Təranə TURANdan iki şeir: QIŞ LÖVHƏSİ və QAR YAĞIR…

Oxunma sayı:23835

 

***

Yaxasını söküb bulud
Qar ələyir küçələrə.
Bəyaz pərdə çəkib bulud
Gündüzlərə, gecələrə…

Ağarıb bəxti Bakının,
Gəlinlik geyinib şəhər.
Qış sirri danışır quşlar
Qar üstündə səhər-səhər.

 

“Bəyaz güllər” səpələnir
Çölə, düzə ləçək-ləçək.
Naxışlanır pəncərəmdə
Ulduz-ulduz, çiçək-çiçək.

Düzüm-düzüm sırsıralar
Ağacların buz sırğası.
Sirdi, sehrdi, əfsundu
Qarın, çovğunun qovğası.

Mürgü döyür göy dalğalar,
Dənizin yuxusu gəlir.
Təbiətin nəfəsindən
İlk sevgi qoxusu gəlir.

Göylər bərəkət göndərir
Torpağa qar tökə-tökə.
Səttar fırçası gərəkdir
Bu qış lövhəsini çəkə.

***
Qar yağır…
Dünən küləyin, çovğunun
dəlisovluq etdiyi çöllər
bu gün necə fağır.
Qar yağır…
Hər tərəfi
ağ pərdəylə örtdukcə
adam qar altında qalan
bir ovuc torpaq üçün darıxır.
Qar yağır…
Bəlkə hardasa
qarın ağırlığından
bir dam yıxılır.
Qar yağır…
Bu isti evdə
çadırda qalan Vətənçün
yaman ürəyim sıxılır.

2 thoughts on “Təranə TURANdan iki şeir: QIŞ LÖVHƏSİ və QAR YAĞIR…

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.