“Vaxt qaçır yuxu kimi”… – Yusif GÜNAYDINın şeirləri

Oxunma sayı:709

* * *
Hopub, çöküb, çəkilib,
Susub bulaq haçandır.
Sanma ki, su “əkilib”,
Su gedib qayıdandır…

Ömür axır su kimi,
Axma zaman, amandır!
Vaxt qaçır yuxu kimi
Su qaçıb qayıdandır.

İtib-batır hər nə var,
İtən nə var, haqdandır.
Gözdən itsə də, axar,
Su gedib qayıdandır.

Çayır, çəmən göyərir,
Kolluqların ardından.
Sudur, salam göndərir,
Torpağın alt qatından.

Baxma quruyub yeri,
Soraq yox su adından.
Bir gün dönəcək geri,
Çıxıb yerin altından.

Zər çəkilir xəzələ,
Xəzan qızıl xəzandır.
Dur dərdimi təzələ,
Dərd gedib qayıdandır.

Dəniz zülmətdə batmaz,
Dan gedib qayıdandır.
Can çıxdısa, qayıtmaz,
Qan gedib qayıdandır.

Su yox, qandı fışqırır,
Fələklər qan udandır.
Şəhid qanı qışqırır,
Ruh gedib qayıdandır.

Nigəransan, eləmi,
Qəlbim də nigərandır.
Sel-su basır aləmi,
Nuh gedib qayıdandır.

Bulaq şırıldayacaq,
Sular yenə gələcək.
Çiçəklər çırtdayacaq,
Güllər açıb, güləcək.

Səni yollar alacaq,
Qoy su səpim son anda.
Həsrətin qayıdacaq
Özün qayıtmasan da…

* * *

O dünən bu yerdə yurd eləmişdi,
Bu gün özü durub getdi bu yerdən.
O nə gəliş idi, bu nə gedişdi? –
Bənd-bənd qırıb, qırıb, getdi bu yerdən.

“Təki açıq ola yolum həmişə,
Keçmiş olsun!” – dedi bu keşməkeşə…
Sıxıb suçlarını yekə məfrəşə,
Çiyninə qaldırıb, getdi bu yerdən…

Heç onu tutmadı o tutduğu yer,
Yəqin nahamvarmış o durduğu yer…
Gördü boş qalmayıb oturduğu yer,
Dizlərinə vurub, getdi bu yerdən.

“QIRX”

Gənc qonşum sevinir – “Atayam mən də,
Hələ tezdi yumaq… qırxı çıxmamış…”
Səksəkə səngimir ata qəlbində,
Ana ürəyindən qorxu çıxmamış.

İçindən laxlayır bürünc əfsanə,
Tökülür zirehi-zırhı çıxmamış.
Bu bürünc əfsanə, gülünc əfsanə
Otuz dəfə çökür qırxı çıxmamış.

Gələn zənbilini boş aparacaq,
Bu qara bazarın nırxı çıxmamış.
Qarğa bazarları baş aparacaq,
Qarğa qabağına qırğı çıxmamış.

Aşiqin son dəfə nida eylədi,
Onu eşitmədin, o yıxılmamış.
Əcəli çatmamış vida eylədi,
Unutsana onu, qırxı çıxmamış!

BOLŞEVİZM

Qaragüruh guruldayır, yıxa-yıxa, yaxa-yaxa
Qızıl başlar dığırlanır, qızıl qanı axa-axa.

Canım üzgün, cəllad daha bu candan nə istəyirsən?
Qan ağlayır iki gözüm, bu qandan nə istəyirsən?

Od vurub yaxdığın azmı, dağ basıb yıxdığın azmı,
Boğazımdan son tikəmi qoparıb tıxdığın azmı?

Sənsən verən top ağzına bu toplumu, bu durumu,
“Soyqırımlar” əfsanədir, sənsən yapan soyqırımı!

Zəlil oldu bu el-oba, talan oldu bu dağ-dərə,
Xarabalıq gətirirsən qədəm basdığın hər yerə..!

Vəz eləmə ki, tarixim, soyum elə yox, belədi,
Zatından xəbərin varmı, zinanın murdar vələdi?

Qaragüruh guruldayır, qara güruh pul hərisi,
Rüşvət, şəhvət düşgünüdür, qaragüruh qul hərisi…

Amma bunu qan, unutma, yüz il sorsan da qanımı,
Ruhumu uda bilməzsən, uda bilsən də canımı!

Tökdüyün qan qayıdacaq, bu qandan nə istəyirsən
Vətənim onsuz da üzgün, sən ondan nə istəyirsən?

 

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.