Tural Turan. “4X”…

X…atın, X…rosima, X…olokost və X…ocalı..! 

23 ildir Haykanuşun nəvələri şəhərlərin Xocasını öz adı ilə deyil, İvanyan deyə çağırırlar. Çünki, bu gün 23 yaşında olan qarabağlı erməni dığası Xocalını görmədi. Onunla qonşu məhlədə “ölçük-ölçük” oynayan heç Azərbaycan türkü həmyaşıdı da yox idi. Heç indi də yoxdur. O, necə İvanyana Xocalı desin? Atası Movses, əmisi Aşot Xocalı məscidinin Ayparasını söküb soysuz Qriqorun xaçını qondarıblar ora… Evlərin yönünü türkün yox, erməninin qibləsinə döndəriblər. Xocalıda xocalıqdan bir əsər-əlamət də qalmayıb. İvanyan indi erməni gənclərinə daha da doğmalaşır. 23 yaşlı bu gənc hələ bilmir ki, Movseslə Aşot bir–birinin ağzını daldeydə bərk-bərk xapayır ki, amandı, Armenin yanında birdən Xocalı kəlməsi işlədərsən, a! Heç Armenin əlinə bel də vermirlər ki, gedib Şelli meşəsində ağac əksin. Qorxurlar ki, Armen qazıb yerdən 23 öncə topa basdırılmış türk uşaqlarının sümüklərini tapar. Uşağın qorxmağı bir yana, izinə düşər, araşdırar. Sonra da öz atalarına qəliz suallar verər, birdən…
Armen indi Xocalıda “qələbə”nin 23 illiyinə hazırlaşır. Atasının “azad etdiyi İvanyanın 23 illiyi”nə… Dostlarını yığıb hələ yallı da gedəcəklər. Qarabağ atını minib cəng qoparacaqlar. Sonra da gözünü açandan donuzlarına baxan Burlanı bir ortalıqdan qalma kabab tikəsinə ortada oynadacaqlar. Deyəsən, Burlaya “qələbəqabağı” yaxşı baxırlar ki, ölməsin. Axı, Burlasız “qələbə”nin nə dadı, nə duzu?!.
Xocalıdan 300 kilometr aralıda isə türk gənci soyqırımı tanıtma sevdası ilə slaydlar, təqdimatlar hazırlayır. Vyanaya, Parisə gedib erməni vəhşiliyindən, 613 nəfərin ölməsindən, qadınların, uşaq və qocaların süngüyə taxılmasından danışacaq. Xaricilərə çatdıra–çatdıra öz unutqanlığına da qalib gələcək. 23 ildir bizdə belədir. Metodlar dəyişməyib. Elə ermənilərdə də. Sonuc isə budur ki, bizim Odər soyqırım, Armen isə “qələbə” qışqırır. Biz Xocalı deyirik, onlar İvanyan. Xocalı xəritədə bizim, aşkarda onların əlindədir. Bir sözlə, onlar bizi, biz onları eşitməyə-eşitməyə Xocalıdan İvanyana 23 il keçir… Bu acı gerçəkdir..! Yalan olan isə gerçəklik fonunda bağırılan həqiqətlərin üzümüzü qibləsinə tutduğumuz Günbatarın bizi eşitməməsidir. Niyə? Cavabını da özüm deyəcəm: Çünki, biz Günbatarla (Avropa ilə) onun başa düşdüyü dildə danışmırıq. Bilirsiniz necə? Bir dəqiqəlik bir videorolik çəkərdim. Qara fonda ağarmış ekranda gözlərdə böyüyən bu sözlər gedəcəkdi: X…atın, X…rosima, X…olokost… və X…ocalı..! Bunu yəhudi də, ingilis də, polyak da, alman da başa düşəcəkdi. Xocalının şəkillərini bax o zaman dərk edəcəkdi. Biləcəkdi ki, XX yüzildə “X”-lənmiş – üstündən xətt çəkilmiş dörd şəhər varmış. Bu şəhərlərin təsadüf ya təvafüqmü, baş hərfləri X hərfi ilə başlayırmış. Bax, o zaman Günbatar mənim də başının işlədiyini görəcək… duyacaqdı.  Sonuncu “X”lənmişlərin son durağının “X”ocalı olduğunu anlayacaqdılar. Artıq Xocalını ermənilərin törətdiyi faktını da qəbul etməməkdən qorxacaqdı. Hətta 23 yaşlı Armenin xəyallarının qırılmasına görə alacağı təzminatı da atası Movseslə əmisi Aşotun üstünə yazacaqdılar. Hələ də gec deyil. Günbatar açıqgözlü və sözlüdür. Sizin (bizim) bir işinizə bənddir. Onları gördürün, duydurun və “X” (və ya xaç) qarşısında məətəl qoyun… Ondan sonra, sırası gəldikcə, Bütöv Azərbaycandan da, Turan birliyindən də danışmağa haqqın(m)ız olacaq..!

BAKI, 14 çillə 2015

Oxunma sayı: 1861

"Tural Turan. “4X”…" adlı yazı üçün bir yozum var

  1. Əhsən. Əsl sənətkar baxışı belə olar. Alqışlayır, dəyərli xalqımızı bu mövzuya diqqətə çağırıram.

Leave a Reply