Ana səhifə BAŞ YAZI Təranə TURANdan iki şeir: QIŞ LÖVHƏSİ və QAR YAĞIR…

Təranə TURANdan iki şeir: QIŞ LÖVHƏSİ və QAR YAĞIR…

Müəllif: Bizim Yazı
2. 928 baxış

 

***

Yaxasını söküb bulud
Qar ələyir küçələrə.
Bəyaz pərdə çəkib bulud
Gündüzlərə, gecələrə…

Ağarıb bəxti Bakının,
Gəlinlik geyinib şəhər.
Qış sirri danışır quşlar
Qar üstündə səhər-səhər.

 

“Bəyaz güllər” səpələnir
Çölə, düzə ləçək-ləçək.
Naxışlanır pəncərəmdə
Ulduz-ulduz, çiçək-çiçək.

Düzüm-düzüm sırsıralar
Ağacların buz sırğası.
Sirdi, sehrdi, əfsundu
Qarın, çovğunun qovğası.

Mürgü döyür göy dalğalar,
Dənizin yuxusu gəlir.
Təbiətin nəfəsindən
İlk sevgi qoxusu gəlir.

Göylər bərəkət göndərir
Torpağa qar tökə-tökə.
Səttar fırçası gərəkdir
Bu qış lövhəsini çəkə.

***
Qar yağır…
Dünən küləyin, çovğunun
dəlisovluq etdiyi çöllər
bu gün necə fağır.
Qar yağır…
Hər tərəfi
ağ pərdəylə örtdukcə
adam qar altında qalan
bir ovuc torpaq üçün darıxır.
Qar yağır…
Bəlkə hardasa
qarın ağırlığından
bir dam yıxılır.
Qar yağır…
Bu isti evdə
çadırda qalan Vətənçün
yaman ürəyim sıxılır.

You may also like

2 şərh

mayin12 2015-01-05 - 14:53

siz bu seiri cox mentiqle yazmisiz

Cavab
ay günəşova 2016-12-30 - 16:42

əla

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.