ki, aşığın şeirlərini toplamaqla, tərcümeyi-halını öyrənməklə məşğul idi. C.Qazıyev o zaman “Şəki fəhləsi” qəzetində Molla Cümə haqqında dərc etdirdiyi məqaləsini bizə təqdim etdi. Məqalədə Molla Cümənin ölümü ilə bağlı aşağıdakı sözlər yazılmışdı: “1920-ci ilin may ayının əvvəllərində XI Qızıl Ordunun hissələri Şəkidən Zaqatalaya doğru gedərkən bu yolun ətrafındakı kəndlərin varlıları orduya müqavimət göstərmək fikrinə düşüblər. Burada atışma başlayır. Bir çox yoxsul kəndli ordu ilə orduya qarşı mübarizə aparanların arasında qalır. Molla Cümə də yoxsulların yanında idi. Bu vaxt ona güllə dəyir”. Şəkinin Baş Göynük kəndindən olan, sənəti etibarı ilə feldşer olan Yaqub Əkbərov doğma dayısı Mahmud müəllimin hekayətini olduğu kimi bizə (Paşa Əfəndiyev nəzərdə tutulur) danışdı. Mahmud o zaman Aşağı Layısqıda müəllimlik edirmiş. Şəki-Zaqatala tərəfdə qarışıqlıq düşən vaxtı, yəni sovet hakimiyyətinin qurulmasına qarşı Zaqataladan olan Hafiz Əfəndinin düzəltdiyi müqavimət və mübarizə zamanı məhz burada, Aşağı Layısqıda qaçhaqaç düşür. Çünki XI Qızıl Ordunun əsgərləri ilə Hafiz Əfəndinin adamları arasında atışma olur. Camaat dağlara çəkilir. Bu zaman Mahmud müəllim də atnan qaçırmış. O danışır ki, atnan gedirdim. Bir də gördüm, Molla Cümə çiynində saz yol ilə çox sakitcə yeriyir. Nə qədər təkid etdim, gəl min ata qaçaq, razı olmadı. Cavab verdi ki, mən aşıq babayam, mənə heç kim heç nə eləməz, heç bir yerə qaçmaram, qonşu kəndə gedirəm. Mən atla uzaqlaşandan sonra güllə səsi eşitdim. Məncə, bu güllə Molla Cüməyə dəydi.”
Molla Cümənin qızı Reyhan xanım atasının ölümü haqqında belə danışır: “Əvvələn, atam nə özü kənddən çıxıb, nə də ailəsini heç yerə qaçmağa qoymamışdır. O zaman Aşağı Layısqı kəndinin əksər camaatı dağlara qaçmışdı. Ancaq Molla Cümə ailəsilə birlikdə kənddə qalıb. Onda elə bir qənaət olub ki, sənətkar adamdır, ona heç kim, heç nə eləməz. Axşamçağı kəndin bir neçə hörmətli adamı ilə birlikdə Molla Cüməni də evindən aparıblar. Ondan sonra aşıqdan bir xəbər çıxmamışdır. Bir neçə gündən sonra meşədən meyidi tapılmışdır.”
Şəkinin Aşağı Layısqı kəndində yaşı yüzə çatmış İdris Mustafayev (O, Molla Cümənin uşaqlıqdan dostu olmuşdur) söyləyir ki, doğrudan da, ordunun hücumu kəndə, camaata çox zərər vurdu. Bu atışma zamanı səhvən çox adamlara güllə dəydi. Onlar ya yaralandı, ya da öldülər. İ.Mustafayev davam edir: “Təxminən mayın axırları idi, nisbətən ara sakitləşmişdi. Bir də yolun kənarında olan kolluqdan nəsə ağır bir qoxu hiss edilir, camaat şübhələnir. Gedib baxırlar. Bir neçə insan cəsədi tapırlar.
Göründüyü kimi, aşığın öldürülməsi ilə bağlı söylənilən rəvayətlər müxtəlif məzmun çalarları ilə seçilir. Molla Cümənin nəticəsi Habil Əzizov Qumux kəndində olarkən bu sətirlərin müəllifinə Molla Cümənin öldürülməsi ilə bağlı maraqlı və həqiqətə uyğun olan məlumatı atasından eşitdiyi şəkildə danışdı: “Atam deyərdi ki, 1920-ci ilin aprel-may aylarında Qızıl Ordu hissələri Aşağı Göynüyə yaxınlaşdığı zaman bu zonada Qırmızı Orduya qarşı üsyan qalxıb. O zaman Reyhan nənəmin cəmi 14 yaşı olub. Kişilər silahlanaraq Qırmızı Orduya qarşı vuruşublar. Qadınlar isə hamının müqəddəs, toxunulmaz məkan bildiyi Molla Cümənin evinə yığışıblar. Əsgərlər Molla Cüməni evindən çağırıb həyat yoldaşı Zöhrə xanıma bildiriblər ki, Aşağı Göynükdə Şura hökumətinin qurulması ilə bağlı iclas olacaq, hörmətli şəxs olduğu üçün onu oraya aparırlar. Əhvalatdan xəbərdar olan qonşu və iki oğlu aşığın aparılmasına etiraz edəndə əsgərlər şübhələnməsinlər deyə onları da özləri ilə aparıblar. Səhərisi gün aşığın hazırkı büstünün yerində Molla Cümənin, qonşusu və qonşusunun iki oğlunun qılıncla doğranmış vəziyyətdə cəsədləri tapılıb. Onlar həmin yerdə dəfn olunublar. Molla Cümə evdən aparılandan bir neçə saat sonra həmin əsgərlər yenidən aşığın evinə hücum etmək istəmiş onlara etirazını bildirən aşığın həyat yoldaşı Zöhrə xanımı güllə ilə vurmuşlar. Qıçından güllə yarası alan Zöhrə xanım yerindəcə keçinmişdir. Evdə olan qadınlar təlaş və həyəcan içərisində əsgərlərdən yaxa qurtarmaq üçün ətrafa qaçmışlar. Molla Cümənin Qumux kəndində yaşayan bacısı Aməntə xanımın oğlanları hadisədən xəbərdar olduqda Cümənin yeganə yadigarı olan 14 yaşlı qızı Reyhanı və bir neçə qadını taparaq Qumuğa gətiriblər. Aməntə xanım onun təlim-tərbiyəsilə məşğul olaraq böyütmüş, sonralar kiçik oğlu İbrahimlə evləndirmişdir. Bu izdivacdan Reyhan xanımın bir oğlu- Mövlüd İbrahim oğlu Əziziov doğulmuşdur”.
Ümidvaram ki, görkəmli aşığın elmi tərcümeyi–halını yazarkən bu qeydlərim tədqiqatçıların diqqətini cəlb edəcəkdir. Bu gün aşığın nəticəsi Elman Əzizov Molla Cümə irsinin ciddi şəkildə tədqiqi ilə məşğuldur. Molla Cümənin poeziyası forma və məzmun baxımından XIX yüzilin ən qüdrətli aşığı sayılan Dədə Ələsgərlə səsləşir. Professor Paşa Əfəndiyev XX yüzil Şəki ədəbi mühitində özünəməxsus yer tutan Baş Göynüklü Şərif İdrisovun qeydlərinə söykənərək Molla Cümənin elmi irsində özünə yer almayan, oxuculara çatdırılmayan şagirdləri ilə də bağlı maraqlı bilgiləri Molla Cümənin əsərlərinin 2006-cı il nəşrində oxucuların nəzərinə çatdırır. Hörmətli professorun qeydlərindən: “…Mən Şərif müəllimə məktub yazdım ki, Molla Cümənin şagirdləri haqqında mənə məlumat əldə etsin… Şərif müəllim məktubun əvvəlində yazır ki, Molla Cümə el sənətinin sirlərini onlarla şagirdlərinə öyrətmişdir. Şagirdləri içərisində aşağıdakı şəxslərin adları çəkilir: Ləzgi Aşıq Yarəli, Məhəmmədəli, Ümid Ağa Gözlü, Aşıq İsgəndər, Aşıq Məhəmməd, Putullu (Dağıstan-P.Ə.) Aşıq Hacı Məhəmməd, Qadruxlu (Dağıstan-P.Ə.) Aşıq İsmayıl, Zəyəmli (Qax) Molla Oruc, Aşağı Göynüklü Aşıq Yusif, Baş Layısqılı Aşıq Hacıbala, Aşıq Kərəmoğlu, Qaçayoğlu Aşıq Məhəmməd, Əlizadə Almalı, Qara Oruc İsmayıllı və sairə”dən də yüksəkdə durur.

Aşıq Sirac
Aşıq Siracın “Gözləyən var yollarımı” (2003) şerlər kitabını vərəqlədikcə, ancaq bir qənaətə gəlirsən ki, Molla Cümədən sonra bu torpağın (Şəki torpağı-Layısqı torpağı nəzərdə tutulur-K.A.) yetirdiyi ən istedadlı aşıqlardan biri Aşıq Siracdır. Tədqiqatçı alim Əjdər Fərzəli çox doğru olaraq yazır ki, “Azərbaycan klassik aşıq poyeziyasının parlaq simalarından olan Molla Cumə yaradıcılığı ozündən sonra Azərbaycan aşıq məktəbinin və Azərbaycan xalq şerinin inkişafına güclü təkan vermişdir.”
Sirac Abuzər oğlu Həbibullayev 1933-cü ildə Baş Layısqı kəndində dünyaya göz açmışdır. Atası Abuzər müəllim dövrünün qabaqcıl maarifçilərindən olmuş, Şəki ərazisində yetərincə ad-san qazanmışdır. Sirac Həbibullayev 1940-1947-ci illərdə Qax rayonunun Qorağan kənd məktəbində 7 illik təhsil almış, orta məktəb dövrü müharibə illərinə düşmüşdür. Yeniyetməlik yaşından aşıq sənətinə, saza-sözə ürəkdən bağlı olduğundan, bu sahədə dərindən formalaşmaq üçün 1959-cu ildə respublikanın ikinci mədəniyyət mərkəzi Gəncə şəhərinə köçmüşdür. Gənc aşığın Gəncəyə koçməsinin bir səbəbi də Borsunlu Məzahir Daşqının dəvəti olmuşdur.
Gəncədə məskunlaşdığı andan o, dünyagörüşü, zəkası və istedadı ilə sənət adamları arasında tanınmağa başlamış, tanınmış aşıqlarla və şairlərlə ünsiyyət yaratmış, dostluq və ünsiyyət Sirac Həbibullayevin həyatında və yaradıcılığında şübhəsiz ki, mühüm rol oynamışdır. Eyni zamanda gənc sənətkar Orkestr Musiqiçilər Bürosunda işə düzəlmiş, 1965-ci ildən isə bu büro Aşıqlar İdarəsinə çevrilmiş, o, bu təşkilatda 19 il çalışmışdır.
Şeir yazmağa 1946-cı ildə başlayan Aşıq Sirac Gəncədə eyni zamanda üç peşə sahəsini özündə birləşdirmişdir: şair olmaq, aşıq kimi yetişmək və sazbənd peşəsinə yiyələnmək. Bu üç sənət sahəsinə məhəbbət hissi onun ürəyinin dərinliklərinə kök salmışdır. Xüsusilə, sazbəndlik peşəsinə bağlılıq bibisi Sara xanımın ona sazbənd Həvildən saz aldığı gündən başlamışdı. O zaman balaca Sirac Qax rayonunun Qorağan kəndindəki yeddi illik məktəbdə oxuyurdu. Sazbənd Həvilin mehri uşağa düşmüşdü, odur ki, onu öz yanında saxlamaq istədiyini Sara xanıma bildirərək demişdi:
-Mənim bacım, bu Sirac halal uşaqdır. İzn versəniz, mən onu öz evimə aparardım. İki uşağım var idi bu günədək, indən belə üç olsun. Təklif edirəm, Sara bacım gəlsin evimin də şəraitinə baxsın.
Sara xanım Sazbənd Həvilin ev şəraitindən də razılıq etdi. Ustanın həyat yoldaşı ilə bir qədər söhbətdən sonra Qorağan kəndinə qayıtdı. Abuzər müəllim bacısına inanırdı. Əgər müəllim, usta öz şəyirdini bu dərəcədə əzizləyirsə gərək ondan narazılıq etməyəsən. Bir neçə gündən sonra Abuzər müəllim Siracın ilk iş yeri və ustası Həvillə özü də gəlib şəraitlə tanışlıqdan sonra razılıq etdi.
Sirac birinci arzusuna çatmışdı. Şəyirdliyinin ikinci ilində o, artıq özü sərbəst olaraq saz düzəldə bilirdi. Siracın ilk səs sınağı Qorağan kənd yeddi illik məktəbinin növbəti buraxılışı münasibəti ilə keçirilən təntənəli yığıncaqda olmuşdu. O, ilk dəfə orada aşıq kimi çıxış etmişdi. Onun oxuduğu mahnılar iştirakçılar tərəfindən razılıqla qarşılanmışdı. Səsi və aşıqlıq məharəti Layısqıda hamının hörmət bəslədiyi Əhməd müəllim tərəfindən də bəyənilmişdi. Bu söz sərrafı olan insan bu gənc oğlanı alqışlayaraq onun parlaq gələcəyi olacağını söyləmişdi. Sonrakı illər Əhməd müəllimin ümidlərini doğrultmuşdu. Sirac Həbibullayev yaradıcı, improvizist aşıq kimi yetişmişdi. Ancaq necə? Əlbəttə ki, sonsuz çalışqanlığının, yuxusuz gecələrinin hesabına.
Aşıq Siracın şeirlərinin ünvanına nəzər yetirdikcə təəccüblənməyə bilmirsən. Az qalır ki, hər bədii nümunənin sonunda Azərbaycanın bütün diyarları, oba-oymaqları öz əksini tapsın. O dəqiqə XIX yüzilin ünlü şairi S.Ə.Şirvaninin həyatından bir lövhə yada düşür. Vaxtilə Şamaxı məktəbində şagirdləri sevimli müəllimlərinin [S.Ə.Şirvaninin] dərin biliyinə heyran qalıb, “müəllim, siz bu qədər biliyi haradan qazanmısınız?” – sualına, dahi şair: “səyahətlərimdən” – deyərək cavab vermişdi. Aşıq Siracın da seirlərinin sonunda onun ilhamının mənbələri öz əksini tapıb. Bəlkə də onun yaradıcılığında çoxçalarlığı yaradan, məzmun gözəlliyini təmin edən yurdunu, Vətənini daha yaxşı tanıması, qarış-qarış gəzməsidir. 50-ci illərdə ədəbi yaradıcılığa başlayan, şifahi xalq ədəbiyyatının bütün çalar və rənglərinə, xalqın bədii təfəkkürünə, əfsanə və nağıllarına, dastan və bayatılarına, mifik təsəvvürlərinə, adət-ənənələrinə yaxından bələd olan, yaradıcılığında aşıq ədəbiyyatının bütün janrlarında-qoşma, gəraylı, divani, müxəmməs, təcnis, qıfılbənd və digər janrlardan məharətlə istifadə edən Aşıq Sirac, sənətin bütün çətinliklərinə, əzab və məşəqqətlərinə ləyaqətlə sinə gərmişdir.
Aşıq Siracın yaradıcılıq nümunələri forma və məzmun baxımından olduqca bitkindir. Məs. “Bilmirəm” rədifli gəraylısına diqqət edək:

Ürəyimdə dərdim çoxdu,
Arzuma çata bilmirəm.
Gözlərimdə yuxu yoxdu,
Gecələr yata bilmirəm.

Bir tərlanım qaçıb getdi,
Sirri yada açıb getdi,
Yad ellərə uçub getdi.
Sorağın tuta, bilmirəm.

Siracam, gəzib hər yanı,
Tapa bilmədim cananı,
Birdəfəlik bu hicranı
Qəlbimdəm ata bilmirəm.

Aşığın “Dağlar” rədifli gəraylısında yurdunun təbiətinə, başı qarlı dağlarına, sərin yaylaqlarına olan məhəbbəti öz əksini tapmışdır. Aşıq yazır:

Bu gün qoynun gülər yenə,
Zirvələri qoşa, dağlar.
Baxan heyran olur sənə,
Hüsnün gəlir xoşa, dağlar.

Gəzdim sərin yaylağında,
Könül açan oylağında,
İsti suyun bulağında,
Təbim gəldi cuşa, dağlar.

Bahar olcaq, gülün açır,
Yamaclardan cüyür qaçır,
Qayalardan kəklik uçur.
Qonur daşdan-daşa, dağlar.

Nə dərd səni edib yorğun,
Sənin məndən budur sorğun.
Kədərliyəm, çünki Vurğun
Ömrün vurdu başa, dağlar.

Siracın artıbdır qəmi,
Yenə gəldi hicran dəmi,
İnsan solar çiçək kimi,
Sən əbədi yaşa, dağlar.

Aşığın təbiət lirikasının ən gözəl nümunələrindən olan “Şəkidə”, “Görün”, “Arasında” və s. gəraylılarında da eyni ruh hakimdir. Aşıq Siracın “Zeynəb”, “Nabat”, “Əlfinaz”, “Zümrüd” adlı gözəlləmələrində el qızlarının hüsnü cəmalı, zahiri və daxili gözəlliyi tərənnüm edilir. “Zeynəb” şeirinə diqqət edək:

Pəncərədən oğrun-oğrun,
Nə baxırsan yola, Zeynəb?
Camalına oldum vurğun,
Al yanağı lala, Zeynəb.

Muştaq oldum ala gözə,
Tüti dilə, şirin sözə,
Dilim tutmur deyim sizə,
Bu dərdimi bala, Zeynəb.

Özündən varmı xəbərin?
Günəşisən al səhərin,
Gözəllikdə bərabərin,
İnanmıram ola, Zeynəb.

Olmaz sən tək mina gərdən,
Apardın əqlimi sərdən,
Ağ üzündən öpüb hərdən,
Sirac qadan ala, Zeynəb.

Şeir sənətkarlıq baxımdan da diqqəti cəlb edir. Aşıq-şair gözəlin yanağını laləyə, cəmalını günəşə, boyunu sərvə bənzədərək təşbehlərdən, “ala göz”, “şirin söz”, “tuti dil”, “al səhər”, “ağ üz” epitetlərindən məharətlə istifadə edərək poetik obrazlılığı artırmışdır.
Aşıq Siracın poetik irsində qoşmanın təcnis, cığalı təcnis, nöqtəsiz təcnis, dil tərpənməz təcnis növlərindən də orijinallıqla istifadə edilmişdir. Şair Molla Cümə yaradıcılığında təsadüf edilən “əvvəl-axır” (yəni misralar hansı hərflə başlayırsa, həmin hərflə də qurtarmalıdır) formasına sadəlik gətirərək “əvvəl eyni hərf” formasını da yaradıcılığında tətbiq etmişdir:
Molla Cümədə: əvvəl-axır: “D” hərfi üzrə:

Dilbərim, sən olma yad, boyu şümşad,
Dərmansız dərdimə sən eylə imdad,
Dillərin bülbüldü, gözlərin cəllad,
Dad əlindən ey dad, sən eylə imdad.

Aşıq Siracda: əvvəl eyni hərf: “D” hərfi üzrə

Dilin dəlil deyir dalda darğasan,
Dal deyildir dalansa dala, dal
Dərdə dəlalətsən, dəxi dardasan,
Dadrəst dilə, danış dərdin dal-dala.

Ədalət naminə qeyd edək ki, “əvvəl-axır” formasını təcnisə tətbiq etmək olduqca çətin olduğundan istedadlı aşıq bu yolla getməmişdir. Aşığın ustadından geri qalmaması yüksək sənətkarlıqla qələmə alınmış “a”, “s”, “q”, “b”, “v”, “d”, “ə”, “e”, “j”, “z”, “y”, “i”, “g”, “l”, “k”, “m”, “o”, “ö”, “p”, “r”, “ü”, “u”, “t”, “x” hərfləri üzrə əvvəl-axırlarında öz əksini tapmışdır. Bu qəbil şeirlərində danılmazdır ki, aşıq Molla Cümə sənətini belə üstələmişdir. “H” hərfi üzrə “əvvəl-axır”ına diqqət edək:

Həyatda görmədim fərəh,
Həsrət məni üzdü billah.
Hərzə-hədyan deyən əbləh,
Həzar edib dərdim vallah.

Haqq sevən əməli saleh,
Hamını eyləyər valeh,
Həqir, alçaq, həm bəd taleh,
Həmişə ağlar inşallah.

Aşığın yaradıcılığında doğma Şəkiyə və ana yurdu Layısqıya həsr etdiyi şeirlər bənzərsiz poetik örnəklərdir. Şairin “Şəkinin” adlı şeiri etnoqrafik səciyyə daşıyır. Şair Şəkiyə aid bütün xüsusiyyətləri iqlimindən tutmuş, görkəmli şəxsiyyətlərinədək şeirdə poetik sözün qüdrəti ilə əks etdirmişdir. Şeirdən bir neçə bəndi oxucularımızın nəzərinə çatdırırıq:

Müqəddəs yurdumuzun aləmdə tapılmaz tayı,
Mülayim keçir yazı, payız, qışı, həm də yayı,
Şəhərə rövnəq verir əzəmətli Xan sarayı,
Həkk olub hər daşına uluların hay-harayı.
Tarixi, qədimlərdən verir sorağı Şəkinin.

Sehirlidir qara zurna, ovsunlayıb ürəkləri,
Bu sənəti yaşadacaq, Həbillahı, Ələfsəri,
Tar-kaman xatırladır, Əlöfsəti, Ələsgəri,
Saxlanır arxivlərdə minlərlə sənət əsəri,
Nur saçır gələcəyə bu şən növrağı Şəkinin.

Möhtərəm ədibimiz, həm fəxrimiz Sabit Rəhman,
Yazıb çox komediya, hikmət dolu, səlis, rəvan,
Lütvəli Abdullayev, aləmləri edib heyran,
Girib hər komik rola, səhnələrdə açıb meydan,
Şən gülüş ustasına, çoxdur marağı Şəkinin.

Yayılıb Bəxtiyarın şöhrəti yer kürəsində,
Çağlayır ləl mədəni, onun coşqun sinəsində,
Fəlsəfə alimidir, min məna var kəlməsində,
Görürük bu gün onu, Nizamilər zirvəsində,
Xalqımın şair oğlu, olub çırağı Şəkinin.

Partizan Əhmədiyyə, cəsur olub Fransada,
Onun bu cəsarəti, yüksəldibdir fəxri ada,
Köksündə hərbi medal daxil olanda parada,
General qarşısında, addımlayıb ön sırada,
Belə mərd yetişdirib, ana torpağı Şəkinin.

Aşıq Siracın “Layısqı” şeiri onun doğulub boya-başa çatdığı doğma yurda olan sonsuz məhəbbətinin ifadəsidir. Bu şeiri haqlı olaraq tədqiqatçı Əjdər Fərzəli “lirik poema” adlandırır. Şeir-poemada şair Layısqının təbiətini, qalın meşələrini, rəngarəng florasını, faunasını, müqəddəs ocaqlarını, cənnətə bənzərliyini tərənnüm etməkdən doymur. Şeirin bir neçə bəndini oxucuların nəzərinə çatdırırıq:

Şəfalı Qafqazın dilbər guşəsi,
Yetirir hər naz-nemətin, Layısqı.
Ətlasa bürünən dağlar meşəsi,
Göstərir xoş səxavətin, Layısqı.

Çəkiləndə qışın dumanı, çəni,
Yağır leysan, yuyur çölü, çəməni,
Gəlintək bəzəyir təbiət səni,
Bir aləmdir lətafətin, Layısqı.

Qalıb yaddaşımda körpəlik çağım,
Uşaqlıq illərim, gənclik növrağım,
Əziz ana yurdum, ana torpağım,
Kim unudar məhəbbətin, Layısqı?

Sazımın, sözümün ilk təməlisən,
Könül rübabımın incə telisən,
Molla Cümə vətənisən, elisən,
Məşəlisən səadətin, Layısqı.

Yetirmisən alim, aşıq, ziyalı,
Qız-gəlinin xoş ismətli, həyalı,
İnsan təfəkkürü, insan xəyalı,
Artırıbdır mətanətin, Layısqı.

Hər kəsin gələndə əziz qonağı,
Zövq ilə bəzənir qonaq otağı,
Açılır süfrələr Hatəm sayağı,
Başlanır şən ziyafətin, Layısqı.

Adəm dünyasına burda gəlmişəm,
Çalıb-çağırmışam, deyib-gülmüşəm,
Hər yerdən müqəddəs səni bilmişəm,
Kəsmə məndən ünsiyyətin, Layısqı.

Müqəddəs ruhların nurlu sayəsi,
Üstündədir, bilir Moğal məhləsi,
Nurullahın, Şeyx Mütüşün türbəsi,
Olub şərəf, şan-şöhrətin, Layısqı.

Hacısalahdır, müqəddəs pirin, ocağın,
Saxlayır zavaldan elin, oylağın,
Odur havadarın, ümid çırağın,
Şəfa verən ziyarətin, Layısqı.

Siracam, qoynuna demişəm cənnət,
Qədir-qiymətini bilməz müxənnət,
Mən necə özümü sanmayım xoşbəxt,
Sakiniyəm bu cənnətin, Layısqı.

Yaradıcılığının ideya-bədii dəyərini, həmişəyaşarlılığını duyan Aşıq Sirac “Mən” rədifli qoşmasında yazır:

Kamil ustadıyam dövri-zamanın,
Hikmət dəryasının qəvvasıyam mən.
Aşıqlar anası Molla Cümənın,
Müəmma, təcnisi, cinasıyam mən.

Cinasdan yaratdım nöqtəsiz təcnis,
Divani, dildönməz, hər biri nəfis,
Nadanlar sözümə qoy desin naqis,
Sənət binasının bənnasıyam mən.

İnanırıq ki, Aşıq Siracın rəngarəng janrlarla zəngin yaradıcılığı tədqiqatçıların diqqətini cəlb edəcək, aşıq poeziyamızın tarixində öz layiqli yerini tutacaqdır.

Aşıq Məmməd

Baş Layısqı kəndində yaşayıb yaradan aşıqlardan biri də Aşıq Məmməd olmuşdur. O, 1921-ci ildə Baş Layısqı kəndində anadan olmuş, ibtidai və orta təhsilini Şamaxıda almışdır. Hələ gəncliyindən aşıq ədəbiyyatına ürəkdən bağlı olan Məmməd Babayev aşıqlıq sənətinin sirlərinin müasiri və həmkəndlisi olan, vaxtilə Molla Cümənin şəyirdi olmuş Aşıq Hacıbaladan öyrənmişdir. Düzdür, Məmməd kişi improvizist-yaradıcı aşıq olmamışdır. O, aşıq yaradıcılığının ayrı-ayrı janrlarında yazıb-yaratmasa da, klassik aşıq poeziyası nümunələrini, xüsusilə, Molla Cümə irsini mükəmməl bilmişdir. Çox təəssüf ki, onun sinəsində olan Molla Cümənin şeir örnəkləri yazıya alınmamışdır. O, nəinki Molla Cümənin, Cümənin ata babası Molla Orucun da bəzi şeir nümunələrini əzbər bilmişdir. Müasirlərinin etirafına görə, əksər saz havalarını da çalmağı bacarıbmış. Biz mərhum aşığın videolentlərdə qorunub saxlanmış ifalarını dinlədikcə bunun bir daha şahidi oluruq. Bu müdrik insanın saz sənətini hazırda nəticəsi Hacı Kazım oğlu davam etdirir. Aşıq Məmməd 2007-ci ilin iyul ayının 15-də dünyasını dəyişmişdir. Məzarı kənd qəbiristanlığındadır. Aşığın sazı evində ən əziz xatirəsi kimi saxlanılır.

Aşıq Paşa

Aşıq Paşa Məmmədovun həyat və yaradıcılığını öyrənmək üçün ciddi araşdırmalar aparmağımıza baxmayaraq bu müdrik el aşığı haqqında aşağıda qeyd etdiklərimizdən başqa geniş məlumat əldə edə bilmədik. Aşığın qız nəvəsi Sevil xanımın anasından eşitdiyi məlumatlara əsasən söylədiklərinə görə, Şəkinin elə bir toy mərasimi ola bilməzdi ki, Aşıq Paşasız keçsin. O, toylarda gözəl saz çalar, dastanlar, rəvayətlər söylərdi. Aşıq Paşa Molla Cümənin müasiri və yaxın dostlarından biri olmuşdur. Şifahi söz sənətinin vurğunu olan bu el sənətkarı “Əsli və Kərəm”, “Koroğlu”, “Qaçaq Nəbi” kimi xalq dastanlarını sinədəftər əzbər bilirmiş. Qaşaq Nəbinin həyat yoldaşı, cəsur bir el qızı kimi böyük rəğbəti varmış. Sonralar qızının adını bu məftunluğun əlaməti olaraq Həcər qoymuşdu.
Aşıq Paşa yaradıcı aşıq kimi yaddaşlarda yaşayır. Təsadüfi deyil ki, sənətkarlıq qüdrətinə görə o, 1938-ci ildə keçirilmiş Azərbaycan Aşıqlarının II Qurultayına nümayəndə seçilmişdir. Qocaların sğyləməsinə görə, o, hər gün axşamlar məhəllə adamlarını, xüsusilə gəncləri başına yığar, onlara ayrı-ayrı aşıqların yaradıcılıq nümunələri ilə bərabər öz şeirlərini də əzbərlədərdi.

Aşıq İsmayıl

İsmayıl Allahverdiyev 1929-cu ildə Baş Göynük kəndində anadan olmuşdur. İbtidai təhsilini Göynükdə almış, uşaqlıq illəri ağır müharibə şəraitinə düşmüşdür. 1949-1953-cü illərdə Bakıda neft mədənlərində fəhlə işləmiş, sonra kəndə qayıdaraq ailə həyatı qurmuşdur. Aşıqlıq sənətinin sirlərini göynüklü Aşıq Əhməddən, sonra Göyçə mahalından Göynüyə gəlmiş Aşıq Əlidən öyrənmişdir. 1960-cı ildə Aşıq Əli gənc İsmayılı anası Şahzərif xanımdan alaraq özü ilə Orta Asiyaya aparmışdır. Aşığın Orta Asiya həyatı yaradıcılığının gözəl nümunələrindən olan “Sazım” şeirində öz bədii əksini tapmışdır:

Sən eşqimin dərmanısan,
Dünyanın loğmanı sazım.

Əhsən denən ustalara,
Necə nəcib əlləri var.
Sinənə inci düzüb,
Min dil açan telləri var.
Aləmə zövq gətirən,
Bülbül kimi dilləri var.
Gəzdikcə geniş-geniş,
Bərəkətli ellərin var.
Bil səninlə bir eşqim var,
Açaram meydanı sazım.

İndi bil ki, sayəndə mən,
Qazax, Türkmanda olmuşam.
Alma-ata, Çimkənd, Sırdərya,
Teymurləngdə olmuşam.
Kəlbəcər, Göyçə, Baş Keçid,
Dağıstan, Xanda olmuşam.
Azərbaycan öz elmdir,
Gəl dolandır canı sazım.

Gəzdiyim ölkələrdə,
Çox qanun, adət görmüşəm.
Ayrı-ayrı dil danışan,
Cürbəcür millət görmüşəm.
Çoxunda səfa sürüb,
Çoxunda zillət görmüşəm.
Sağ olsun dost-aşnanı,
İsmayıla hörmət görmüşəm.
Mən quşam, ol sən qanad.
Gəl gəzək dünyanı sazım.

Aşıq İsmayıl yaradıcılığa çox gənc yaşlarından başlamışdır. Bu barədə o, özü şeirlərinin birində yazır:
İkinci sinifdə səkkiz yaşımda,
İlk şeirin havası gəzdi başımda.

Aşığın şeirlərinə münasibət bildirən “Bütövlük” qəzetinin redaktoru Əli Qurbanlı İsmayıl poeziyasının ideya və tərənnüm notlarını düzgün müəyyənləşdirərək yazır: “Aşıq İsmayıl istedadlı bir şair kimi, hər şeyi düzgün anlayan duyğulu bir insan kimi onun doğma Vətənə, bizi əhatə edən təbiətə, el-obaya bağlılığını, ana sevgisini, əsil eşq məhəbbətini əks etdirən şeirləri də oxucuların qəlbini oxşayır. O, ana Vətəni bütün varlığı ilə sevən əsil vətəndaş kimi şeirlərində bu hissləri böyük ilhamla ifadə edir:
Səndə dünyaya gəlmişəm,
Azad elim, Azərbaycan.
Yarananda mərd yarandın,
Deyir dilim, Azərbaycan.

Aşığın yaradıcılıq nümunələrini nəzərdən keçirdikcə vətən, təbiət, yurd aşiqi olan bir lirik qəhrəmanı görürsən. Onun “Neylərəm”, “Görmədi”, “Görməmişəm”, “Kasıblıq”, “Gələnim yoxdur”, “Gözəldir”, “Nənə”, “A sazım”, “Eylər”, “Çatınca”, “Ellər bayramı”, “63”, “Könlümdə” və s. onlarla şeirlərində çoxşaxəli məhəbbət telləri, vətən, yurd sevgisi, həyatının acılı-şirinli günləri misralara çevrilərək bədiiləşmişdir. İsmayıl kişi mənimlə söhbətləşəndə sevinc göz yaşlarını gizlədə bilmədi. Mən onun gözlərinin nursuz olduğunu anlayanda bir anlıq Dədə Alının 17 illik korluq ömrünü xatırlayıb sarsıldım. Aşığın “Baş əy ana torpağa” adlı şeirlər kitabını vərəqlədikcə sanki əlimdə Dədə Ələsgərin kitabını tutduğumu hiss etdim. Aşıq poeziyasına xas olan sadəlik, şirin deyim tərzi, bədii nümunələrdəki nəzəri biçimlilik məndə aşığın el sənətkarı olması qənaətini möhkəmləndirdi. Kitabın araya-ərsəyə gəlməsində böyük əməyi olmuş aşığın qaynı Söhrab Kərimova və onun oğlu hüquqşünas Neman Kərimova qarşı qəlbimdə sonsuz məhəbbət hissi baş qaldırdı. Yerli sakinlərdən yaşlı nəslə malik az-az adam ola bilər ki, Aşıq İsmayıl onun toy şənliyini aparmamış olsun. O, ustadı Aşıq Əhmədiyyə ilə birlikdə 30 il el şənliklərini aparıb. Mən qətiyyətlə deyə bilərəm ki, Aşıq İsmayıl Molla Cuma sənətinin layiqli davamçısıdır. Xalq şairləri S. Rüstəm, S.Vurğun, Rəsul Rza və başqaları onun saz-söz sənəti haqqında yüksək fikirlər söyləmişlər.
Aşığın “ Olsun” və “ İnsan” rədifli şeirləri ustadnamə təsiri bağışlayır və bu bədii nümunələrdə yüksək əxlaqi fikirlər aşılanır. Aşıq ədəb-ərkan, salamlaşma qaydalarını tərənnüm etdiyi birinci şeirdə müdrik bir el ağsaqqalı kimi gənc nəsli gülüb- danışmaqda, gözəl, biçimli, mənalı danışmağa, hansı mühitdə olur- olsun davranış qaydalarına düzgün əməl etməyə, bir sözlə insanlığa əsil insan kimi xidmət etməyə çağırır. Şeirin bədii- estetik, tərbiyəvi rolu böyükdür. Aşıq yazır:

Elə yerdə salam söylə,
Salamını alan olsun.
Danışanda elə danış,
Səni saya salan olsun.

Hamı kəslər bir deyil ki!
Hər gördüyün pis deyil ki,
Güləndə də elə gül ki,
Səndən başqa gülən olsun.

Baş Göynükdür sənə məskən,
Ay İsmayıl, ona əhsən!
Elə cana can qıy ki, sən,
Can qədrini bilən olsun.

Səməd Vurğunla 1953-cü ildə görüşdüyünü, ondan xeyir-dua aldığını “Vurğun” adlı şerində əks etdirən aşıq yazır:
Aşıq-şairlərin qibləgahısan,
Səcdə qılır sənə ellər, a Vurğun.
Salahlı kəndinin şah pənahısan,
Söyləyir dahilər-dillər, a Vurğun.

Səninlə görüşdüm əlli üçdə mən,
Ağaran saçını etmədin taraz.
Unudarmı səni cahanda bu saz,
Üstündə gümüşü tellər, a Vurğun.

Elində İsmayıl çox olub qonaq,
Şeirində tanıyır məktəbli, uşaq.
Unudarmı sizi bu ana torpaq,
Keçsə də əsrlər, illər, a Vurğun.

Aşıq dəfələrlə respublika festifallarında uğurla çıxış etmiş, mükafatlara layiq görülərək saz havalarının mahir ifaçısı kimi Azərbaycan Aşıqlar Birliyinə üzv seçilmişdir. Aşıq İsmayılın aşıq ailə ansamblının sorağı təkcə Şəkidən deyil, respublikamızın ayrı-ayrı yerlərindən də gəlib. Aşığın oğlanları Aydın, Osman və Aqil də saz havalarının gözəl ifaçıları kimi tanınıblar.

Aşıq Camal

Baş Göynük kəndinin yetirmiş olduğu saz- söz sərraflarından biri Aşıq Camal olmuşdur. Aşığı əlimizdə olan şeirləri onun söz dünyasının zənginliyindən xəbər verir. Klassik aşıq şeirindən süzülüb gələn müdriklik, ictimai- əxlaqi məzmun, fikrin obrazlı ifadə tərzi onun ustadnamələrinə xas olan xüsusiyyətdir. Aşığın “ Ola bilməz” qoşma-ustadnaməsi bu baxımdan diqqətəlayiqdir. Şeirin birinci bəndində müdrik aşıq üzünü gənc nəslə tutaraq onları əməksevərliyə, yalan danışmamağa, həmişə doğru danışmağa sələyir:

Ey cavanlar, sizi agah eyləyim,
Zəhmətdən heç kəsə ar ola bilməz.
Yalan tez tutular, doğru söyləyin,
Yayda yağan qardan qar ola bilməz.

Gəncliyi qurub-yaratmağa, daim öyrənməyə, öz zəhməti ilə yamağa səsləyən aşıq, bütün xoşbəxtliyin başlanğıcının halal zəhmətdə olduğunu, zəhmətsiz varın bir anda yox olacağı qənaətini şeirin ikinci və üçüncü bəndlərində ifadə edərək yazır:

Əgər vurğunsansa tara, kamana,
Çalış öyrən, öyrətməz ki, zamana,
Öz zəmindən biçib töksən xırmana,
Bundan dadlı başqa bar ola bilməz.

Qoşmanın dördüncü və beşinci bəndlərində aşıq gənclərə gənclik illərini ictimai- faydalı keçirməyi, dost seçməkdə ayıq və dostluqda sədaqətli olmağı, sevgidə zahiri gözəlliyə aldanmamağı tövsiyə edərək yazır:

Cavan vaxtı baxtın vurub əyməsə,
Dost bildiyin gizli-gizli döyməsə,
Hansı tara ustad əli dəyməsə,
Ondan məclis üçün tar ola bilməz.

Aldanma görəndə hər incə beli,
Seçmə öz bəxtinə hər qıvrım teli,
Gözə xoş görünsə, bəzəsə eli,
Hər gözəl görünən yar ola bilməz.

Qoşmanın möhür bəndində aşıq yaşının altmışa çatdığını, ancaq hələ də dost seçməkdə təcrübəsiz olduğunu, sanki “ Yaxşı dost dar gündə tanınar” atalar sözünün mənasını açıqlayaqraq yazır:

Ay Camal, ağartdın, saqqalı, saçı,
Altmışa çatdırdın sən ömrü, yaşı,
Hələ dost seçməkdə naşısan, naşı,
Dar gündə pis dostdan kar ola bilməz.

Aşıq Camalın ədəbi irsinin tədqiqinə bu gün ehtiyac böyükdür.

Aşıq Sakit Köçəri
Aşıq Sakit Köçəri 1946-cı ilin oktyabr ayında Dağıstanın Axtı rayonunun Xnov kəndində anadan olmuşdur.Uşaq yaşlarından ailəsi ilə birlikdə Azərbaycana köçən aşıq 1960-cı ildən daimi olaraq Şəkidə yaşamışdır. Aşıq Sakit saz, söz sənətinin sirlərini ustad aşıq Şəmşirdən öyrənmişdir.1957-ci ildən 1962-ci ilədək bu görkəmli saz-söz nəğməkarının yanında şəyirdlik edən Sakit 1963-cü ildə Şəki şəhərində orta təhsilini bitirib, Şəki şəhər Mədəniyyət Şöbəsində əmək fəaliyyətinə başlamışdır.1970-1971-ci illərdə o, Dağıstan Dövlət Mahnı və Teatr ansamblında çalışmış, 1972-ci ildən yenidən Şəkiyə qayıdaraq Mədəniyyət Şöbəsində əmək fəaliyyətini davam etdirmişdir. 1978-ci ildə aşıq Azərbaycan Dövlət İncəsənət İnstitutunda qiyabi yolla ali təhsil almağa başlamış, 1983-cü ildə təhsilini tamamlamışdır.
1980-ci ildə Şəkidə Molla Cümə aşıqlar ansamblını yaradan və ona rəhbərlik edən sənətkar, 1989-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Şəki arxeologiya və etnoqrafiya şöbəsində çalışmışdır. 1998-ci ildə aşığın “Bacarsan, ye dünyanı” adlı ilk şeirlər kitabı çap olunmuşdur.
Aşıq Sakit Köçəri 2003-cü ildən Dağıstan Respublikasında yaşayıb-yaratmışdır. Cənubi Dağıstanda aşıqlar məktəbi yaratmış, Dərbənddə Azərbaycan dilində nəşr olunan bütün mətbuat orqanları ilə sıx əməkdaşlıq etmişdir. Aşıq Azərbaycan-Dağıstan ədəbi əlaqələrinin yaranmasında və inkişafında böyük xidmətlər göstərmişdir.Öz ustadına sonsuz məhəbbət bəsləyən Aşıq Sakit 2007-ci ildə Dərbənd şəhərində Dədə Şəmşirə həsr olunmuş “Belə ustad olammazdı” xatirələr kitabını nəşr etdirmiş, 2009-cu ildə ustadının 115 illiyinə həsr etdiyi Dədə Şəmşirin mətbuatda çap olunmayan 115 şeirini nəfis kitab şəklində çap etdirmişdir. Aşıq Sakitin arxivində aşığın 5 adda kitabı çap olunmasına baxmayaraq, yüzlərlə çap olunmamış şeiri, aşıq ədəbiyyatı nümunələri vardır. Aşıq Sakit Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü olmuşdur.
Bu görkəmli el nəğməkarı 2010-cu ilin aprel ayında dünyasını dəyişmiş,Şəki şəhərində dəfn olunmuşdur.

Aşıq Azad
Azad Saadovun atası Əhmədiyyə kişi 1932-ci ildə Qax rayonunun Dəymədağlı kəndində anadan olmuş,1950-ci ildə yaşayış yerini dəyişərək Göynük kəndində məskunlaşmışdır. Aşıq sənətinin sirlərinə dərindən yiyələnən Əhmədiyyə kişi göynüklü Aşıq İsmayılın yetişməsində böyük rol oynamışdır. O, əliabadlı Aşıq Əlidən dərs almışdır. Saz havalarının hamısını ifa edə bilirmiş. 1990-cı ildə dünyasını dəyişmiş, məhəllə qəbiristanlığında dəfn olunmuşdur. Aşıq Əhmədiyyənin (Əhmədovun) aşıqlıq sənətini oğlu Azad davam etdirmişdir.
Azad Saadov (Əhmədov) 1957-ci ildə Baş Göynük kəndində doğulmuşdur. 1968-ci ildə Baş Göynük kəndinin 1 saylı orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbin 8-ci sinfini bitirmiş, Şəki şəhər 43 saylı Texniki Peşə Məktəbinə daxil olaraq, rəngsazlıq peşəsinə yiyələnmişdir. Azadı Göynük kəndində və Şəkidə “Aşıq Azad” kimi də tanıyırlar. O, saz çalmağı atası Əhmədiyyə kişidən öyrənmişdir. Saz havalarının mahir ifaçısıdır. Kənd toylarında sazı ilə ürəkləri şadlandıraraq riqqətə gətirir. Saz çalmağa 12 yaşından başlamışdır. Saz-söz sənətinin fəal təbliğatçısı olmuş, Balakən rayonunun Tala kəndindən olan Xaliqəyə saz çalmağı öyrətmişdir. Azad Saadov bir müddət Şəki Rayon Mədəniyyət Şöbəsinin S.Vurğun adına mədəniyyət evində xalq yaradıcılığı qrupunun bədii rəhbəri işləmişdir. Hazırda işləmir. Azadın atasından qalma ən müqəddəs yadigarı neçə-neçə nəsillərə şahidlik etmiş sazıdır.

Qaynaqlar:
1. Azərbaycan folkloru antologiyası. IV kitab/ Şəki folkloru. I cild. Bakı, “Səda” nəşriyyatı, 2009,490 s
2. Azərbaycan folkloru antologiyası:VI kitab. Şəki folkloru. II cild. Bakı, Nurlan, 2002, 493s
3. Azərbaycan folkloru antologiyası: XVIII kitab. Şəki folkloru. III cild. Bakı, Nurlan, 2009, 532s
4. Aşıq İsmayıl. Baş əy, ana torpağa: Şeirlər. Bakı: Ünsiyyət, 2008, 96s
5. Aşıq Sirac: Gözləyən var yollarımı… (şeirlər). Gəncə, 2003, 359s.
6. Aşıq Sakit Köçəri. Demə ömür bu imiş: şeirlər. Bakı, Elm və təhsil, 2012, 284s
7. XX əsr Azərbaycan yazıçıları: ensiklopedik məlumat kitabı.(təkmilləşdirilmiş üçüncü nəşri).Bakı, “Nurlar” Nəşriyyat Poliqrafiya Mərkəzi, 2004, 984s.

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.