Aşıq Əli ilə qabırğa söhbəti

Oxunma sayı:2516

Aşıq Əli Ürfan (Quliyev) çağdaş ozan-aşıq sənətimizin ən tanınmış ürfan ustadlarından biridir. Onun çalğıları ayrılıqların, yalqızlıq və tənhalığın bitib tükənməyən göz yaşlarıdır. Əli Quliyevi sinəsində saz olanda, qara sazı dilləndirib söz deyəndə görəsən. Sanki qədim bir şaman taxtanın üstündəki sehirli simi tərpədərək dua oxuyur. Dua oxumaq da, indi hər kişinin bacaracağı iş deyil. Dua oxumaq sözləri əzizləyə-əzizləyə, öpə-öpə dara çəkməkdir. Əli Quliyev üçün bu məqam bəlkə də Tanrı ilə qarşılaşmaq məqamıdır. Hər halda qutsal məqamdır. Qutlu olsun deyirik.

Əli Quliyev mənə sazın səsi ilə ahı gösdərib. Ahdan Allaha bir qarış yol var deyirlər. Deməli yolumuzu Tanrıya yaxın eyləyəndir Əli Quliyev…

Qırxlar pirindən dərs almış, çox ünlü el və elm-ürfan adamlarının sevgiylə, sayğıyla haqqında danışdıqları Aşıq Əlinin ariflər məclisində, aqillər yanında öz sözü, öz gapı, öz ləli-gövhər hücrəsi var. İllər ötəcək hələ çoxları Aşıq Əlinin sözünün sofu qatlarına işıq tutacaqlar. Sənətindən, sənətçiliyindən, ömür gün yoldaşı Atlas bibimin də adı keçən yüzlərlə məzəsindən, Tanrı bəxşeyişi olan hazırcavablığından yazacaqlar. Təkcə yazacaqlarmı? – yox!.. Həm də 77 yerə yozacaqlar. Axı hər kəsən sudan sənəyinə görə götürür. Əli əmimin də Allaha şükür sözü-gapı… mürşüdüm Akif Səməd demiş, bulaq suyu kimi duru, duru olduğu qədər sərin, sərin olduğu qədər də dərindir. Elə mən də möhtərəm oxucularımızın və gələcək araşdırma­çılarımızın az da olsa təlabatını ödəyəcəyi qənaəti ilə ustadla olan budəfəki qabırğa söhbətimi sizlərə təqdim etmək qənaətinə gəldim. Ustadla qabırğa söhbətinə girən mən oldum, şəklimizi tarixiləşdirən Elvin Rafaeloğlu və Əmirri həpəsi Xəqani Qaraxanlı, ustadla görüşməyimiz üçün atını qantarğalayıb dörd nala çapdıran isə dostumuz Səbuhi Qədirli oldu.

                                                                                                                   Həmid ORMANLI

– Ustadıa sormaq istərdim: Torpaqla, daşla yaşıd bildiyim Aşıq Əlinin bəs kağıznan yaşı neçədir?

-Ömrü boyu yaşla maraqlanmamışam. Yaş deyilən hardan gəlib, hara gedir… dədəmin goru haqqı məni maraqlandırmayıb. Sağlıq olsun, bibinnən bir gün özün  soruşarsan. Pasport gətirəndə deyirdəm, onu cırram apar o yana tulla. Mənə yaşımın neçəliyini bildirməyin deyirəm.

-İstəyirəm belə bir solaxay sual verim: Sən kimsən Aşıq Əli?

-Aşıq Əli deyirsən mən o Aşıq Əliyəm, ustadların  sözlərinin, söhbətlərinin üstündə əsim-əsim əsmişəm – İlahi birdən yanlış deyərəm. Hər şeyin həqiqətini istəmişəm.

-Əmi, saz Sənin üçün nədir?

-Saz mənim eşqimdi, minbərimdi. Nə qədər ağır da olsa, bunu mən deyirəm, Tanrım bilər, mən bilərəm. Saz mənim qibləgahımdı.

-Əmi, sazla qol-boyun olannan bəri el-oba arasında adınla bağlı xeyli sayda maraqlı əhvalatlar söylənilir. Necə olur, bu əhvalatlara urcah olursan?

-Fikir vermisənsə Tanrıdan payı olan sənətçilərin hamısının adı ilə bağlı lətifələr yaranıb. Hətta o lətifələr get-gedə onları əfsanələşdirib. Bütün bunlar həm də o sənətçilərin el-oba arasında hörmətindən xəbər verir. Sənətçi gərək təbii olsun. Ölçü-biçi, yəni 1″0 qram ondan, 10 qram bundan”… sənətçiyə yaraşmaz, onun kamilliyə doğru getməyinə imkan verməz. Gərək sənətçinin ölçü-biçisi sənətində olsun ancaq qalan şeydə ondan uzaq olsa yaxşıdı. Mən burada deyim ki, orada adamlar oturub, mən burada heykəl kimi oturum, nəyə görə, əəə, mənim də özümə görə ayağımı uzatmağım var, özümə görə sinəmi açmağım var. Sən köynəyindən bir düyməni açırsan, mənim də sinəm orda yanır, deyir,  yox iksi açılmalıdı. Ordan da “qulturnular” deyillər, əəə, niyə Əli ikisini açdı. Sənətçi azadlığı sevəndi. Azadlıq olan yerdə də tamlıq var, kamillik var. Tutalım mən içkini… bakalı öpə-öpə, maç-maç eləyə-eləyə içirəm, o birisi də inək arxı soran kimi başına bir dəfəyə qaldırır. Bu da bir lətifəyə çevrilir. Sən maşına oturanda qaytarğadan iki əlli yapışırsan, mən də bir əlim qaytarğada, bir əlimi də telimə çəkirəm.F ikrim də ala dağda qara dağda… nə olar, olar dəəə… Qismət Allahdandı, ya evimə gedib çıxaram ya da çıxmaram. Bu da bir lətifəyə çevrilir. Yəni sənətçidə ölçü-biçi hüdud təşkil eyləyəndə nə lətifə düzələr nə də el onu sevər. Deyəcəklər aşıq Həmiddi dəəə… get gətir. Ancaq o Həmid olmayacaq. Bəs mən də belə şeyləri bilirəm axı…

-Əmi, bəlkə o başına gələn məzəli əhvalatlardan birini deyəsən.

Mən sazı toydan sonra öyə qoyuram, əəmi. Çünkü sazla nəmlik bir-birinə öcdü. İstər simləri olsun, istər tutqalı, istərsə də çanağı olsun. Nə isə bir dəfə də axşamdan möhkəm vurmuşdum səhər gəldim gördüm, saz maşının oturacağı üstündə yoxdu, baqaja baxdım, gördüm ftulyar ağzı bağlı durub orda. Dedim yəqin ftulyarda olacaq. Sən demə, bibin sazı götürüb içəri yük çarpayısının üstünə qoyubmuş. Mən də görməmişəm. Daha mən də səhər gördüm ftulyar yerindədi, vardım toya getdim, sözün doğrusu, toya da bir az gecikmişdim. Gördüm acıqları tutub. Günahımı yumaq üçün dedim sizə elə hava çalacam, inciklik aradan götürüləcək. Balabançınıya dedim, get, sazı gətir. Gətirib ftulyarı stolun üstüna qoydular. Mən də ftulyarı eşqinən açdım, bir də gördüm içində saz yoxdu… Orada bir söz işlətdim, indi bağışla məni, burda nöqtələri qoyarsan, camaaat da keçindi gülməkdən. Dedilər, Aşıq Əli, nədi, noolub? Dedim, a tarixinizə lənət, ayə, bu da istəkdəndi, Sizə istədim, bir eşqli hava çalım, saz da evdə qalıb. Hamı da Aşıq Əlini bağışladı…

-İndiyədək çaldığın havalardan ən çox hansı xoşuna gəlir?

-Məndə sonalamaq yoxdur.Sazı sinəmə alıb o havaları ki,dindirirəm onların hamısı məndən ötrü əzizdi.

-Üzünə demək olmasın ay usdad,sanki sazı Sənin sinəndə dinləyəndən sonra başqasının əlində sazı qışqıran,məni bunun əlinnən alın deyən,məni dardan qurtarın deyən,sazı bizdən inciyən görürəm.Söz yox ki, bu fikrimi barmaqla sayılacaq qədər 5-10 aşıq var ki,onlar istisna olmaqla deyirəm.

-Saz o zaman Səndən inciyir ki,Sən onu ürəknən sinən üstünə mindirmirsən.Sən onu ürəknən gəzdirmirsən.Dəxli yoxdu mənə Allahqulu olsun,İmanqulu olsun,Pirvəli olsun…kim olur olsun əgər sazı gəzdirirsə ürəknən gəzdirsin.Çünkü o Tanrı alətidir.Ona ki,ürəknən yanaşmadın o saz Səndən mütləq inciməlidi.Gərək onun çəmini tapa biləsən,çəmini tapmadın o səndən inciyəcək.

-Kim də bilməsə mən bilirəm ki, bal kimi şirin dasdan dilin var,dasdanlarımızı öz ifanda lentə aldırmısanmı?

-Yox.Yoxdu.Ancaq toylarda,şanlarda çox yazılıb.İsdəyirlər dəvət etsinlər elləyək.Yoxsa  elimin-obamın keçmişini ki,mən, dasdanlarda,hekayətlərdə Sənə çatdırıram, Sən də onu lentə almaq üçün məndən nə isə təmənna güdürsənsə belə lentə almaq nəyimə lazımdır?Çağır məni borcumdur ki, söyləyim.Yosa ki,məni çağırıb sonra da nə isə umursansa vallahi-billahi bu elin malına xəyanətkarlıqdan başqa bir şey deyil.

-Əmi nə vaxt hiss etdin ki,aşıqsan?

-El-oba mənə aşıq Əli əmi deyəndə bildim ki,aşığam.

-Aşıqlıqdan əl çəksəniz neylərdiniz?

-Kəsə deyəjəm qadan alem.Allah bu sənəti mənə veribsə bütün çətinliklərə sinə gərməyi də veribdir.Çətinliklərə sinə gərməyi bacarmasaydım bu sənətdən yapışmazdım.Aşıqlıqdan əl çəkmək ömrümü tamamlamaq deməkdir.

-Əmi nə vaxt dincəlirsən?

Mənim dincəldiyim hələ ağlıma gəlmir.Bir adam ki,yeddi qat tərin ortasında əlləşə onun nə dincəlməyi olar? Bir adam ki, yolnan gedəndə Dəli Əsəd kimi sayıqlaya ki, görən Ələsgər bavam burda nə deyib? –

Onun nə dincəlməyi olar?

-Şəhərə yolun düşəndə kimlərə,hara baş çəkirsən?

-Üzür istəyirəm əəmi, bir söz deyəjəm heç kim məndən inciməsin.Mən Bakıya gələndə insanlar məni maraqlandırmayıb.Ancaq mütləq Əli qədəmgahına,Ət ağanın qəbrinə bir də ana xəzərin sahilinə baş çəkirəm.

-Bəs Bakıda haranın həsrətini çəkirsən?

-Tovuzdakı cənab Əlinin qədəmgahlarının, Düldül dərəsinin, Haçaqayanın, bir dolça Əsirik suyunun, Ana Kürün qırağının, Cəfərxanənin… həsrətini çəkerəm.

-Ay usdad, bilirik ki,dinnən də məşğulsan.Yeri gələndə dini onlardan da yaxşı bilirsən.İndi haqq dünyasında olan ağır taxdalı dosdumuz Akif Səməd deyirdi ki, aşığın dinə ehtiyacı yoxdur.Bəs Səndə hansı ehtiyacdan yarandı?

-Akif Səmədə Allah rəhmət elləsin. Akif çox usdad adam idi.Akif onu məcazi mənada deyirdi.Yəni demək istəyirdi ki,aşıq hər şeyə qadirdi.Aşığın heç nəyə ehtiyacı yoxdur.Ancaq mən dinimi,imanımı öyrənmək isdəmişəm.Əgər mən dinimə,imanıma bələd olmasaydım məndən aşıq Əli olmazdı.Mənim dinimi,imanımı bilməyim məndən ötrü çox qarannığa işıq saldı.Bu bilgilər mənim hoyuma yetdi,dadıma çatdı,mənim hidayət yolumu mənə gösdərdi ki,Sənin hidayət yolun budur,ərkanın budur. Usdadların sözlərinə aydınlıq gətirdim.Əgər mən dinimə,imanıma bələd olmasaydım mən olardım Lıqı aşığı.Mən əhli-ürfanların məclisində otura bilməzdim.Orada yerim olmazdı.Tufarqanlı Abbasın,Dədə Ələsgərin, Hüseyin babamın (Bozalqanlı aşıq Hüseynin) sözlərinə çox aydınlıq gətirmişəm ki,bunu da dini bilgilərimə borcluyam.

-Əmi, ruhu şad olsun bayaqları Akif  Səmədin adını çəkdik, o rəmətliklə də yaman tapışmışdınız, hətta bir-birinizə söz də ismarlamısınız. Bəlkə Akif haqqında nə isə demək isdəyirsən.

-Deyir taylı-tayını tapmasa günü ah-vayla keçər.Akif Səmədi çox istəyirdim.Nəyə görə bilirsənmi? Çünkü Ondan cavab ala bilirdim.Çox böyük səbir sahibi idi.Kollektivi sevən adam idi.İsdəyirdi ki,əhli-əyyar,əhli-ürfan adamların hamısı heç olmasa həfdədə bir dəfə görüşsün, dərdləşsin,söhbət etsin.Akif Səməddən sonra özün bilirsən ki,həmən məclislərimiz də dayandı.Başımızın alayı pərən-pərən oldu.İndi mənə zəng edirlər ki,A.Səməd dursaydı həftədə bir dəfə görüşürdük.Rəhmətdiyin şairliyinə də ki, nə söz ola bilərdi.Hər misrasında bir dünya var idi,dünya. Allah ona qəni-qəni rəhmət eləsin…

-Bu halal yolnan –yoldaşnan

  Şuşaya gedə bilmerəm.

  Bir belə qohum qardaşnan

  Şuşaya gedə bilmerəm. – deyən Akif Səmədi aramızdan nakam aparan səbəbin bir adı da Türkün Qarabağ dərdi idi.Maraqlıdır Qarabağın həllini aşıq Əli nədə görür?

-İstəyirsən yerdən göyə çıx,göydən yerə en,100 siyasətçi gəlsin yenə də Qarabağın həllinin bircə yolu var.O,da ağıl öndə olmaq şərti ilə birlikdədir.O, el-oba ki,ağılnan,kamalnan birləşdi orada qələbə var. Allah rəhmət eləsin Tufarqanlı Abbas deyirdi ki,

El bir olsa dağ oynadar yerindən

Söz bir olsa zərbi kərən sındırar.

-Ay uadad, yəqin Sən də sözümü təsdiq edərsən ki, bu gün cəmiyyətdə müşahidə olunan saza meyillilik  heç də aşıq sənətinə öz tövhəsini verə bilmir.Aşıq sənəti yorğun görünür.Sənətmi yorğundu yoxsa millətmi?

-Nə millət yorulandı nə sənət yorulandı nə də sənətkar.Bunlar heç zaman yorulan deyil.Ancaq yorğun kimi görünən odur ki,artıq aşıq sənətinin sahibləri bir də onları dinləyən kişilər varıydı eyyy-yanılanda yerdən deyirdilər ki,Qurbaninin filan sözünün filan yeri elə deyli belədi.Aşıq sənətinin sahibləri və onların dinləyiciləri hayıf ki,getdilər.Ona görə də sənət də yorğun kimi görünür,millət də.Çünkü artıq sərbəst aşığa qulaq asmaq yoxdur.

-Aşıq havalarının notla tədrisi Sizi nə dərəcədə qane edir?

-Məni qane etmir.Aşıq sənəti azad bir sənətdi onu kələpçəyə salmaq olmaz.Havanı nota salmaq bülbülü qəfəsə salmaqdı.Aşıq Hüseyin Saraçlını Sən qəfəsə sala bilərdinmi?Bir də baxdın Səni yandırmaq üçün on birlik sözü aparıb çıxardırdı on beşliyə.Not da odur ki, Həmid oturduğun stoldan necə oturubsan elə də qalx.Sənə belə əmr elləmək olarmı dərdin alem Sənin.Üzeyir bəy kimi bir adam onu nota salmadı.Dedi olmaz.Əsədə,Mirzəyə qulaq asdı gördü yox bir havanı hərəsi bir cür çaler.Hərəsinin ayrı-ayrı yanğıları vat.Dedi yox bunu qəfəsə salmaq olmaz.Sən kimsən əəə?Üzeyir bəy özü bülbülü qəfəsə salmadı ki,bülbülə azadlıq yaraşır.Aşığın ruhu,dünyası nota sığarmı?İndi də aşığı məktəbdə yetişdirmək istəyirlər.Aşığın dili elin-obanın dilidi başına dönöm.Ütülü akademik dillə aşıq olarmı?Mən deyirəm ayə dərdin alem ayə başına dönöm qoyunu burda saxla ayə ordan keçmə axıdajax çay.Ütülü dil belə demer axı.Akademik,ütülü şkola dili kəsə deyir ki,qoyunu oradan keçirmə çay Səni də aparar qoyunu da.Amma mənim bənzətmələrim var ki,Səni yoldan eyləyirəm,Səni özümə cəzb eyləyə bilirəm.,Səni doğmalaşdırıram özümə doğru.Orada elin şirin sözləri gedir ki,onları da qoymursan itib batmağa.Elindi axı.

-Əmi, şəyirdin varmı?

-Tək bircə şəyirdim var o da bizim Şəhriyardı. Heç özüm də çox şəyird istəmirəm. Aşığın məclisi-meydanı olmayandan sonra neynəyirəm kimisə yazıq elləyib buraxım.Amma alladıb alanlar var.Otana məktəblərdə də aşıq elliyəjəm deyib çöllərə buraxırlar.O,aşıq ha deyil.Gəlsin görüm bilirmi aşıqlığın səmti,sorağı haradı.

-Üzünə demək olmasın Sənin üzünnən oxunur aşıqlığın.Hansı havanı desən Sənin mübarək üzündə tapmaq olar.Deyirəm aşıqlıqda fizyanomiya da əsas məsələdi.Bir də görürsən ki,boyu kəmərindən yuxarı qalxmayan “aşıqlar” budu haaa çıxdı meydana.Fikir verirəm belələrinin çalğısı da olsa,səsi də olsa yenə də tamaşaçıya yapışqanlı ola bilmirlər.

-Elədi.Yöndəmsizdən nə aşıq .Saz müqəddəsdi.Aşıq gərək saza yaraşan adam ola.Bax Əkbər saza yaraşerdı.Eləcə də Əmrah kişi,Ədalət,Xanlar,Mikayıl əmi.Hüseyin Saraclı saz tutanda bir aləm olurdu.İndi elələri var ki,saz tutanda deyirsən ki, bu hansı oğrudu, hansı cibgirdi, hansı julikdi.

-Əmi, Xındı Məmmədin bir ”Yanıq Kərəmi”si vardı ki, oğul istəyirəm o havaya oynaya bilsin.Ümumiyyətlə ”Yanıq Kərəmi”iyə oynamaq olarmı? Bu məsələdə Sizin baxışınız necədir? Məsəlçün Akif Səməd də deyirdi ki, ”Yanıq Kərəmi”yə şəhid anası “Şuşanın dağları”na oynayan kimi oynamaq olar.

-Əmi, Sənə bircə kəlmə söz deyim. Deyir “Qara camahat da gözümdən düşüb,Yanıq Kərəmiyə süzəndən bəri”.Elə-belə yaranmayıb bu şer. Yanğıdan da oynamaq olar,dərddən də oynamaq olar,eşqdən də oynamaq olar,sevincdən də oynamaq olar. O, vaxt kişilər deyirdi bircə oğlum var,onun toyunu görüm qolumu qaldırajam.O qolumu qaldırajam kişi oyunuydu.Qolunu bir dəfə qaldıra bilərsən yanğın sönər yoxsa şıdırğı süz,qaldır özünü yerə vur,max get,tivis get uje bu oldu Yanıq Kərəmin goruna söymək,onun ruhuna toxunmaq.İndi “Ruhani”yə,”Dilqəmi”yə də oynayan tapılır.Bala-bala onları da elləyirlər.Bu olmaz dərdin alem.Bu dərdin kuliminasiya nöqtəsidir.

-Varlığınıza şükür. Əmi biz ruhumuza əlac gəzəndə məsəlçün Söyün əmiyə(HüseynSaraclıya), Avdı babaya, Kamandara, Əmraha, Aşıq Sadığa, Cəlal Qəhrəmanova, Kövrək Murada, rəhmətlik Xanlara, Sənə qulaq asırıq.Bəs Sən özün kimi qulaq asırsan?

-Allah ölənlərə rəhmət elləsin.Ölənlərin adını çəkməyəcəm.Ölənlərin arasında çoxları varıydı.Ancaq indi Ədalət Nəsibovdan başqa heç kimə səbrim çatmaz ki,qulaq asam.Çünkü sənət odur ki, gərək mən Səndən feyz alam ki,oturub Sənə qulaq asam.Ədalət böyük sənətkarıydı əəmi.Ancaq hayıf ki,Ədaləti ömür,gün,zaman,devir qocaltdı.Aşıq gördüyünü çağırar.Mən Ədalət Nəsibovda aşıq sənətinin nə olduğunu gördüm.Mənim bu gözlərim gördü ki,Ədalət Nəsibov kim olub.İndi Ədalət nəsibov yoxdu.Məndən ötrü elə bilirəm Ədalət Nəsibov 20 il bundan qabaq dünyasını dəyişib.O ki, Məcnun Leyliyə deyirki,get ey Leyli Sən o Leyli deyilsən.Mən Ədaləti 20 il bundan qabaq gördüm.İndi mən Onu görmürəm heç yerdə yoxdu.Gedib,uçub,yerdədi,göydə

-di bilmirəm.Məsəlçün Cahangirdi,Tərmeyxandı,İlhamdı,Dəmirdi,Altaydı,Firdovsidi…var daaa bunlar,5-6 nəfər var.Əgər zaman,devir,mən dediyim o deyilən şeylər gəlsə bunlardan aşıq olacaq.Əgər zaman,devir,aşıqların öz məclisi,öz söhbəti olsa bunlar olacaq.Olmasa bunlardan da olmayacaq.Çünkü mən gördüm ,yetişdim,gəldim.Ancaq bunlara qismət olmadı.Mənim arzumdur ki,kaş zaman,dövr düzəleydi,İlham Astanbəyli də aşıq kimi yetişeydi.Onda çox sevinərdim.İlhamda çox gözəl eşq,çox gözəl cizgilər var.Ancaq yenə də deyirəm mən deyən zaman,devir lazımdır.Ona da mən yaxın gələcəkdə inanmıram.Çünkü mən bilerəm nə dediyimi. Insan öz elmini artırdıqca ölmümünü də yaxınlaşdırır,ucuzlaşdırır.Məsəlçün atom neçə il bundan qabaq yoxuydu elə deyildimi?Berdanqaydı dana,ya dəyərdi ya dəyməzdi.İndi atom açılan kimi yer də yoxdu insan da yoxdu.Savax da atomnan başqa nə bilersən nə çıxacaq.Onunçün də zaman, devir inanmıram ki,qayıda öz keçmişinə.O, danəndə kişilər əmələ gələ,o məclislər qurula İlham kimi umud verən cavanlarımız da usdad kimi yetişə,sənətkar ola. Nizami Gəncəvi deyirdi ki,

Əgər söz meydanı gen olsa müdəm

Atını dörd nala çapdırar ilham.

Olsaynan danışır görürsənmi?

-Xoruz səsi eşitməmiş xam söhbət üçün hamı Sənin yanına gəlir.Sən özün necə yığırsan?

-Özümdən aslı olmayaraq hansısa sözə uyğun olaraq məndə lətifələr yaranır.Sonradan dagörürəm ki,onları el də bəyənir.Qulağıma çater ki,aşıq Əli yaxşı deyib.Mən də rahat oluram ki,deməli mən onu yerində demişəm.Sonradan da onun birazcana orasını-burasını işləyirəm,gələn dəfə lap yaxşı işlədirəm.O,da olur əla.

-Çağdaş aşıq sənətində bir usdad kimi Sizi qane etməyən nədir?

-Çağdaş aşıq sənətində məni qane etməyən odur ki,sənətə eqaist yanaşma var.Sənətə gəlir üçün yanaşma var.Sənətə gələrək tezcənə varlanmaq isdəyirlər,var-hal sahibi olmaq isdəyirlər.Bu məni çox narahat edir.Xımı buradı.Əgər Sən sənətə var-dövlət,beş manat gözünnən baxırsansa o sənət Sənə haçansa haram olacaq.Səni yarı yolda qoyujax,Səni hörmətdən salejax.Allah rəhmət elləsin Cabbar Qaryağdıoğluna  deyirdi ki,Sən gəl usdada qulluq eylə sənəti öyrən.Sən sənəti öyrənəndən sonra kolun dibində gizlənsən də gəlib Səni aparıb,çaldırıb,oxutdurub,ləzzət alıb,feyz alıb Sənin hesabını verəcəklər.Ancaq indi heç kəs kamilliyə doğru getmək ,usdada qulluq etmək isdəmir.Məni bir də narahat eyləyən aşıq məclislərinin tam ləğv olunmasıdır.O, vaxt deyirdilər ki,savax oğluma toy eyləyirəm,sünət eyləyirəm aşıqları da filankəslərdir.Gedirdin sırf aşığa qulaq asırdın.İndi də 87-dən bəri aşıq sənətinin məclisi-meydanı tamam silinib.Ə,bura bax  səhnədə mənə bir hava verirsən,tədbirdə iki hava verirsən,nəbilim şadlıq evlərinə mən gedən də deyiləm,ora da gedirsən uzaxbaşı üç hava çala bilərsən daa  siyahiynan deyilmi.Neçə ki,aşıq məclisləri,aşığın özünün sərbəst məclisləri olmadı onda heç.Qurtardı getdi.

-Əmi bu gün elə bil aşığı şəxsiyyətdən ayırmaq planı yerinə yetirilir.Şəxsiyyətsiz aşıq olarmı? Şəxsən mən bunu heç cür qəbul edə bilmirəm.

-Ola bilər şəxsiyyəti yoxdu ancaq allah o sənəti ona bəxş eyləyib.Nə deyim vallah…Ancaq məncə sənətkarda şəxsiyyət birinci vacibdi.Əgər o sənətkarın sənəti olub,şəxsiyyəti olmasa onun hörməti də az olacaq.Ancaq öləndən sonra şəxsiyyət  silinir,sənət qalır.Tutalım Sən ağac usdasısan , Sənin şəxsiyyətin yoxdu.Ancaq əsirlər keçəndən sonra Sənin əl işinə baxanlar deyir ilahi görəsən bunu kim yaradıb,kim qoyub gedib.Artıq şəxsiyyət yada düşmür,sənət isə qalır.Ancaq diri canlılarda,Sən neçə ki,yaşıyırsan,Sənlə bərabər şəxsiyyətin də olsa hörmətin də birə-beş olar.

-Bir söz deyim əmi.Başqa sənətlərlə aşıq sənətinin fərqi var axı.Tarixən aşığın missiyası olub. Dədə Ələsgər demirdimi ki aşıq gərək “Xalqa həqiqətdən mətləb qandıra”,”El içində pak otur pak dura”,”Mərifət elmindən halı ola”və.s ,və i.a

-Yenə də deyirəm.Şəxsiyyət cürbəcürdü ə-əmi.Şəxsiyyət bir nöqtənin üstündə dayanılan söz deyil,çox şaxəlidir.Şəxsiyyət həm də onun qəddi- qaməti, ölçü-biçisidir.Sazı əlinə alırsan .Şəxsiyyət həm də odur ki,saza yaraşan olsun.Şəxsiyyətlə saz təmasda olanda Səni məcbur eyləyəcək ki,Sən ona qulaq asasan.Əgər şəxsiyyətdən kasadsansa camahat yönünü bu yana çevirib saza qulaq asacaq özünü də görmək istəməyəcək.

-Yaşa. Mənim istədiyim cavab da təxminən bu idi.Əmi, aşıq kimi həmişə insanlarda  ehtiyac yaradırsan.Özünü necə formada saxlayırsan?

-Ağrın alım.Bu gözəl sözdü.Bunu hardan eyninə gətiribsən.Mən həmişə insanlar arasında eyni ölçüdə,eyni biçidə qalmaq isdəmişəm.Mənim tərzim budur.Əgər mən bu gün Səninlə bir cür sabah başqa tərzdə oturub dursam onda mən öz ideyama xəyanət etmiş olaram.Yoxsa mən aşıq Əli olmazdım.Mən ölərəm əqidəmi,düşüncəmi dəyişə bilmərəm.Əli əmiyin hər şeyi dəyişər düşüncəsi dəyişməz.

-Bu gün ömür sarayının kövrək vaxtını, sənətin enişli-yoxuşlu yolunda usdad taxtını yaşayan Əli Quliyevin sosial təminatı bu gün nə vəziyyətdədi?Mən istəməzdim ki aşıq Əli, sosial qayğılarını ödəmək naminə hansısa nadan məclisinə dözmək məcburiyyətində qalsın. Axı aşıq Əliyə ən yüksək dövlət təqaüdünün və mükafatının verilməsi Onun da  ana südü kimi haqqıdır.

 – Yaman yaralı yerimə toxundun a dərdin alem.Bu lap mənim ürəyimdən olan söhbət oldu.Ormanlısan ki,Ormanlısan.Bilersənmi dərdin alem mən həmişə qazancımın 2 manatını öyə verəndə 5 manatını da ayrı şeyə vermişəm.Amma indi zaman,dövür bir az dəyişib.Aşıq sənətinin öz məclisi yoxdu.O gördüyün əhli-ürfan, danəndə kişilər qalmayıb.Mən də onunçün təsirnən deyirəm,təlatümnən deyirəm ki, kaş mənim də təqaüd işim düzəleydi.O deyir ey:

Səni doğan ana 100 doğaydı kaş,

birciyi də mənim yarım oloydu.

İndi isdəyərdim ki,o təqaüdün biri də mənim payıma düşsün.Mən də o nadan adamların,saza yuxarıdan aşağı baxanlarınməclisinə mənim də qədəmim düşməyəydi.Bu vaxta qədər mən sazı mərd ərənlərin,əhli-hal kişilərin,qoç kişilərin məclisində şahə qaldırmışam.İndi də isdəyərdim ki, təqaüdüm oleydi nadan adamların,harın,manqurd məxluqatların məclisinə,qapısına indən sonra da yönüm düşməyəydi.Bircə Ona görə təqaüd isdəyirəm.Əlimdəki saza görə,sənətimin urvatına görə təqaüd isdəyirəm.Bilim ki, burada 5 nəfər Səni kimi sazın adamı var oraya gedim.Ehtiyacdan ötrü hər yerə mənim ayağım açılmasın.Nəsimi deyirdi ki,

Əhli dünya tək nə dövlət nə də dinar isdərəm

Bir fəqirəm möhdəşəm,fəqri-fəna xoşdur mənə.

Mənə də füqəralar fənası xoşdur dərdin alem. Urvatdı gəlmişəm urvatdı da getmək üçün təqaüd isdəyirəm.Axı mən atdı,ulaxlı sənətkar olmuşam.İndi mən əlimdə saz yolun qırağında dura bilmərəm.

-Oxuculara sözünüz?

-Mən elimə-obama ,Azərbaycan xalqına sülh və əminamanlıq arzulayıram.

 

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.