Ana səhifə BAŞ YAZI ÖZBƏK ELMİ – NƏZƏRİ FİKRİNİN HÜSEYN CAVİD SƏHİFƏSİ

ÖZBƏK ELMİ – NƏZƏRİ FİKRİNİN HÜSEYN CAVİD SƏHİFƏSİ

Müəllif: Bizim Yazı
948 baxış

Almaz ÜLVİ
filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutu
“Türk xalqları ədəbiyyatı” şöbəsinin baş elmi işçisi

Ədəbi əlaqələr müstəvisində dramaturgiya və teatr sahəsinin tədqiqindən irəli gələn yekun mülahizələrə görə,  özbək dramaturgiyası və teatrının təşəkkülü və tərəqqisi bir sıra cədidçi mütəfəkkirlərin, ilk növbədə, H. H. Niyazinin adı ilə bağlıdır. Bu dramaturgiyanın  inkişaf və zənginləşmə mənbələrindən biri, heç şübhəsiz, Azərbaycan dramaturgiyası və onun ən görkəmli nümayəndələrindən Mirzə Fətəli Axundov və Hüseyn Cavid yaradıcılığı olmuşdur.
Dramaturq H. Cavidin adı ötən əsrin 20-ci illərinin əvvəllərindən özbək tamaşaçılarına bir sıra pyesləri ilə tanışdır. Onun özbək səhnəsində tamaşaya qoyulmuş ilk əsəri 1912-ci ildə yazdığı “Maral” olub. Geniş miqyasda götürdükdə isə, elə həmin illərdə H. Cavidin 1920-ci ildə “Şeyda” (1917),  1923-cü ildə “Şeyx Sənan” (1914) və 1924-cü ildə   “İblis” (1918), Ü.Hacıbəylinin “Leyli və Məcnun” (1924), “Arşın mal alan”, Ə.Haqverdiyevin “Milliyətçilər”, M.F.Axundovun “Hacı Qara”, N.Nərimanovun “Şamdan bəy” və digər dram əsərləri özbək dilinə tərcümə olunaraq özbək, tatar və Azərbaycan aktyorlarının ifasında Daşkənddəki “Turan” teatrında özbək və Azərbaycan dillərində oynanılmışdır. Özbək tədqiqatçısı S.Əliyev “Azərbaycan teatrı və dramaturgiyası Özbəkistanda (1917-1929)” adlı tədqiqat əsərində özbək xalqının Azərbaycan dramaturqlarının əsərləri ilə tanışlığının XX yüzilin 10-cu illərinə təsadüf etdiyini yazmışdır. Tədqiqatçının yazdığına, eləcə də digər tədqiqat əsərlərinə isnadən, deyə bilərik ki, Özbəkistanda Hüseyn Cavidin əsərləri geniş şöhrət qazanmışdır.
H.H.Niyazinin arxivində H.Cavidin “Şeyda” pyesindən iki vərəq əlyazması saxlanılır. Bu vərəqlər çox güman ki, əsərin çevrisi üçün başlanğıc imiş (məlumdur ki, ünlü özbək ədibi H.H.Niyazi 1929-cu ildə imperiya oyununa gələrək “Allahsız” kimi xalqın daş-qalağına tuşlanmış, öldürülmüşdür, onun zəngin ədəbi irsi içərisində 40-a qədər də dram əsəri vardır). H.H.Niyazi yaradıcılığını, şəxsi arxivini araşdıran görkəmli özbək tədqiqatçısı,  professor Ləziz Kəyumov onun Azərbaycan dilindən 20-yə qədər pyes çevirdiyini, eləcə də, səhnəyə qoyulan tamaşalara rejissorluq etdiyini dönə-dönə vurğulayır. 1914-cü ildə Bakıya səfər etmiş Niyazinin əlimizdəki pyesləri ilə Azərbaycan dramaturqlarının əsərləri arasında bir doğmalıq, oxşarlıq və müştərəklik vardır. Bu cəhətdən  H.H. Niyazini N.Nərimanovla, Ə.Haqverdiyevlə, H.Cavidlə, C.Cabbarlı ilə müqayisəli öyrənmək üçün kifayət qədər material vardır.
Ünlü özbək aktyoru Lütfulla Nəzrullayev yazır ki, Buxarada Özbək Dövlət Dram truppası yaradılmışdır. Truppanın başçısı isə Azərbaycandan gəlmiş Həbibulla Axundov idi. O, 1918-1919-cu illərdə Səmərqənddə xalq maarifi sistemində çalışırdı. Burada o, dram dərnəyi təşkil etmişdi və Azərbaycan dramaturqlarının əsərlərinin tamaşalarını hazırlayıb oynayırdılar. Bu siyahıda heç şübhəsiz ilk olaraq Ü.Hacıbəyovun və H.Cavidin əsərləri olardı. Təxminən həmin illərdə Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun” və s. musiqili komediyalarının Səmərqənd həvəskar artistləri tərəfindən Seyid Rza Əlizadə  rejissorluğu ilə tamaşaya qoyulub. H.Cavidin “Şeyda” əsərinin ilk dəfə Aşqabadda, sonra da Səmərqənddə S.R.Əlizadənin  rejissorluğu tamaşası da məlumdur. Bir zamanlar, 1924 – cü ildə sovet Özbəkistan bir qrup gənci teatr təhsili almaq üçün Bakıya göndərir. Həmin qrupdan  olan, sonralar SSRİ xalq artisti adını almış  H.Nəsirova “Şərq üzərində şəfəq” adlı maraqlı kitab yazıb dərc etdirir. Müəllif əsərdə Azərbaycan dramaturgiyasının özbək teatrının formalaşmasında tərəqqisindəki uğurlarını əsaslı faktlarla əks etdirmişdir (onun sənət dostları Həkimə Xocayeva, Nəzirə Əliyeva, Zühur Qabilov, Mühiddin Karı Yaqubov, Rəhim Babacanov, İsrafil İsmayılov və digərləri 1924-1928-ci illərdə Bakı Teatr Texnikumunda aktyorluq təhsili alırlar): “Bəli, mənim bir sənətkar kimi kamilləşməyimdə, teatr mədəniyyəti sirlərinə vaqif olmağımda qardaş Bakının, oradakı gözəl müəllimlərin, sənətkarların rolu və xidmətləri çox böyük və əvəzsiz olmuşdur. Buna görə daim Bakıya can atıram. Köhnə bakılı olmağımla, dünya mədəniyyətinə Nizami, Xaqani, Nəsimi, Füzuli, Cavid və Sabir kimi ölməz sənətkarlar vermiş böyük bir ölkənin mədəniyyət və zəka qaynaqlarından dirilik suyu içməyimlə fəxr edirəm, öyünürəm”.
Azərbaycan-özbək ədəbi əlaqələrinin tanınmış simalarından olan tədqi­qatçı Şirəli Turdıyev qeyd edir ki, XX əsrin əvvəllərində Özbəkistanın müxtəlif şəhər və əyalətlərində Azərbaycan dram və opera sənəti nümunələrini oynayırdılar. Münasi­bət­lərin yaxınlığı, doğmalığı o dərəcəyə yüksəlmişdi ki, Azərbaycandan gedən yaradıcı ziyalılar özbək dramaturqlarının əsərlərini tamaşaya hazırlayır, hətta onların nəşrini, mətbuatda çapını Azərbaycanda təmin edirdilər. İstedadlı teatr xadimi Sidqi Ruhullanın rejissorluq məktəbi gənc özbək teatr yaradıcıları üçün örnək olmuşdu. Bəli, Sidqi Ruhullanın Özbəkistanın iri şəhər və əyalətlərində səhnə həyatı verdiyi əsərlər sırasında Hüseyn Cavidin pyesləri ilk sırada olardı.
1920-30-cu illərdə H. Cavid bir sıra tarixi dramlar yazmışdır. “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Səyavuş” (1933) və “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında yeni mərhələ idi.
Ünlü özbək şairi Qafur Qulam 30-cu illərdə Bakıda olarkən “Kom­munist” qəzetinə olan söhbətində xüsusi ilə diqqətə yetirir ki, mən ilk təhsilimi Səmərqənd­dəki azərbaycanlıların məktəbində almışam. Şeir aləminə isə Cavidin, Sabirin yolu ilə gəlmişəm. Əlbəttə, bu gün  XX əsr özbək klassikləri sırasında uca mövqedə dayanmış bir şəxsin belə etirafını ədəbi hadisə kimi dəyərləndirməyə bilmərik. Qeyd edim ki, Q.Qulam Azərbaycan-özbək xalqlarının ta qədimdən, ələxsus üzü Nəvaidən XX əsrə qədər olan əlaqələrini dəqiq ifadə edərək yazmışdır: “Biz biri-birimizin şagirdi, biri-birimizin ustadıyıq”.
1920-25-ci illərdə Bakı seminariyasında təhsil alan Maqsud Şeyxzadəni 1928-ci ildə sürgün taleyi Daşkəndə gətirib çıxarır. Onun ədəbi irsini araşdıranda maraqlı izlərlə rastlaşmalı olursan. Belə ki, seminariya illərində Abdulla Şaiq, Hüseyn Cavid, Cabbar Əfəndizadə, Mədinə Qiyasbəyli, Cəmo bəy Cəbrayılbəyli kimi nəhəng ziyalı­lardan dərs almış Maqsud Şeyxzadə Mehdi Hüseyn, Sabit Rəhman, Mikayıl Müşfiq, Səid Rüstəmov, Məhəmmədhüseyn Təhmasiblə eyni sinifdə oxumuşdur. Tanınmış soydaşımız Maqsud Şeyxzadə ömrü­nün axırınadək burada yaşayıb, Nizami Gəncəvi adına Daşkənd Pedaqoji İnstitutunda fəaliyyət göstərib. Nəhayətdə, Özbəkistan elm tarixində tanınmış alim və pedaqoq kimi Ünlülaşmışdır. O, “Cəlaləddin Manquberdi” və “Mirzə Uluqbəy” faciələri ilə fundamental özbək dramaturgiyasının banisi kimi ədə­biyyat tarixində ad qoymuşdur. Məhz bu xidmət­lərini dəyərləndirən Özbəkis­tanın xalq yazıçısı Şükrulla Maqsud Şeyxzadəni “Özbək ədəbiyyatının Şekspiri” adlandırmışdır. Daşkənddə altı cildlik “Seçilmiş əsərləri” çap olunan Maqsud Şeyxzadə vaxtilə Nizaminin, Füzulinin, M.F.Axundovun, Hüseyn Cavidin, Səməd Vurğunun, Rəsul Rzanın əsərlərini özbək dilinə tərcümə edib. Bəli, zamanında o, Azərbaycan ədəbiyyatını özbək dilinə çevirərək yaymış, tanıtdırmış, sevdirmişdir. Maqsud Şeyxzadə həyatı boyu iki müəlliminin adını fəxrlə anıb: Hüseyn Cavid və Abdulla Şaiq. Maqsud Şeyxzadə onlardan vətən eşqi, millət eşqi, ədəbiyyat eşqi və türkçülüyün böyüklüyünü öyrənmişdir. Hətta Ünlü “Mirzə Uluğbəy” əsərini yazarkən Hüseyn Cavidin, onun “Topal Teymur” əsərinin ona olan təsirindən söz açmışdır. Məlumdur ki, həmin əsər Əmir Teymurun nəvəsi, dünyanın Ünlü astronomu kimi ad-san qazanmış, hökmdar Mirzə Uluğbəyə həsr olunmuşdur.
Ümumiyyətlə, XX yüzil özbək ədəbiyyatının klassikləri kimi tanıdığımız H.H.Niyazi, M.Uyqun, M.Behbudi, Q.Yunis, Ə.Fitrət və başqaları məhz Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyov, M.F.Axundov kimi dühaların yaradıcılıqlarından faydalanmış və əsərlərində bu təsiri dönə-dönə etiraf etmişlər. Bir məsələyə diqqət yetirmək istərdim: Ünlü Ə.Fitrət və Ə.Çolpan İstanbulda təhsil almış­lar. Hüseyn Cavid təhsil aldığı dönəmlərdə. Bu ayrıca bir tədqiqatın mövzusudur ki, öz ustadları ilə onların şəxsi tanışlıqları olub, ya yox. Bu qələm adamlarının üslub, hadisələrə münasibəti, dövrün vacib problemlərini mövzuya çevirmək, xüsusən də İstanbul dialekti ilə yazı tərzlərində çox oxşarlıqlar görünür.
Hüseyn Cavidin özbək ədəbi-mədəni mühitində izini araşdırarkən, bir zaman­lar onunla çiyin-çiyinə çalışan özbək ziyalısı Xalid Səid Xocayevi unutmaq olmur. Ruhani ailəsində doğulan Xalid Səid Xocayev gənc yaşlarında İstanbula getmiş, orada ali təhsil alaraq Vətəninə dönmək üçün yolüstü Bakıdan keçməli olub. Daha doğrusu, 1918-ci ildə Nuru Paşanın başçılığı altında Qafqaz Türk İslam Ordusunun qərargahı ilə Bakıya gəlir və həyatını Azərbaycanla bağlayır. Azərbaycanda Hüseyn Cavid, Səməd ağa Ağamalıoğlu, Vəli Xuluflu kimi şəxsiyyətlərlə çiyin-çiyinə çalışır, bu gün də aktuallığını itirməyən əsərləri­ni yazdı. Təəssüf ki, 1937 –ci ildə həbs olu­nan ədibin əsərlərinin çoxu XDİK tərə­findən müsadirə olunur, bəzilərinin taleyi hələ də naməlumdur.
Tam bir təsadüfmi, yoxsa, düşmən gözü sərrafmı? 1937-ci ilin iyun gecə­sində Azərbaycanın dörd böyük ziyalısı birdən həbs olunur: Hüseyn Cavid, Əh­məd Cavad, Mikayıl Müşfiq və Xalid Səid Xocayev. Həmin günlərdə çağ­rılan Azərbaycan  K(b)P-nin XIII qurultayında  M.C.Bağırov məruzəsinin son sözün­də demişdi: “Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdi: hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq kimiləri” (onda heç qərib X.S. Xocayevin adını da tutmadı, amma məhv etmək sırasından yan etmədi).
Bu məqam Tağı Şahbazi, Əhməd Triniç, Hüseyn Cavid (1882-1944), Hacı Kərim Sanılı (1878-1937), Mikayıl Müşfiq (1908-1938), İsmayıl Katib (1898-1938), Əhməd Cavad (1892-1937), Əliabbas Müznib (1883-1938), Böyükağa Talıblı (1897-1938), Qantəmir (1889-1944), Y.V.Çəmənzəminli (1887-1943), Seyid Hüseyn (1887-1937), Tağı Şahbazi Simürğ (1889-1938), Hacıbala Nəzərli (1895-1939), Atababa Musaxanlı (1905-1941), Əli Nazim (1906-1941), Əmin Abid (1898-1938), Bəkir Çobanzadə (1893-1937), Məmməd Kazım Ələkbərli (1905-1937), Mustafa Quliyev (1893-1938), Ruhulla Axundov (1897-1937), Hənəfi Zeynallı (1896-1938), Salman Mümtaz və çox-çox adlar ruhumda sıralandı. Elə ruhumu da Cavidin misraları özünə qaytardı.

Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?
Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.
Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!…
Aləmi-zevqi-səfadən bana bəhs etmə, saqın!
Bildik artıq bu cihan mülkü nə viranə imiş!..

1925-ci ildə tamamlanan “Topal Teymur” adlı tarixi dram əsəri Bakı və Daşkənddə səhnəyə qoyulmuşdur. Tamaşa böyük maraq və heyranlıqla qarşı­lan­sa da, tezliklə qadağan edilmişdir. Əmir Teymur obrazı sovet ideologiyasına uy­ğun gəlmirdi (qeyd etmək istərdim ki, həmin dövrlərdə, yəni, Əmir Teymurdan bəhs edən ilk özbək pyesini Ə.Fitrət 1919-cu ildə “Teymurun məzarlığı” əsərini yazmışdır). H.Cavid “Topal Teymur”da onu qəddar, zalım, axsaq kimi yox, böyük sərkərdə, türk dünyasını birləşdirən, elmin, incəsənətin, müxtəlif sənət­lə­rin və ticarətin hamisi kimi qələmə vermişdi. Hüseyn Cavidə və teatrın rəhbər­liyinə təkidlə bildirilmişdi ki, Əmir Teymur obrazı xoşagələn tərzdə verilməsin. 1937-ci ildə H.Cavid həbs olunarkən ona qarşı irəli sürülən ittihamlardan biri də Əmir Teymur şəxsiyyətini təbliğ etməyi idi.
Ümumiyyətlə, tarix boyu Əmir Teymur ziddiyyətli şəxsiyyət kimi təqib olunub. Onun əməlləri – xeyirxah və zülmkarlığı tərəzinin gözündə heç də nizamlı qərarda görünməyib. Bir faktın axarında tədqiqatçı qələmim, qəlbim çox qürurludur. Onun türkçülük tarixindəki xidmətlərini saymaqla başa gəlmir. Saray yazışmaları türk dilində olmalı, saray əsgərləri türkcə salamlaşmalı, saray şairləri türkcə yazmalı və s. və s. Hətta Əmir Teymur dövrünün türkcə ilk bədii əsəri tarixi fakt olaraq Əmirin özünün 1381-ci ildə uyğur əlifbası ilə yazılmış on bir sətirlik “Kitabəsi” sayılır. Həmin “Kitabə”nin mətnini avropalı türkoloq N.N.Ponne tərcümə etmişdir: (“Kitabə”nin baş tərəfindəki üç sətir – ərəb qrafikası ilə olan sətirlər oxunmamışdır). “Yeddi yüz … Qara Toxmaq” (təxminən Qıpçaq) ölkəsinə qoyun ili baharının orta ayında Turanın sultanı Timur bəy iki yüz min əsgəri ilə ad-sanı üçün Toxtamış xanın üzərinə hücum etdi. Bu yerə gəlişi tarixə düşsün deyə müharibə etdi. Tanrı bunu ədalətə yazsın, inşallah. Tanrı xalqa rəhm eyləyə və bizi dua ilə yad edələr.”
Hüseyn Cavid – böyük turançı Cavid, böyük türkcü Cavid bunları bildiyindən Əmir Teymurun – Teymurləngin müsbət xarakterlərini daha qabarıq verməsi yerində idi, ürəyinin səsi idi. O, özünü haqlı bilirdi. Mən bilmirəm ki, Hüseyn Cavid Əmir Teymurun qəbrini ziyarət edib ya yox (bu, sonrakı tədqiqatlarımızın mövzusu ola bilər). Ötən il Şərq gözəli Səmərqənd şəhərində ezamiyyətdə olarkən dünyaya meydan oxuyan Əmir Teymurun (Teymurləngin), onun nəvəsi, dünya şöhrətli astronom alim Mirzə Uluğbəyin türbəsini-qəbrlərini ziyarət edərkən bəzi detallar hələ də heyrətimdə donub qalıb. Öncəliklə, məqbərədəki  bələdçi qız bizim haradan gəldiyimizi bilmədən ziyarətçilərə şərhlər verirdi: “Bu, Əmir Teymur dövrünün xəritəsidir. Əmir hər il yayda indiki Azərbaycan ərazisi olan bu ərazidə – Dağlıq Qarabağda istirahət edərdi”. Bir anlıq Dağlıq Qarabağda qılıncların şaqqıltısını, düşmənin pərən-pərənini duydum.
İkinci heyrətləndirici hadisə nə idi? Dünyaya hegemonluq etmək qüdrəti olan Şah Teymur özünü müəlliminin – ona dərs verən ustadının ayaqucunda dəfn olunması vəsiyyət edib. Sağ tərəfində isə öz qəbrindən bir boy hündürdə dövrünün Ünlü alimini dəfn etdirib. Həmən qəbrin baş ucuna çox -çox hündür bir ağacı dirək kimi bənd etdirib və yuxarısına diqqət çəkən – çıraq kimi bir şey asıblar. Vəsiyyətində deyib ki, qoy məqbərəni ziyarət edən hər kəs bilsin ki, bu uca yerdə dəfn olunan alimdir. Baş tərəfinə ustadını – müəllimini, uca səmtinə alimini dəfn etdirən Şahlar Şahı Teymur ziyalısına verdiyi dəyəri, qiyməti, hörməti, məhəbbətini belə izhar edib. Bu, həm də tarixə dərsdir, əxlaq dərsi.
Bəli, zamanında Hüseyn Cavidi Şah Teymura qarşı məhəbbətləndirən duyğulardan bir nüans da məhz bir çox belə ştrixlər olmuşdur.
Özbək ədəbiyyatşünasları “Topal Teymur” dramının xalqlarımızın müştərək tarixinin önəmli bir səhifəsi olduğunu həmişə vurğulayırlar. 5 pərdədən ibarət olan bu əsərin əsas qayəsi nədən ibarətdir: real tarixi hadisələr əsasında qələmə alınmış və hadisələrin mərkəzində real tarixi şəxsiyyətlərin obrazları qarşılaşdırılır. Müəllifin əsas amacı türk dünyası arasındakı parçalanmanın səbəbləri və məqsədlərini açıqlamaqdır. Məğlubedilməz Teymurləng türk dünyasını, Türk qövmlərini bir bayraq altında birləşdirmək idealında olur, qüdrətli Türk Dövləti yaratmaq istəyir. Lakin Osmanlı sultanı Yıldırım Bəyazid və onun tərəfini saxlayan qüvvələr Teymurun bu arzusunun həyata keçməsinə imkan vermirlər. İki Ünlü sərkərdə arasında müharibə baş verir. Teymurləng Osmanlı sultanına qalib gəlir. Yıldırım Bəyazidin məğlub atmacasını Teymurləng acı gülüşlə qarşılayır: “Heç maraq etmə, Xaqanım. Sən kor bir abdal, mən də dəli bir topal. Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə…  sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı” – ünlü cavabını verir.
“Topal Teymur” əsərini yazan müəllifin taleyini bir anlıq vərəqləyək: Stalin repressiyasına tuş gələrək 1937-ci ilin  iyun ayının 4-də  həbs edilərək vətənindən, ailəsindən çox-çox uzaqlarda bumbuz Sibirin ən ucqar yerlərindən birində – İrkutsk vilayətinin Tayşet  rayonunun Şevçenko kəndinə sürgün edildi. Beş il Sibirin şaxtasına, Sibir zülmlərinə dözüb, sonra qərib eldə dünyasını dəyişib. Zəngin ədəbi irs yiyəsi, bəşəri fəlsəfi düşüncəli bir insanın ruhu o an Azərbaycana dönüb, cəsədi isə səssiz-səmirsiz, yiyəsiz-sahibsiz, qibləsiz bir məzarda – bumbuz Sibir torpağında basdırılıb.
Nə yaxşı ki, insaflı insanlar olub – o qəbrə, yiyəsiz qəbrlərə nömrə qoyub dəftərlərə yazıblar. Elə o izlə də Hüseyn Cavidin qəbri tapıldı. Cənazəsi Şərqdə toxunmuş ağ kətana bükülüb torpağına –  Azərbaycana gətirildi. Ani düşüncəyə dalsaq, bu işin nəhəngliyini, bu işin ilahi savablığını, bu işin başında Heydər Əliyev şəxsiyyətinin qüdrətini, cəsarətini, vətənpərvərliyini, vətəndaşlığını duyarıq, görərik. Hüseyn Cavid əsrlər ötürəcək qədər ömür yaşayan əzəmətli bir torpağa – ana torpağında, doğulduğu Naxçıvanda ailəsinin – Müşkinazının, Ərtoğrulunun yanında dəfn olundu. Ölümündən düz qırx il sonra şair bütünlüklə öz cənnət yuvasına qovuşdu. El misalı var: deyərlər ki, yaxşılıq, xeyirxahlıq itməz. Allah onu heç vaxt unutmaz, əvəzini birə min verər. Hüseyn Cavid haqqına edilən yaxşılıqlar da belecə itməz.
Bu hadisə əfsanədir, Hüseyn Cavid haqqında ən böyük Dastandır, ölməz Elegiyadır. Elə bu məqamda Hüseyn Cavid  ömürlüyünü – ədəbi sənət ömürlüyünü vərəqləsək, ona olan dünya dolu məhəbbətin səbəblərini bir daha xatırlayarıq.
Hüseyn Cavid həbs edilən zaman Daşkənddə də İstanbul təhsilli özbək ədəbiyyatının azmanları Əbdürrauf Fitrət, Əbdülhəmid Çolpan, Abdulla Qədiri, daha kimlər, kimlər, kimlər həbs olunaraq yerindəcə güllələndi. Hətta onları Daşkənddə bir quyuya dolduraraq min əzabla torpaqladılar və o məzar-quyunu cinlər-şeytanlar məskəni adlandıraraq həmin həndəvərə heç kəsi buraxmadılar, şəhərin tullantıları oraya qalaqlandı, sonrakı nəsildə o əraziyə qarşı gerçek bir xof yaratdılar. Lakin müstəqillik illərindən sonra həmin ərazi tarixi təbiət muzeyinə, güllük-gülüstanlığa çevrildi. İndi dünyanın hər yerindən gələn qonaqları özbəklər ilk olaraq o cənnət məkana – 37-ci il Şəhidlərinin Xiyabanlığına aparırlar, o faciənin gerçek üzünü əfsanə kimi danışırlar. Bəli, haqq nazilər, amma üzülməz.
Onlar Stalin rejiminin məhvindən sonra bəraət alsalar da, yenə də əsərlərinin təbliği qadağalı idi. Bu üzdən Fitrət, Çolpan, Qədiri … yaradıcılığı kimi, Cavid ədəbi irsi də ta müstəqillik illərinəcən Özbəkistanda ədəbiyyat, ədəbiyyatşünaslıq mövzusu olaraq öyrənilmədi, tədqiq edilmədi.
Dahi dramaturqun “Topal Teymur” pyesini 1992-ci ildə özbək dilinə çevirən istedadlı özbək şairi Osman Qoşqar (Usmon Kuçkor) həmin əsəri 1998-ci ildə “Əmir Teymur”  adı ilə “Jahon adabiyeti” (“Dünya ədəbiyyatı”) ədəbi-bədii, ictimai – publisistik jurnalında dərc etdirib (özbək dilində). Həmin illərdə Daşkəndin mərkəzində Əmir Teymurun Şah taxtı üstündə əzəmətli heykəli ucaldılmışdır, ümumiyyətlə, bu istiqamətdə dövlət səviyyəsində bir sıra işlər görülmüşdür. Ötən əsrin əvvəllərindən Özbəkistanda çox Ünlü olan “Topal Teymur” əsərinin tərcümə edilməsi də bu sıradan sayıla bilər.
Qeyd etmək yerinə düşər ki, Osman Qoşqar (Usmon Kuçkor) dramaturqun 130 illiyi günləri çərçivəsində “Şeyx Sənan” və “Səyavuş” əsərlərini də özbək dilinə çevirmişdir. “Hüseyn Cavid – 130” yubileyi ərəfəsində Azərbaycanın Özbəkistandakı səlahiyyətli nümayəndəsi, böyük vətəndaş Namiq Abbasov dəfələrlə “Hüseyn Cavid” gecələri təşkil etdi, dramaturqun əsərlərini özbək dilinə tərcümə olunmasında vasitəçi və ya təşkilatçı oldu. Özbək səhnəsində onun “Topal Teymur” əsərinin yenu quruluşda oynanılması uçun xeyli işlər gördü, elmi-praktiki konfranslar keçirilməsinə rəhbərlik etdi və s. və s.
Ünlü özbək xalq şairi Osman Əzim bu ədəbi hadisəyə münasibətini bildirərək yazır ki, ən qədim bitiklərdən tutmuş Nəvai və Füzuli, Nəsimi və Məşrəb, Babur və Xətai, Abdulla Qədiri və Hüseyn Cavid, Qafur Qulam və Səməd Vurğundan üzü bəri müntəzəm davam edən ənənələrin əbədi olacağı şəksizdir.
Hüseyn Cavid romantikası, fəlsəfəsi, dünyagörüşünü, idrakı, məntiqi, ali insanı duyğuları, düşüncələri imkan yaradıb ki, özünə əbədi ömürlük qazansın. Cavid zirvədir, əlçatmaz zirvə. O, min illərin şairidir, dramaturqudur, filosofudur.

Cavidin misralarıdır:

Verdim o gün ki, zülfi-pərişanə könlümü,

Saldı nigar o zülfdə zindanə könlümü.
Yalvardım əczinən ona, bəlkə xilas edə,
Zənciri-zülfə bağladı divanə könlümü.
Hər qədr uydum ol büti-tərsa cəmalinə,
Yandırdı şəmi-hüsnə çü pərvanə könlümü.
Gülzari-hüsnə Yusifi-dil çıxdı seyr edə,
Saldı o yar çahi-zənəxdanə könlümü.
Bəzmi-vüsalə həsrəti-ümmidvar idim,
Saldı bəlayi-firqətə məstanə könlümü.
Gülçin binəva idim, oldum müridi-şeyx,
Yandırmışam mən atəşi-hicranə könlümü.

Ədəbi  əlaqələrinin və təsirinin güclənməsi, bir tərəfdən dövrlər və simaların mövqeyi və qüdrəti ilə bağlı baş vermişsə, başqa tərəfdən müəyyən dövrlərdə yeni ədəbi növlər, yeni janrlar və yeni təmayüllərin mühitlərdən birində aparıcı qüvvəyə çevrilməsi ilə bağlıdır. Məsələn, Azərbaycan teatrı və dramaturgiyasının özbək ədəbiyatına təsiri də məhz bu təmayülün nəticəsidir. Və bu tarixi vərəqləyəndə Hüseyn Cavidin adı ön səhifəyə həkk olunduğu görünür.

ƏDƏBİYYAT:

История узбекской советской литературы в 5 томах (1917-1985). Tom 3. (1957-1975)- Ташкент, Фан, 1988, 273 стр.
Mahmudəliyev Turqunəli. H.H.Niyazi və Azərbaycan mədəniyyəti- «Ədəbiyyat və incəsənət»,  9 oktyabr 1987.
Kamil Yaşen. Ədəbi dostluq və əməkdaşlığın səmərəsi. -“Ədəbiyyat və İncəsənət”, 30 may 1980.
Короглы Х. Узбекская литература.– M., 1976.
Страницы Азербайджанско – узбекских литературных взаимосвязей (сборник). Баку, Елм, 1985, 276 стр.
Şarafaddinov Azad.  İjodni anqlaş baxti.-Taşkent, «Şark», 2004, 640 b.
Творческие связи узбекской литературы: ob Азербайджанско – узбек­ских литературных связях (стр.37-49). – Ташкент, Фан, 1983. 101 стр.
Türk dünyası (el kitabı).  III c.  Edebiyyat.  – Ankara,  1992.  800 s
Ülvi Almaz. Azərbaycan – özbək   dramaturgiya əlaqələri. //“Dirçəliş – XXİ əsr” (Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutu), 2007, oktyabr – noyabr, №6 (116-117), s. 409-418.
Ülvi  Almaz. Azərbaycan – özbək (cığatay)  ədəbi əlaqələri (dövrlər,  simalar,  janrlar,  təmayüllər) //Bakı, “Qartal” nəşriyyatı, 2008. 334 səh.
Xəlilov Pənah.  SSRİ xalqları ədəbiyyatı. II hissə – B. ,  Maarif,  1977, 360 s.

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.