Ana səhifə YAZILAR ÜRƏYİ MÜRŞÜDÜ OLAN DOSTUM…

ÜRƏYİ MÜRŞÜDÜ OLAN DOSTUM…

Müəllif: Bizim Yazı
877 baxış

Həmid ORMANLI

(Dostum Ehtiram İLHAMın 44 yaşına bir qom bənövşə əvəzi…)

Ehtiramı tanıyanlar təsdiq edərlər: Danışanda, danışmağa hazırlaşanda içindən uğultulu bir səs gəlir. Ehtiramın içinin səsidir. Ehtiramın içinin uğultulu səsi..! Şıkkıltılı, tıkkıltılı, cingiltili yox, haa, məhz uğultulu. Dərindən gələn böyük səs anlamında uğultu deyirəm. Bəli, Ehtirmın işi (missiyası) kimi içi də böyükdür. Ço-ox böyük..! Ehtiramın içinin səsi mənə kəndimizdəki səsi qulağımdan getməyən enerji generatorunu xatırladır.  Ehtiramın içinin “generatoru”nun səsi gəldimi bil ki,  Səni ovudacaq,  ölümünə duyğulandıracaq , Sənə güc verəcək təzə bir söz deyəcək. Elə bir söz ki, o sözə hamımızın ehtiyacımız var. O, sözlərin məndə yaratdığı duyğular  məni çox yetişdirib, mənə çox şeylər qandırb. Cıqqıja da irəli gedirəm, guya təkcə mənəmi? Əsla. Çoxlarına. Bütün bunlara görə sağ ol Ehtiram. Özün bilirsən ki öyrənmək Səni-məni kimi adamlara, könül sahiblərinə çox xoşdur . Nə yaxşı ki, baxtıma çıxan  bir öyrətmənim də sən olmusan.

* * *
Üzr istəyirəm, özümü də köçə qoşacam… Ehtiramla məni içimizdəki, la-ap qədimdən-qədim ruh birləşdirir. O, ruh ki, dəli sevda ilə bizi saza-sözə, daşa-quşa, ota-ağaca, bulaqlara, dostlara, kəndə-kəsəyə, müqəddəs dərdlərə,  Qaracaoğlana, Dadaloğluna, Yunis Əmrəyə, Füzuli babamıza, Nəsimiyə,  Vidadiyə, S. Vurğuna,  Akif Səmədə bağlayıb. Akif Səməd demişkən –Akif Səməd deyirdi ki, Azərbaycan xalqı şair xalqdır. Ona görə yox ki, hamı şer yazır, hamı şairdir. Ona görə ki, söz xiridarlarının, sözlə nəfəs alanların sayı çoxdur. Ona görə ki, Azərbaycanda şair doğulanlar və şair boğulanların sayı çoxdur. Oxucu dost! İnan inandığımıza üzünə görə demirəm Ehtiram doğrudan-doğruya şair doğulanlardan oldu, sözə gələ bildi. Bildi də deyəndə də ki, göydə Allah olan yerdə Ehtiram nə karədir ki, özbaşına sözə gəleydi-əlahəzrət sözə. Onu gətirən gətirdi. Şükür olsun  Kərəminə.

Bu yurdu bulud almasın,
Çiçəyi, gülü solmasın.
…Vurğunun ruhu bilməsin-
Sözə gəlməkdən qorxuram.

Daha qorxma, artıq gəlibsən. Özü də böyük əxlaqla, alçaqkönüllülüklə, sözü bilə-bilə, abır –həya ilə gəlibsən. İnnən belə nə var ki? Özün deyibsən:

Vaqif tək şer yazmağa,
Vurğun olmağa nə var ki?..
Gözün varsa, gözəllikdən
İlham alamağa nə var ki?..

Tanrıya şükür, poeziyamıza gözəl şerlər gətirən gözün də var könlün də…

Çox vaxt ithaf şerindən zəhləm gedib. Demişəm itihafdırsa, içində nə olasıdır ki? Ancaq Sənin ithaf şerlərini ləzzətnən oxudum. Hətta sevindim ki, nə yaxşı ki, Sənin ithaf şerlərin çoxdur. İnanıram ki, illərdir, dostlar əlində əsir qalan, işıq üzünə həsrət növbəti kitabında da ithaflara geniş yer verəcəksən.
Yaxşı bilirsən, bizi mənsub olduğumuz eyni ruhun dili çox doğmalaşdırıb. Və əlbəttə, bir də mənsub olduğumuz əqidə… Əqidə və ruh dostluğu ən ali dostluq olsa gərək. Bu ayın iyirmi üçündə 44 yaşın tamam olur. Şərəflə yaşanan 44 il, ürəklə yaşanan 44 il!.. Mən də ürəklə yaşayanlardan olduğum üçün yaxşı bilirəm, bu çox çətindir. Tanrı köməyində dursun, dərdiş. Tək diləyim odur ki, Uca Yaradan yaradanın yaradılana verdiyi payda Səni və Sənin kimi ağır-abır, istedad və könül yiyələrini unutmasın. O biri dünyamızsa, hesabla lap yaxşı olmalıdır (inşallah). Yəqin ki, mürşüdüm Akif Səməd o dünyada səliqə-səhman yaradıb bizi gözləyir. Bax, o böyük, dadlı buluşmaya hazır olmalıyıq.
Ulu Tanrı o dünyaya, sevdiklərimizin yanına üzü ağ, alnı açıq getməkdə yar və yardımçımız olsun. Hələlik bu qədər. Yazmaq istədiyim çox şeylər olsa da, sözü uzatmaqdan qorxdum.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.