“Aşıq sənəti Azərbaycan dövlətinin milli mədəniyyət siyasətinin tərkib hissəsidir”

Oxunma sayı:1748

“Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq” adlı layihənin təqdimatı oldu

Azərbaycan xalqının milli musiqi aləti olan saz və balabanın ermənilər tərəfindən mənimsənilməsi cəhdlərinə qarşı mübarizə aparmaq və onların Azərbaycan xalqına mənsub musiqi alətləri olduğunu isbatlayan tədbirlər həyata keçirmək məqsədi ilə Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi ” Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq” adlı layihənin icrasına başlayıb. Layihənin təqdimat mərasimində Birliyin üzvləri, aşıqlar, balabançılar, jurnalistlər və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə “AşıqŞəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açdı və qeyd etdi ki, Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurası tərəfindən bu artıq bizim dördüncü layihəmizdir ki, maliyyələşdirilir: ” Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurası mədəniyyətimizin, musiqimizin, milli mənəvi dəyərlərimizin, folklor və maddi mədəniyyət nümünələrimizin qorunması, öyrənilməsi və təbliği istiqamətində layihələrə üstünlük verib və onlara dəstək veribdir. Məhz ” Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq” adlı layihənin də aktuallığını nəzərə alaraq bu layihəni də maliyyələşdirir.
Əsrlər boyu ermənilər xalqımıza qarşı soyqırım siyasəti həyata keçiriblər. Həmçinin xalqımızın mədəniyyətini zaman-zaman öz adlarına çıxıblar. Bu gün də ermənilər xalqımızın qədim musiqi aləti olan saz və balabanda gözləri var. Bu layihə ermənilərə tutarlı cavab olacaq. Aşıq sənəti Azərbaycanda ta qədimlərdən formalaşmağa başlamışdır. Azərbaycan sazı və onu müşayiət edən balaban aləti musiqi mədəniyyətimizin biçimlənməsi və zənginləşməsində əvəzsiz rol oynamışlar. Məhz buna görə Ulu Öndərimiz Heydər Əliyev ozan-aşıq mədəniyyətindən söz açaraq onu «milli varlığımızın mötəbər qaynağı» kimi dəyərləndirmişdir. Prezident İlham Əliyev 2013-cü ilin sentyabrında Gədəbəydə aşıq məktəbinin açılışında saz-söz sənətimizə yüksək qiymət verərək demişdir: «Aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir. Azərbaycanda aşıq sənətinin çox dərin kökləri vardır… Gənclər bilikli, vətənə bağlı olmalıdır, vətənpərvər və milli ruhda böyüməlidirlər. Milli ruh da aşıq sənətidir». Bu dəyərləndirmələr Azərbaycan dövlətçilik düşüncəsinin mövqeyidir.
Aşıq sənəti –xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi formasıdır və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür. Bu, kiçik bir tamaşadır, burada musiqi, saz və müəllif-aşıq vəhdət təşkil edir. Aşıq sənətinə qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, dostluğu, məhəbbəti vəsf edən mahnılar daxildir. Aşıq sənəti sintetikdir, yəni aşıq şeir yazır, musiqi bəstələyir, həm də oxuyaraq sazda çalır və rəqs edir. Aşığı çox vaxt balaban və nəfəsli alətlər ansamblı da müşayiət edir. Lakin aşığın əsas musiqi aləti sazdır. Saz qədim Azərbaycan dartımlı simli musiqi alətidir. Aşıq yaradıcılığının ən geniş yayılmış janrı epik janrdır-yəni dastanlardır, xüsusilə də qəhrəmanlıq dastanları”. Dastanlarda vokal-instrumental hissələrin şeirlə danışıq parçalarını əvəz etdiyini vurğulayan Həbib Misirov çıxışını bitirib, sözü iştirakçılara verdi.
Təşkilatın İdarə Heyətinin üzvü, Milli Elmlər Akademiyasinin Nizami adına Ədəbiyyat İnsititutunun direktor müavini, dövlət mükafatı lauriyatı, professor Məhərrəm Qasımlı da layihənin əhəmiyyətindən və dövlətin bu istiqamətində olan dəstəyindən danışdı: “Aşıq sənəti Azərbaycan dövlətinin milli mədəniyyət siyasətinin tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin humanitar mədəniyyət strategiyası bu gün onun layiqli davamçısı İlham Əliyevin sayəsində uğurla davam etdirilir. Ölkənin 1-ci xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sayəsində aşıq sənəti UNESKO-nun siyahısına daxil olub. ” M. Qasımlının sözlərinə görə, Gəncə, Bakı, Şamaxı və digər bölgələrdə də aşıq sənəti gənclərin böyük marağına səbəb olub: “Çox sevindirici haldır ki, digər bölgələrdə də aşıq sənəti inkişaf edir. Zaqatala- Balakən aşıqların fəallığı xususilə seçilir. Aşıq sənəti Azərbaycan xalqının milli pasportu olan sənət sahələrindən biridir. Bunlar bizim dədə- babalarımızın şedevrləridir. Milli dövlətçiliyimizin mənəvi dayağıdır. Ermənilər daima bizi təqlid etməyə çalışıblar. Lakin buna nail ola bilməyəcəklər çünki onlarda nə bizim sazımızın, nə də balabanımızn ruhu var”.
Bundan sonra çıxış edən aşıq Əhliman Allahverdiyev bu sənət sahəsinin azərbaycanlılar üçün nə qədər əhəmliyyətli olmasından danışdı: “Aşıq sənəti hər bir azərbaycanlının damarında axan qandır. Sazı balabansız, balabanı da sazsız təsəvvür etmək olmaz”.
Tanınmış balaban ustası İbadət Allahverdiyev isə daha çox təbliğata ehtiyac olduğunu vurğuladı və ermənilərin bütün cəhdlərinin uğursuz olacağını söylədi.
Bundan sonra aşıq və balabançılardan İbadət Allahverdiyev, Elbrus Hüseynov, Şöhrət Kərimov,Taleh Abdullayev və Məzahir Allahverdiyev bir- birindən maraqlı kompazisiyalarla çıxış etdilər.
Tədbirin sonunda iştirakçılar xatirə şəkili çəkdirdilər.
Məlumat üçüb bildirək ki, layihə ilə bağlı Bakı, Gəncə və Şamaxıda saz və balabanın Azərbaycan xalqına məxsus musiqi alətləri olmasını əsaslandıran elmi seminar və müzakirələr təşkil ediləcək. Saz və balaban sənətinin gənclərə aşlanması üçün Azərbaycan saz və balabanının ifa və repertuar özünəməxsusluğunu əks etdirən ustad dərsləri təşkil olunacaq. Ermənilərin bu musiqi alətləri barədəki iddialarını ifşa edən əks-materialların hazırlanıb, bir neçə dildə internet səhifələrində yerləşdiriləcək. Saz və balabanın Azərbaycan xalqına məxsusluğunu əks etdirən elmi qaynaqları və bukletlər diaspor təşkilatlarına və beynəlxalq qurumlara göndəriləcək.

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.